Bayram ərəfəsində ARTAN QİYMƏTLƏR: "Lazımi rəqabət mühitinin olmaması..." - Ekspert

“Bahalaşmanın qarşısının alınması üçün müxtəlif alətlər mövcuddur”.

Bunu qarşıdan gələn Yen il bayramı ərəfəsində qiymətlərin necə dəyişəcəyi ilə bağlı fikirlərini bildirən iqtisadçı ekspert Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, dünya praktikasında Yeni il qabağı qiymətlərin endiyini görsək də, Azərbaycanda əksini müşahidə edirik:

“İnsanlar maddi vəziyyətindən asılı olmayaraq, bayram süfrəsini doldurmaq üçün mümkün qədər alış-verişi artırır. Tələbatın çoxalmasını bazarda qiymət artımı ilə müşahidə edirik. Məhsulu satıcıya təqdim etmə prosesinə qədər qiymət süni şəkildə qaldırılır. Nəticədə bayram öncəsi qiymət artımının şahidi oluruq. Bayram sonrası qiymətlərin endirilməsi artıq malların satılması zərurətindən irəli gəlir.

2023-cü il istehlak bazarında ərzaq mallarının qiymətində artım tempi davam edəcək, lakin müəyyən qədər sürəti səngiyəcək. İnflyasiyanın ümumi tendensiyası azalacaq. Yəni 2022-ci il ərzaq qiymətlərində olan bahalaşmanı 2023-cü ildə müşahidə etməyəcəyik.

Bahalaşmanın qarşısının alınması üçün müxtəlif alətlər mövcuddur. Dövlətin birbaşa və yaxud dolayı yolla müdaxiləsi bunlardan biridir. Lakin inflyasiya qlobal xarakter daşıdığı üçün müdaxilə ciddi effekt vermir. Lazımi rəqabət mühitinin olmaması, bazara qiymət diqtə edə bilən təsərrüfat subyektlərinin mövcudluğu nəticədə bahalaşmanın qarşısını almaqda ciddi çətinlik yaradır. Bunu daha asan şəkildə ifadə edib adını “süni qiymət artımı” qoyuruq”.

Nəsimi Ələsgərli

Yenicag.az

ƏVVƏLKİ XƏBƏR

Repressiv molla rejiminin cinayəti: 21 yaşlı gəncin meyitini gecə ilə dəfn etdilər - VİDEO

SONRAKI XƏBƏR

Patruşev: “ABŞ-ın uzunmüddətli məqsədi Rusiyanın məhv edilməsidir”