Yerli çay niyə bahalaşır...

Yerli çay niyə bahalaşır...<span class="qirmizi"></span>

Natiq Cəfərli: “Dünyada çay bahalaşdıqca avtomatik olaraq Azərbaycanda da…”

Azərbaycanda ötən ay çayın qiyməti kəskin qalxıb və bahalaşan ərzaqlar içərisində çay lider olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, oktyabr ayında aylıq müqayisədə çayın qiyməti 6,4 faiz qalxıb. Həm yerli çayın, həm də xaricdən gətirilən çayın qiymətində bahalaşma müşahidə edilib.

Hesabata əsasən, oktyabrda 500 qram yerli çayın orta qiyməti sentyabr ilə müqayisədə 0.79 manat və ya 6.9% artaraq 12.17 manata çatıb. Həmçinin, yerli çayın oktyabrdakı orta qiyməti 2021-ci ilin oktyabr ayı ilə müqayisədə 1.19 manat və ya 10.8% çoxdur.

Komitənin təqdim etdiyi məlumata əsasən, idxal olunmuş qara və yaşıl çayın da qiymətində artım müşahidə olunub. Belə ki, idxal edilmiş çayın orta qiyməti 11.66 manatdır. Belə ki, 500 qram çayın orta qiyməti sentyabr ayı ilə müqayisədə 0.64 manat və ya 5.8%, ötən ilin oktyabr ayı ilə müqayisədə isə müqayisədə 1.16 manat 11.1% artıb.

Məlumat üçün bildirək ki, bu ilin 10 ayında Azərbaycana çay idxalı artıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ölkəyə 61 milyon 492 min dollar dəyərində 11 min 930 ton çay gətirilib. Bu da həcm baxımından 0,4 faiz, dəyər baxımından isə 19,1 faiz çoxdur.

Onu da bildirək ki, 2018-ci ildə "Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Məqsəd ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün çayçılığın inkişafını stimullaşdırmaqdır.

Qeyd etdiyimiz ki, qiymət artımı yerli və idxal olunan çaylarda müşahidə olunur. İdxal olunan çayın qiymətinin artması başadüşüləndir. Ancaq yerli çayın qiyməti niyə sürətlə artır?

“Çayçılıq ağır sahədir və illərə hesablanmış investisiyalar lazımdır, Azərbaycanda isə bu sahəyə maraq zəifdir”

İqtisadçı Natiq Cəfərli bildirdi ki, ölkəmizdə yerli çay istehsalı azdır: "Mağazalarda yerli markalar adı altında satılan çayların əksəriyyəti xaricdən gətirilərək burada qablaşdırılır. Satılan çayların 90 faizə yaxını xaricdən gətirilib burada qablaşdırılan çaylardır. Ölkədə qablaşdırıldıqdan sonra yerli çaylar adı altında bazara çıxarılır. Son zamanlar logistikanın bahalaşması, hava şəraiti ilə əlaqədar Şri-Lankada, Hindistanın bəzi yerlərində məhsuldarlığın azalması qiymətlərə təsir göstərir”.

Iqtisadçı onu da əlavə etdi ki, dünyada çay bahalaşdıqca avtomatik olaraq Azərbaycanda da bahalaşır. Cənub bölgəsində indiki istehsal həcmindən 2-3 dəfə artıq çay yığılması mümkündür: "Lakin çayçılıq ağır sahədir və illərə hesablanmış investisiyalar lazımdır. Bir çay kolunun əkilib-becərilməsi, məhsul verməsi 6 ilə başa gəlir. Azərbaycanda isə uzunmüddətli biznes layihələrinə maraq yoxdur. Əgər bankdan kredit götürüb çay kolu əksəniz 6 ilin sonuna götürdüyünüz məbləğin iki qatını faizlər şəklində ödəməli olacaqsınız. Bu da heç kəsə sərf etmir. Belə şəraitdə də çay kollarının sayı azalır”.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com