Kənd təsərrüfatı məhsullarının ixracı nə yerdədir? – REAL RƏQƏMLƏR

Kənd təsərrüfatı məhsullarının ixracı nə yerdədir? – REAL RƏQƏMLƏR<span class="qirmizi"></span>

Azərbaycandan xaricə qeyri-neft məhsullarının ixracatında önəmli yeri kənd təsərrüfatı məhsulları tutur. Azərbaycan aqrar sahə məhsullarını əsasən MDB ölkələrinə, xüsusən də Rusiyaya ixrac edir. İxrac edilən kənd təsərrüfatı məhsulları arasında isə əsas yeri meyvə və tərəvəz tutur.

Bizim.Media-ya açıqlamasında aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmov ölkəmizdən xaricə kənd təsərrüfatı məhsullarının ixracının hansı vəziyyətdə olduğuna aydınlıq gətirib. O bildirib ki, son illər Azərbaycanın həmin sahə üzrə ixrac məhsulları fiziki çəki ifadəsində xeyli azalıb:


“Azərbaycandan xarici ölkələrə əsasən meyvə, faraş kartof, müəyyən qədər də tərəvəz çıxarılır. Bu il fiziki çəkidə meyvə-tərəvəz ixracı 3,6 faizə qədər azalıb. Dəyər ifadəsində isə 5 faiz artım qeydə alınıb. Fiziki çəkidə azalma əsasən də kartofla bağlıdır, 14 faizə qədər.

Dəyər ifadəsində də kartof ixracı 12 faiz aşağı düşüb. Pomidor ixracı fiziki şəkildə 4,5 faiz azalıb, dəyər ifadəsində isə 5,7 faiz artıb. 2020-ci ilin yanvar-oktyabr aylarına nisbətdə pomidor ixracımız fiziki çəkidə 45 min ton, yəni, 28,3 faiz, dəyər ifadəsində 35,8 milyon dollar, yəni, 20,7 faiz azalıb.

Meşə fındığı ixracında fiziki çəkidə 17 faiz, dəyər ifadəsində isə 7,6 faiz artım var. Alma ixracı cəmi 0,5 faiz yüksəlib, dəyər ifadəsində isə bu məhsul üzrə artım 20 faizdir. Xurma ixracımız fiziki çəkidə 21, dəyər ifadəsində isə 12 faiz aşağı düşüb. Nar ixracı fiziki çəkidə 35,6 faiz, dəyər ifadəsində isə 36 faiz açağı düşüb.

Bütün bunlar ondan xəbər verir ki, son 2-3 ildə kənd təsərrüfatı məhsulları üzrə ixracın ümumi həcmi xeyli azalıb. 2019-cu ilin on ayı ilə müqayisədə cari ilin anoloji dövründə fiziki çəkidə 15, dəyər ifadəsində isə 17 faizlik azalma müşahidə edilib”.

Ekspert qeyd edir ki, Azərbaycanın sözügedən sahə üzrə ixracatında hələ də Rusiya əhəmiyyətli paya malik olmaqda davam edir:

“Əsas bazar Rusiya olaraq qalır. Bütün ixracın təxminən 90 faizi bu ölkənin payına düşür. Tərəvəzin 90 faizi Rusiyaya daşınır. Az həcmdə Gürcüstan və Ukraynaya ixrac edilir. Kartof ixracının 82 faizi Rusiyaya yönləndirilir. Ukraynanın bu məhsulda payı 4, Belarusun payı isə 1.5 faizdir. Təzə meyvənin 85 faizi Rusiyaya, 10 faizi isə Ukraynaya göndərilir”.

Rüfət Sultan, Bizim.Media

Mənbə: bizim.media