Naxçıvandakı proseslərdə HƏDƏF: “Atılan addımların bəziləri post-Zəngəzur dövrünə hesablanıb” - RƏY + FOTO

Naxçıvandakı proseslərdə HƏDƏF: “Atılan addımların bəziləri post-Zəngəzur dövrünə hesablanıb” - RƏY + FOTO<span class="qirmizi"></span>

Son illər ölkədə aktiv şəkildə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamını bu gün Naxçıvanda müşahidə edirik. Dövlət gəlirlərinin mənimsənilməsi səbəbilə artıq bir neçə yüksəkvəzifəli məmur saxlanılıb. Uzun illərdir blokada vəziyyətində saxlanılan muxtar respublikada ciddi struktur dəyişikliklərinə gedilir.

Bu fonda yaxın dövrdə Naxçıvanın muxtar respublika statusunun ləğv ediləcəyinə dair fikirlər də irəli sürülür. Belə bir addım atılacağı təqdirdə isə Azərbaycan iqtisadiyyatında ciddi inkişafın qeydə alınacağı ehtimal edilir. Çünki Naxçıvanın iqtisadi potensialının yüksək səviyyədə olması heç kəsə sirr deyil. Hətta qeyri-neft sektorunun ən sürətli inkişaf etdiyi bölgəmiz məhz Naxçıvandır. Belə ki, burada mütəmadi olaraq yeni fabrik-zavodlar tikilir, müəssisələr açılır. Yüngül və ağır sənayenin inkişafına xüsusi diqqət göstərilir. Naxçıvanda kimya, maşınqayırma, mədənçıxarma, mebel və yeyinti sənayesi üzrə istehsal sahələri yaradılıb. 2020-ci ilin statistik göstəricilərinə əsasən, muxtar respublikada 350 növ məhsula olan tələbatı yerli istehsal ödəyir. Bunlardan yola çıxaraq güman olunur ki, muxtar respublika statusu ləğv olunarsa və Naxçıvanla quru əlaqələri bərpa edilərsə, inteqrasiya prosesi sürətlənə, eləcə də digər ərazilərdə də qeyri-neft sektorunda ciddi irəliləyiş müşahidə oluna bilər.

Mövzu barədə Oxu.Az-a danışan iqtisadiyyat üzrə fəlsəfə doktoru İlqar Vəlizadə ilk olaraq Naxçıvanın Azərbaycanın bölünməz bir hissəsi, dilbər guşəsi olmasına diqqət çəkib:

“Naxçıvanın iqtisadiyyatı Azərbaycanla sıx əlaqəli olmaya bilməz. Naxçıvanın çox zəngin təbii sərvəti, əlverişli coğrafi mövqeyi var. Əlbəttə ki, bu təkcə naxçıvanlılar üçün yox, bütün azərbaycanlılar üçün vacibdir və Azərbaycan dövlət olaraq bundan yararlanmalıdır və yararlanır. Son vaxtlar dərc olunan bəzi yazılar az qala belə bir təsəvvür yaradır ki, Naxçıvan Azərbaycandan ayrı bir məkandır. Axı bu belə deyil.

Bakıdan Naxçıvana kifayət qədər dəstək göstərilir. Naxçıvan sıx tellərlə Azərbaycan iqtisadiyyatına bağlı olan bir məkandır. Sadəcə, digər yerlərdə olduğu kimi, təəssüf ki, orada da bəzi neqativ hallar aşkar olunur. Bu isə ondan irəli gəlir ki, bəzi yerli məmurlar öz səlahiyyətlərindən düzgün istifadə etməyərək çərçivələri aşırlar. Bu hal mövcuddur, indi istintaq gedir, müxtəlif faktlar aşkar olunur və ölçülər götürülür. İstintaqı qabaqlamaq istəmirəm. Digər tərəfdən, iş orasındadır ki, Naxçıvan uzun illər blokadada yaşayan bir diyar olub. Ona görə də burada obyektiv və subyektiv səbəblərdən bəzən ölkənin əsas hissəsindən kənar olan proseslər baş verməyə başlayıb”.

Ekspert obyektiv səbəb kimi Naxçıvanın blokadada olmasından ətraflı söz açıb:

“Müstəqilliyimizin ilk onilliyində burada enerji və digər vacib fəaliyyətlərlə bağlı xüsusi rejim tərtib olunmuşdu. Çünki öz resursları kifayət etmirdi. Enerjidaşıyıcıları İran və ya Türkiyə vasitəsilə gətirilirdi. Ancaq İranla münasibətlərimiz ara-sıra gərginləşirdi. O isə müəyyən dərəcədə Naxçıvana təsir göstərə bilərdi. Bunların hamısı nəzərə alınaraq bəzi məsələlərə məcburi dözümlülük göstərilirdi.

Vətən müharibəsindən sonra isə regionda geoiqtisadi mənzərə dəyişməyə başladı, ona görə də Naxçıvan artıq köhnə rejimlə yaşaya bilməz. Azərbaycanla Naxçıvanı birləşdirən yol-nəqliyyat infrastrukturunun qurulması, Zəngəzur dəhlizinin açılması, Naxçıvan vasitəsilə Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsi əsas məqsədlərdəndir. Bütün bu amillər isə məkan daxilində gedən proseslərə təsir edir”.

Həmsöhbətimiz qeyd edib ki, artıq müşahidə edilən neqativ hallarla bağlı alqoritm əsasında müəyyən işlər aparılır:

“Bir çoxları həmin proseslərə başqa don geyindirmək istəyirlər, amma bunun əleyhinəyəm, çünki absurd görüntülər yaradılır ki, guya Naxçıvanla Azərbaycan arasında ziddiyyət var. Yenə deyirəm, Naxçıvan Azərbaycanın tərkib hissəsidir. O səviyyədə proseslər mümkün deyil, əlavə dramatizm gətirmək düzgün deyil. Yeni tələblər qoyulur, siyasi və iqtisadi dinamika müşahidə olunur. Bunların əsasında Naxçıvanda da dəyişiklik, təbii transformasiya prosesi getməlidir və gedir. Kim bu proseslərin əleyhinə çıxış edirsə, onlara qarşı mübarizə aparılmalıdır. Hazırda biz bu mübarizənin necə aparıldığını görürük. Köhnə düşüncəli insanlar proseslərə maneə törədə bilməzlər, çünki iş qanun çərçivəsində aparılır. Düşünürəm ki, islahatlar davam edəcək. Çünki bu inzibati vahidin inkişafı bizim üçün vacibdir”.

İqtisad üzrə fəlsəfə doktoru Elçin Süleymanov isə hesab edir ki, Naxçıvanda gedən proses respublikada kölgə iqtisadiyyatının aradan qaldırılması, iqtisadi şəffaflığın artırılması, eyni zamanda bölgələrin öz-özünü idarə edəcək qədər iqtisadi potensiala çatdırılması məqsədi daşıyır:

“Son bir neçə ildə Azərbaycanın müxtəlif bölgələrində kölgə iqtisadiyyatının aradan qaldırılması və şəffaflıq üçün, məmurların qeyri-qanuni hərəkətləriylə bağlı ciddi addımlar atılıb. Bəzi icra başçıları həbs olunublar. Bunun anonsunu bir neçə il əvvəl Prezident İlham Əliyev Naxçıvan səfərində vermişdi. Naxçıvan uzun müddətdir ki, gəlirlərinin 70-80 faizini büdcəyə borcludur.

Orada daim tikinti, abadlıq işləri gedib. Naxçıvana diqqət həmişə yüksək səviyyədə olub. Çünki Naxçıvanın güclü olması Azərbaycan üçün önəm kəsb edir, blokada şəraitindədir və dövlət dəstəyi zəruridir. Bununla əlaqədar olaraq çox böyük investisiyalar yatırılıb. Məsələn, ölkədə avtomobil zavodu və ya süni mayalanma mərkəzi kimi iki iqtisadi struktur qurulursa, onlardan birinin mütləq Naxçıvanda olması arzu edilir. Eləcə də istər enerji təchizatıyla bağlı, istər digər infrastruktur layihələri ilə bağlı kifayət qədər ciddi dəstək verilir”.

Müsahibimiz vurğulayıb ki, digər bölgələrimiz kimi, Naxçıvanda da iqtisadi inkişaf və mərkəzdən iqtisadi asılılığın azalması arzu olunur:

“Düşünürəm ki, son günlərdə atılan addımlar buna hesablanıb. Naxçıvan həm Türkiyə, həm İranla kifayət qədər ticarət əlaqələri olan bölgədir. Mədən sənayesi, kənd təsərrüfatı, unikal coğrafiyası ilə turizm və digər sahələrdən effektiv istifadə edərək muxtar respublikanın büdcə gəlirlərini kifayət qədər artırmaq olar. 44 günlük Vətən müharibəsindən sonra gündəmdə olan Zəngəzur dəhlizinin açılmasının da bu istiqamətdə Naxçıvan iqtisadiyyatına çox böyük bir dəyər qatacağı şübhəsizdir. Elə buna görə də əslində, atılan addımların bir hissəsi də post-Zəngəzur dövrünə hesablanıb”.

İqtisadçı hesab edir ki, gömrük sistemindəki şəffaflıq, gömrük sisteminin mərkəzi sistemə bağlanması, ölkənin ixrac və idxal statistikasının tam obyektivliyi Zəngəzur koridoru açıldıqdan sonra daha da önəm kəsb edəcək:

“Artıq köhnə qaydalarla idarəetmə mümkün deyil. Gömrük statistikası da bunun bariz nümunəsi olmalıdır. Atılan addımlar Azərbaycan iqtisadiyyatına müsbət töhfə verəcək. Kölgə iqtisadiyyatı və qeydiyyatsız statistika nə qədər azalarsa, iqtisadi böyümə bir o qədər effektiv olar. Naxçıvan yaxın illərdə ümumdaxili məhsulu rahatlıqla 1-2 milyard manat olacaq iqtisadiyyata sahibdir. Effektiv idarəetmə ilə xərclərini öz gəlirləri hesabına qarşılayacaq gücdədir. Kənd təsərrüfatı, sənaye və turizm infrastrukturu bunu deməyə əsas verir”.

Sayad Həsənli

Mənbə: www.oxu.az