Beynəlxalq hesabat: BƏƏ bərpa olunan enerji sahəsində liderdir

 

Qahirə, 25 noyabr, AZƏRTAC

Dünyanın ən böyük enerji ticarəti assosiasiyalarından biri olan Enerji Sənayeləri Şurası (EIC) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) enerji sənayesinin vəziyyəti ilə bağlı hesabat dərc edib.

AZƏRTAC WAM agentliyinə istinadla xəbər verir ki, sözügedən hesabatda ölkənin enerji kompleksinin vəziyyəti təhlil edilib və BƏƏ-nin bərpa olunan enerji sahəsində qlobal lider mövqe tutduğu qeyd olunub. EIC-nin Yaxın Şərq, Afrika, Rusiya üzrə regional direktoru Rayan Mak Ferson jurnalistlərə müsahibəsində bildirib ki, BƏƏ dünyanın hər yerindən, o cümlədən MDB-dən olan bizneslər üçün böyük enerji layihələri təklif edir və həqiqətən də sənaye tarixində günəş enerjisi layihələri üçün ən aşağı təklifləri cəlb edib. Onun sözlərinə görə, ənənəvi enerji istehsalçısı kimi lider mövqeyini qoruyub saxlayan Əbu-Dabi, eyni zamanda, öz resurslarının əhəmiyyətli hissəsini təmiz enerji istehsalına yönəldir və gələcək naminə çox mütərəqqi planlar qurur.

Hesabatda BƏƏ-nin hidrogen iqtisadiyyatı sahəsində tərəqqisi vurğulanır və bildirilir ki, 2022-ci ilin oktyabrına olan məlumata görə, Əbu-Dabidə təxminən 1,66 milyard ABŞ dolları həcmində ümumi kapital xərcləri olan altı layihə hazırlanıb. "BƏƏ əsas oyunçuya çevrilə və 2030-cu ilə qədər qlobal aşağı karbonlu hidrogen bazarında istehsalın 25 faizini təmin edə bilər", - deyə hesabatda vurğulanıb.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan basketbolunda daha bir ilk

SONRAKI XƏBƏR

Bələdiyyə sədri iş yerində öldürüldü