Ermənistanda iqtisadi bum adı altında UĞURSUZLUQLAR - TƏHLİL

Sənayesinin modernləşdirilməsi prosesinə təkan vermək üçün ümidsiz cəhdlər etməsinə baxmayaraq, Ermənistanda vəziyyət müsbətə doğru dəyişmir və buna ermənilərin özlərinin də ümidləri yoxdur. İqtisadi statistik göstəricilərdə şişirdilmiş artım göstərilsə də, reallıq başqadır. Hətta Ermənistan hökumətinin xarici şirkətləri azad iqtisadi zonalara (AİZ) cəlb etməklə bundan faydalanmaq cəhdləri belə uğurlu olmayıb. Müəssisələrin modernləşdirilməsi üçün nəzərdə tutulan dövlət güzəştli kreditləri belə müxtəlif istiqamətlər üzrə silinir və bu zaman hansısa nəticələrə ümid etmək, yaxşı halda, sadəlövhlükdür.

İki il bundan öncə, 2020-ci ildə ölkəsinin rüsvayçı məğlubiyyətinə imza atan, kapitulyasiya sənədini imzalayan Nikol Paşinyan Ermənistanda iqtisadi islahatlar aparmaq arzusuna düşsə də, məhz bu müddət ərzində istəyinə nail ola bilmədi. Təbii ki, erməni baş nazirin arzusu, niyyəti hasil ola bilməzdi, çünki bunun üçün ölkəsində müvafiq şərait yoxdur. İşğalçılıq siyasəti yürütməsinə görə, son 30 il ərzində Ermənistan regionun iqtisadi və infrastruktur məkanına inteqrasiya edə bilməməsi əslində, gözlənilən idi. İşğalçı ölkə olan Ermənistanın regional əmək bölgüsü sisteminə cəlb edilməməsi, nəqliyyat qovşaqlarına və eləcə də münasib enerji mənbələrinə çıxışın olmaması, uzun onilliklər ərzində ucuz xammal və komponentlərə çıxışın çətinləşməsi bu ölkə üçün nikbin proqnozlar söyləməyə belə imkan vermir. Nəticə, daha dəqiq desək, rentabelliyin azalması, geriləmə bütün sahələrdə, xüsusilə Ermənistan iqtisadiyyatında özünü göstərir.

Ermənistan hökuməti hər zaman və hər sahədə olduğu kimi, iqtisadiyyatının inkişafı barədə də həqiqətə uyğun olmayan xəbərlər yaymaqdadır və guya onların etdikləri köklü dəyişikliklər sayəsində ölkə iqtisadiyyatında müsbət statistik göstəricilər ortaya çıxıb. Reallıq isə bütün bunların əksini göstərməkdədir. Əvvəla, işğalçı ölkə hakimiyyəti heç bir dəyişiklik etməyib, nəinki köklü və ya köksüz. Digər tərəfdən də, bu işğalçı ölkədə problemlər nə aradan qaldırılmayıb, nə də bunların həllinin hansısa variantı belə düşünülməyib. O baxımdan, Ermənistan iqtisadiyyatına uydurma statistik göstəricilər heç cür kömək edə bilməz. Nə uydurma, şişirdilmə rəqəmlər təqdim edilsə belə bunun reallıqla heç bir əlaqəsinin olmadığı dərhal ortaya çıxır. Rəsmi statistikaya görə, guya bu ilin üç rübündə Ermənistanda iqtisadi fəallığın artımı eydə alınıb, ixrac və idxalın artımı illik 4,4%-dən 14,1%-ə yüksəlib. Amma bu göstərici heç bir həqiqətə uyğun görünmür, çünki bunun üçün hansısa şərait və ya imkan işğalçı ölkədə yoxdur və bunların yalan məlumatlar, həqiqətdən çox-çox uzaq olan göstəricilər olduğunu ən sadə erməni belə başa düşür. Ona görə ki, bu il Ermənistan iqtisadiyyatında keyfiyyət dəyişikliyindən xəbər verən əsaslı dəyişikliklər müşahidə olunmayıb.

İşğalçı ölkədə maliyyə hesabatı apararkən hansısa göstərici nəzərə dəyibsə, bu, heç də iqtisadi fəallıq anlamına gəlmir və müəyyən xarici amillərin təsiri burada nəzərə alınmalıdır. Belə təsirlərə, Avropa İttifaqından donor yardımının artması, sanksiyalar altında olan Rusiyadan turistlərin və köçürmələrin əhəmiyyətli axını, habelə Rusiya Federasiyası ilə ticarət əməliyyatlarının artması aid edilə bilər, hansıki bunlar işğalçı ölkədə iqtisadi fəallıq demək deyil. Yaxud, xarici məhsulların təkrar ixracı üçün Ermənistanın yükdaşıma bazasına çevrilməsi ilə bağlı kənd təsərrüfatı sənayesindən məhsulların tədarükünün artması da bəllidir və bu məsələdə də iqtisadi fəallıqdan danışmaq yersizdir. Qərbin tətbiq etdiyi sanksiyalardan yan keçməklə Rusiya Federasiyasına məhsul və avadanlıq daşımaq şansı əldə edən Ermənistanın ixracının 63,8% artmasının da nə səbəbdən olduğu hamıya bəllidir. Ermənistanın kənd təsərrüfatı sektorunun acınacaqlı vəziyyətini nəzərə aldıqda görürük ki, bu ölkənin Rusiya Federasiyasına ixracının dəfələrlə artırılması əlbəttə ki, inandırıcı deyil, çünki mümkünsüzdür. İrəvanın Moskva ilə ticarətdə beynəlxalq məhdudiyyətlər rejimini pozmasına ilk növbədə Fransanın, ələlxüsus da Avropa İttifaqı ölkələrinin razılığı şans yaradıb və bu da nəticəyə kifayət qədər təsir edə bilər, hansıki buna iqtisadi aktivlik demək olmaz, bu, yaxşı halda fürsətdən istifadə adlandırıla bilər.

Beynəlxalq donor yardımının artması hansısa göstəricilərdə öz əksini tapa bilər, amma bunun iqtisadi aktivlik sayəsində olmadığını hamı bilir. Ermənistanın keçmiş maliyyə naziri, dövlət maliyyəsinin idarə edilməsi üzrə beynəlxalq məsləhətçi Vardan Aramyan da bu barədə bildirib. “Uzun müddətdə ciddi transformasiyalar, investisiya fəallığının artması, ixracyönümlü sektorun artımı olmadan Ermənistan iqtisadiyyatı sabit inkişaf edə bilməyəcək və geosiyasi vəziyyət dəyişərsə, biz heç nə ilə qalma riskimiz var”, deyə Aramyan vurğulayıb. O, xüsusilə vurğulayıb ki, Ermənistanda hansısa statistik göstəricidə artım qeydə alınırsa, bu təqdim olunan statistika Ukrayna ətrafındakı vəziyyətlə bağlı müvəqqəti amillərlə bağlıdır.

Aramyan kimi düşünən, belə bir qənaətdə olan ermənilər bu mənada haqlıdırlar. Hətta bu barədə Ermənistana məxsus mətbuat səhifələrində də kifayət qədər yazılıb və hələ də yazılmaqdadır. Dəfələrlə qeyd olunur ki, bu ilin yanvar-sentyabr aylarında Ermənistanda ÜDM-nin strukturunda əsas payı xidmət sektoru, ticarət sektoru, daşınmaz əmlak sektoru, daha çox da turizm və ictimai iaşə təşkil edir. Məsələ burasındadır ki, 2022-ci ilin ilk 10 ayında Ermənistana gələnlərin, daha dəqiq desək, 1,4 milyon nəfərin 46 faizi Rusiya Federasiyasının vətəndaşlarıdır, hansıki onlar əsasən səfərbərlikdən gizlənən Rusiya vətəndaşları olub. Əcnəbilərin, hətta səfərbərlikdən gizlənən Rusiya vətəndaşlarının Ermənistana kütləvi axını daşınmaz əmlak və istehlak malları bazarına təsirsiz ötüşə bilməzdi və bunu da statistik göstəricilərdə şişirdərək göstərmək ağılsızlıqdır, çünki bunlar heç də iqtisadi aktivliyə dəlalət etmir.

Ən təsirli məqam Ermənistanda xarici börclanmanın günü-gündən sürətlə artmasıdır, hansıki bu, işğalçı ölkə iqtisadiyyatına kifayət qədər ziyan vurur. Ümumiyyətlə, rəsmi İrəvanın siyasəti sanki xarici borcları artırmaq siyasətidir. Diqqətə çatdırmaq yerinə düşərdi ki, Nikol Paşinyan hökuməti dövründə Ermənistanın dövlət borcu 45%-dən çox artıb və bu gün həmin rəqəm 9,97 milyard dolları ötüb. Ötən il, 2021-ci ildə Ermənistanın dövlət borcu 1,3 milyard dollar, 2022-ci ilin yanvar-iyul aylarında isə daha 748,36 milyon dollar artıb və bu börclanmanın sonrakı aylarda da davam etdiyi bəllidir. Belə getdiyi halda bu ilin sonuna qədər borclanmanın ötən ilki göstəricini də ötüb keçəcəyi şübhə doğura bilməz. Beləki, bu yaxınlarda Fransa İnkişaf Agentliyi və Asiya İnkişaf Bankı ilə müvafiq olaraq 100 milyon avro və 100 milyon dollarlıq kredit müqavilələri də imzalanıb. Hətta Beynəlxalq Valyuta Fondu (BVF) da Ermənistana 165,6 milyon dollar kredit ayırmağa hazırlaşır. Eyni zamanda Avropa İttifaqının ümumilikdə 2,6 milyard avroya çatan maliyyə yardımı tranşlarının ödənilməsi də davam edir. Bunlar onu göstərir ki, Ermənistanda xarici borclanma kosmik sürətlə artır və əgər iqtisadi aktivlik varsa, nəyə görə belə borclanmalar ortaya çıxır. Bəlli olur ki, heç bir iqtisadi aktivlik yoxdur və yenə də İrəvan, xüsusilə Paşinyan hökuməti hamını aldatmağa çalışır, özü də yalanın ayaq tutub yeriyəcəyinə inanan olmayacağını nəzərə almadan çalışır.

Məsələ burasındadır ki, xarici borclanmanın böyük hissəsi büdcə kəsirinin ödənilməsinə yönəldilir. Bir sözlə, borclar real iqtisadiyyatın maliyyələşdirilməsinə yönəldilmir və itisadi aktivliyə heç bir təsir göstərmir. Onsuz da Ermənistanın sənaye sektoruna xarici özəl sərmayələrin cəlb edilməsi perspektivləri yox dərəcəsindədir. Bunun bariz nümunəsi Ermənistan hökumətinin ölkədə müxtəlif tipli azad iqtisadi zonalar yaratmaq səylərinin demək olar ki, tamamilə iflasa uğramasıdır. Ermənistan Mərkəzi Bankının məlumatına görə, 2020-2021-ci illərdə anti-böhran proqramı çərçivəsində biznesə verilən güzəştli dövlət kreditlərinin təxminən 92,2%-i maaşların, kommunal xərclərin ödənilməsinə, xammalın alınmasına və vergi ödənişlərinə sərf edilib. Daha dəqiq desək, borc vəsaitləri praktiki olaraq yeni texnikanın alınmasına və ya istehsalın genişləndirilməsinə sərf olunmayıb. Belə olan halda, hansı iqtisadi aktivlikdən dəm vurmaq olar? Yaxud, iqtisadi aktivlik uydurmalarına inanan tapılarmı?

Hazırda işğalçı ölkədə hansısa investisiya perspektivləri belə görünmür. Məhz buna görə də investorlarının Ermənistana cəlb edilməsi üzrə uğursuz cəhdlər anlaşılandır. “Alliance” və “Meridian” olmaqla, on il əvvəl yaradılan iki Azad İqtisadi Zonada indiyədək mikro layihələrə cəmi 16,2 milyon dollar sərmayə qoyulması deyilənləri təsdiq edir. Təsdiq edir ki, ciddi sənaye niyyəti olan bir rezidenti belə cəlb etmək mümkün olmayıb. O zaman hansı iqtisadi aktivlikdən söhbət gedir?

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Çin prezidenti Səudiyyə Ərəbistanına səfərə getdi

SONRAKI XƏBƏR

Sülh istəyən erməni nazirin etirafı: “Qarabağda hərbi birləşmələr var”