İranda istehsal 3 dəfə azaldı: ölkə talanır - Xatınoğlu

İranda istehsal 3 dəfə azaldı: ölkə talanır - Xatınoğlu<span class="qirmizi"></span>

Biz ümumdaxili istehsalı götürsək, İranda xidmət sektoru iqtisadiyyatın təxminən 52 faizini təşkil edir. Hazırda bazarın bağlanması, xidmət sektorundakı işçilərin öz işlərini dayandırması iqtisadiyyata dəyəcək böyük zərbə anlamına gəlir.

Bu sözləri Axar.az-a açıqlamasında enerji və iqtisadi məsələlər üzrə güneyli ekspert Dalğa Xatınoğlu İrandakı 3 günlük tətilin iqtisadi zərərləri haqda danışarkən deyib.

O bildirib ki, aksiyaların davam etdiyi 3 ay ərzində İranın milli valyutası da təxminən 17 faiz dəyər itirib:

“Milli pulun dəyər itirməsi əlbəttə ki, aksiyalardan öncə də var idi. İndiki dövrdə isə aksiyalar milli pulun dəyərdən düşməsi, inflyasiyanın, qiymətlərin artmasını daha da sürətləndirir. Bu isə özlüyündə yeni bir etiraz dalğasına zəmin yaradır. Biz son 10 ilə nəzər salsaq görərik ki, İran iqtisadiyyatını hakimiyyət özü məhv edib. Ölkənin ümumdaxili istehsalı təxminən 10 il bundan qabaq 650 milyard dollar idisə, hazırda bu rəqəm 200 milyard dollara düşüb. Milli valyutanın dəyərdən düşməsi isə əlbəttə ki, iqtisadiyyatı daha da kiçildir. Ölkə iqtisadiyyatının axırına çıxan həmin kəslər hələ də İranda mövcuddurlar. Həmin ləyaqətsizliklə, həmin qəddarlıq, xalqa sayğısızlıqla iqtisadiyyatı məhv etməyə davam edirlər”.

Ekspert onu da vurğulayıb ki, iqtisadi vəziyyətin düzəlmə ehtimalı olsa belə, bu, aksiyaların yatırılmasında rol oynamayacaq:

“Yeni gənc nəsil artıq bu doqmu, köhnə beyində olan insanları, ölkənin iqtisadiyyatını tar-mar edənləri və ideologiya ilə xalqın məişətini bərbad günə qoyanları qəbul eləmir. Yəni iqtisadi vəziyyət yaxşılaşsa belə, bu aksiyaların qarşısını almaq mümkün deyil. Artıq İran xalqı, həmçinin bizim öz türk soydaşlarımız orada azadlıq tələb edirlər, bu nalayiq insanlardan qurtulmaq istəyirlər”.

Mənbə: axar.az