Türkiyənin təminatçısı olduğu “taxıl dəhlizi” qlobal aclığı önləyə biləcəkmi?

Türkiyənin təminatçısı olduğu “taxıl dəhlizi” qlobal aclığı önləyə biləcəkmi?<span class="qirmizi"></span>

Bu gün Sahara səhrasının cənubunda yerləşən Afrika ölkələrində əhalinin 12 %-i və ya 123 milyon insan kəskin ərzaq çatışmazlığı yaşayır. Buna bir tərəfdən Afrika qitəsindəki məhsuldarlığın aşağı olması digər tərəfdən isə Rusiya-Ukrayna müharibəsi səbəb olub. Ukrayna Afrika ölkələrini ərzaqla təmin edən əsas ölkələrdən biri olub. Lakin bu ilin fevralında Rusiyanın bu ölkəyə qarşı təcavüzündən sonra ölkənin bütün limanları bağlandı. Qara dəniz limanları, o cümlədən Odessa, Nikolayev və Mariupol limanları Rusiya hərbi gəmiləri tərəfindən bloklandı.

Nəzərə almaq lazımdır ki, Ukrayna ənənəvi olaraq aqrar məhsullarının 90 %-ni limanlar vasitəsilə xarici bazarlara çıxarırdı. Düzdü Ukrayna quru yolu ilə Avropa istiqamətində kənd təsərrüfatı məhsullarının, o cümlədən taxılın ixracını təmin etdi. Lakin həmin kanalların ötürücülük qabiliyyəti dəniz yolu ilə daşımalardan dəfələrlə aşağı idi. Bu isə qlobal ərzaq çatışmazlığı problemini dərinləşdirdi. Bu vəziyyət yay aylarına kimi davam etdi. Nəhayət iyulun 22-də Türkiyənin təminatçılığı, Birləşmiş Millətlər Təşkilatının iştirakı ilə Rusiya və Ukrayna arasında taxıl və digər ərzaq məhsullarının təhlükəsiz şəkildə limanlardan çıxarılması üçün dəniz dəhlizinin yaradılması haqqında anlaşma imzalandı.

Razılaşma 19 noyabra kimi güvvədə olmalı idi. Oktyabrın sonlarında Sevastopol buxtasındakı Rusiya gəmilərinin su üstü dronların hücumuna məruz qalmasından sonra Rusiya tərəfi anlaşmada iştirakını dayandırdığını bəyan etdi. Türkiyənin məsələyə müdaxiləsi nəticəsində Rusiya beş gün sonra anlaşmanın icrasını bərpa etdiyini bəyan etdi. Buna səbəb kimi Ukraynadan humanitar dəhlizdən və limanlardan Rusiyaya qarşı hücümlarda istifadə olunmayacağına dair yazılı təminat alınması göstərilsə də qarşı tərəf belə bir təminat vermədiyini bəyan etdi. İstənilən halda Rusiya nəinki anlaşmaya geri döndü hətta bu ayın 19-da onun daha 120 gün uzadılmasına imza atdı.

“Taxıl dəhlizi” haqqında anlaşma yeni təşəbbüslər üçün təməl oldu

Ötən dövr ərzində Ukraynanın Odessa, Çernomorsk və Cənub limanlarından əsasən buğda, qarğıdalı və rapsla dolu 501 gəmi çıxıb. Onların vasitəsilə Asiya, Avropa və Afrika ölkələrinə 12,2 milyon ton ərzaq ixrac edilib. Xaricə tədarük olunan taxılın ümumi həcminin təxminən yarısı Afrika və Asiya ölkələrinin payına düşüb. Oktyabrın sonuna kimi ərzaq böhranı yaşayan ölkələrə 2,6 milyon ton ərzaq məhsulları yollanılıb ki, bunun da 600 min tonu məhz aclıq həddində olan ölkələrin payına düşüb. Aclıqla bağlı məsələ tək ərzağın defisiti ilə kifayətlənmir. Qiymət faktoru da mühüm rol aynayır. Bir il ərzində Afrika qitəsində ərzaq qiymətləri 10 %-dən çox artıb və inflyasiya prosesləri davam etməkdədir. Yəni insanlar elementar olaraq ərzaq almaq üçün pul belə tapa bilmirlər.

Baş verənlər fonunda Ukraynanın başlatdığı “Grain from Ukraine” (Ukraynadan taxıl) qlobal humanitar təşəbbüsü kifayət qədər əlamətdardır. Bu təşəbbüsə 22 ölkə qoşulub, 10-dan çox ölkə isə bunu etməyə hazırlaşır. Artıq 150 milyon ABŞ dollarına yaxın vəsait toplanılıb. Həmin pullar aclıqdan əziyyət çəkən Afrika və Asiya ölkələri üçün ərzağın alınmasına sərf olunacaq. Belə ki, proqram çərçivəsində gələn yazın sonuna kimi aclıq və quraqlıq təhlükəsi ilə üzləşən Efiopiya, Sudan, Cənubi Sudan, Somali, Yəmən, Konqo, Keniya və Nigeriyaya hər ay 10 gəmidən az olmamaqla ümumilikdə 60 gəmi vasitəsilə 1,8-2,4 milyon ton ərzağın göndəriləcəyi gözlənilir. Bu, ən azı 5 milyon insanın acından ölməməsini təmin edəcək. İlk gəmi “Nord Vind” Odessa limanından Efiopiyaya yollanıb. Gəmi bir ay ərzində 1,6 milyon insanın doyuracaq həcmdə (25 min ton) buğda aparır. Həmin buğdanın 14 milyon ABŞ dolları dəyərindəki nəqliyyat xərclərini proqramın iştirakçısı olan Almaniya öz üzərinə götürüb. Eyni zamanda Ukrayna təmannasız olaraq Efiopiya və Somaliyə 420 milyon qriven dəyərində 50 min ton buğda, Sudan, Yəmən, Keniya və Nigeriyaya 900 milyon qriven dəyərində 125 min ton buğda və qarğıdalı yollayacaq.

Azərbaycan buğda idxalında diversifikasiyaya nail ola bildi

Bu gün Azərbaycanın bütövlükdə buğda təminatında idxaldan asılılığı 40 %-ə yaxındır. Bu o deməkdir ki, ölkə buğdaya olan tələbatının yalnız 60 %-ni daxili imkanlar hesabına təmin edir. Ötən il ölkədə buğda istehsalı 1 milyon 885 min ton olub. 2022-ci ildə 985,7 min hektar sahədə əkilmiş dənli və dənli paxlalı bitkilərin 547,2 min hektarını (55,5 %) buğda təşkil edib. Ötən illə müqayisədə bu il payızlıq və yazlıq buğdanın əkin sahəsi 4,4 % azalıb.

Azərbaycan ənənəvi olaraq buğdanı Rusiyadan alır. Ötən il Azərbaycanın idxal etdiyi buğdanın 95 %-i onun payına düşüb. Bu ilin ilk 9 ayı ərzində Azərbaycan xaricdən 743 min 237 ton buğda alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 % çoxdur. Ərzaqlıq buğdanın 78,3 %-i Rusiyanın, qalan hissəsi isə Qazaxıstanın payına düşüb. Bir il əvvəlki göstərici ilə müqayisədə Qazaxıstandan tədarükün həcmi 9 dəfəyə yaxın artıb.

Nəzərə alsaq ki, həm Qazaxıstanda həm də Rusiyada rekord həcmdə buğda yığılıb, o zaman Azərbaycanın ərzaqlıq buğda təminatında problemlərin ola biləcəyi istiisna olunur.

Mənbə: report.az