“Rusiya neftinə maksimum 60 dollar” rejimi 3 gündə nələri göstərdi…

“Rusiya neftinə maksimum 60 dollar” rejimi 3 gündə nələri göstərdi…<span class="qirmizi"></span>

Elçin Qurbanov: “Yaranmış vəziyyətdən çıxmaq üçün neft hasilatını aşağı salmalı olacaq”

Yeddilər qrupu (G7) ölkələri və Avstraliya dənizlə daşınan Rusiya mənşəli neftin barreli üçün maksimum 60 dollar səviyyəsində qiymət həddinin tətbiqinə dair razılığa gəliblər.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin cümə günü yaydığı birgə bəyanatda deyilir.

Bəyanatda qeyd edilir ki, Rusiya neftinin qiymətinə məhdudiyyət dekabrın 5-i qüvvəyə minib. Qiymət həddi siyasətinin tətbiqi qaydalarının daha ətraflı detalları yaxın vaxtlarda iştirakçı ölkələr tərəfindən dərc olunacaq. Məhdudiyyətlərdən mümkün yankeçmə və yayınma hallarının qarşısını almağa yönələn zəruri tədbirlər lazımi qaydada öyrəniləcək.

Sazişin iştirakçısı olan ölkələr “qiymət tavanının effektivliyini və təsirini diqqətlə izləmək” niyyətində olduqlarını bildiriblər. “Biz lazım gəldiyi təqdirdə maksimum qiyməti nəzərdən keçirməyə və düzəliş etməyə hazır olacağıq”, - deyə bəyanatda vurğulanır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib ki, ölkəsi neftin qiymətinə qoyulan həddi qəbul etməyəcək.

Peskov ölkəsinin bu qərarla razı olmadığını və vəziyyətlə bağlı təcili təhlil aparıldıqdan sonra qərar veriləcəyini bildirib. Hökumət sədrinin müavini Aleksey Novak da qeyd edib ki, Rusiya qiymət həddi müəyyən etmiş ölkələrə neft ixrac etməyəcək.

Rusiya nefti ilə bağlı qəbul edilən bu qərar hansı effekti verdi və prosesin perspektivi necə olacaq?

İqtisadçı ekspert Elçin Qurbanov “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirdi ki, Rusiyanın neft markaları müxtəlif olduğu kimi, onların qiymətləri də tam fərqlidir: “Onların tərkibinə görə qiymətləri də kəskin dəyişir. Məsələn, “Uraz” markalı neft onsuz da barreli 51-52 dollara satılır. “Brent”in qiyməti barrelə görə 79,46 ilə 83 dollar arasında dəyişir. Digər markaların qiyməti 70 dollardan yuxarıdır. Ümumilikdə Rusiyanın kontraktları barədə ətraflı məlumat yoxdur. Çünki həmin sövdələşmə alıcı ilə satıcı arasında olur və çox vaxt konfidensial saxlanılır. Belə sövdələşmələr varsa, tərəflər qiymətlə bağlı öhdəlikləri məcburən əvvəlki qaydada müəyyən edəcəklər. Ola bilər ki, razılaşmış qiymət bundan sonrakı bir il müddətində davam etsin. Bunu pozmaq məhkəmə predmeti üçün əsas verə bilər. Bunun siyasi və iqtisadi tərəfləri ilə bağlı məsələ aydındır. Bu addımlar Ukrayna məsələsinə görə atılır. ABŞ və Qərbin növbəti sanksiya paketinə aiddir. Əsas neft markalarında qiymət 20-25 dollar aşağı müəyyən edilibsə, bu, Rusiyanın maliyyəsinə ciddi təsir edəcək. Çünki Rusiya neftdən çox asılı ölkədir. Rusiyanı başa salırlar ki, onun diqtə etdiyi qiymət keçərli deyil. Bunu bir siyasi təzyiq metodu kimi dəyərləndirə bilərik. Rusiya bunun doğuracağı mənfi təsiri mütləq mənada özünün maliyyə sektorunda görəcək. Bu yeni addım deyil. Rusiya belə sanksiyalarla çox üzləşib. 3 gün ərzində bunun doğurduğu nəticədən danışmaq tez olar. Bu o anlama gəlmir ki, Rusiya neftini sata bilməyəcək. Sadəcə, yaranmış vəziyyətdən çıxmaq üçün neft hasilatını aşağı salmalı olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com