Moped sürənlər məsuliyyətdən yayına bilməyəcəklər

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna təklif edilən dəyişiklik nələri dəyişəcək?

Məsələ ilə bağlı Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Trend-ə bildirib ki, müasir mopedlərin həcmi çox olmasa da, sürətləri 50 km/saatdan artıqdır.

"Belə olan halda, bu nəqliyyat vasitələrinin uçota alınmasına ehtiyac duyulur. Dünyada daşınma xidmətləri şaxələnib. Mopedlərlə, skuterlərlə daşınmalar həyata keçirilir", - E.Cəfərov deyib.

Ekspert qeyd edib ki, bu nəqliyyat vasitələri çox istifadə olunduğundan qəzaların da sayı artır.

"Qəza zamanı mopedlərin dövlət nömrə nişanı olmadığından istintaqın aparılması, dəyən zərərin ödənilməsini həyata keçirmək çətin olur. Xüsusən də yol patrul xidməti əməkdaşları və sığorta şirkətləri əziyyət çəkir. Sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsindən sonra mopedin sürücüsünü tapmaq daha asan olacaq. Beləcə, məsuliyyətdən yayınmaq mümükün olmayacaq. Dünyanın bir çox ölkəsində hələ də mopedlərin dövlət qeydiyyat nişanı və sürücülük vəsiqəsi tələb olunmur. Azərbaycanda isə mopedlərin uçotu zəruridir",- deyə o, qeyd edib.

Xatırladaq ki, təklif edilən dəyişikliyə əsasən, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyat nişanı ilə təmin edilməsi tələbinin müəyyənləşdirilməsi təklif edilir.

Eyni zamanda, təqdim edilən digər dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi də nəzərdə tutulur.

Qanuna dəyişiklik Milli Məclisin noyabrın 29-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Portuqaliyalı baş məşqçi Qətərdəki dünya çempionatının tarixinə düşüb

SONRAKI XƏBƏR

Kiyevlə bağlı daha bir plan açıqlandı