Mərakeşin avtomobil sənayesi ixrac üzrə yeni rekord müəyyən edib

Mərakeşin avtomobil sənayesi sektoru bu il avtomobillərin ixracı üzrə yeni rekord müəyyən edib.

AZƏRTAC xəbər verir ki, Mərakeşin sənaye və ticarət naziri Riad Mezzurun sözlərinə görə, 2022-ci ilin sonuna qədər əmtəə dövriyyəsinin 9,4 milyard dollardan çox olması təmin ediləcək.

Nazir bildirib ki, milli avtomobil sənayesi strategiyasının əsas hədəfi 2025-ci ildə istehsal edilən avtomobillərin sayını indiki 700 mindən 1 milyona çatdırmaqdır. Avtomobil istehsalı üzrə ixtisaslaşan “Stellantis” İtaliya-Amerika transmilli korporasiyası “Peugeot” zavodunda daha 250 min avtomobil istehsal olunmasını təmin etmək üzərində işləyir.

Riad Mezzur qeyd edib ki, avtomobil ehtiyat hissələrinin 64 faizi Mərakeşdə istehsal edilir. Cari ilin sonunda bu göstərici 69 faiz olacaq.

Krallıq beynəlxalq səviyyədə avtomobil sənayesi sahəsində ən rəqabətədavamlı platformalardan birinə çevrilməyə çalışır. Bu strategiyanın əsas hədəflərindən biri karbon tullantılarını neytrallaşdırmaqdır.

Nazir bildirib ki, hazırda Mərakeş hökuməti bu ölkədəki bütün avtomobil istehsalçılarının təmiz elektrik enerjisini indikindən 30 faiz aşağı qiymətə ala bilməsi üzərində işləyir.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Fərhad Əhmədovun şirkəti məhkəməyə verildi

SONRAKI XƏBƏR

Azərbaycanlı alim Əlcəzairdə keçirilən beynəlxalq konfransda çıxış edib