Bu şirkət Jukovski-Bakı aviabiletlərini icazəsiz satışa çıxardı

Bu şirkət Jukovski-Bakı aviabiletlərini icazəsiz satışa çıxardı

Azərbaycan Respublikasının dövlət mülki aviasiya orqanlarının icazəsi olmadan Jukovskidən Bakıya aviabiletləri satışa çıxaran “Ural Hava Yolları” Azərbaycan tərəfi və Rusiya Federasiyasının aviasiya qurumları ilə razılaşdırmadan müstəqil şəkildə qərar qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Report-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

Qeyd olunub ki, 2024-cü il fevralın 8-də Rusiyanın bir sıra internet xəbər saytlarında bu barədə yayılan məlumatlar təhrif olunub.

RİNN bəyan edir ki, aviaşirkətin Jukovskidən Bakıya uçuşlar üzrə sorğusu 2024-cü il yanvarın 23-də razılaşdırılmaq üçün daxil olub. Azərbaycanın daxili prosedurlarına uyğun olaraq uçuşlara icazə üçün aviaşirkətin sorğusuna dövlət mülki aviasiya orqanları tərəfindən baxılır. İndiyədək Azərbaycanın dövlət mülki aviasiya orqanları tərəfindən Jukovski-Bakı reysi üzrə hər hansı qərar qəbul edilməyib və “Ural Hava Yolları” aviaşirkətinə müsbət və ya mənfi cavab verilməyib.

“Ural Hava Yolları” aviaşirkəti müntəzəm uçuşlar həyata keçirmək üçün Azərbaycan hökumətindən icazə alınması qaydaları və müddəti barədə məlumatlı olub, çünki bir ay əvvəl Yekaterinburqdan Bakıya uçuşlar üçün Azərbaycandan icazəni rəsmiləşdirib. Bundan başqa, fevralın əvvəlində aviaşirkət prosedurları həyata keçirdikdən sonra Samaradan Bakıya uçuşlar üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda slot (əvvəlcədən icazə tələb edən prosedur) razılaşdırılıb", - RİNN bildirib.

Həmçinin vurğulanıb ki, Azərbaycanın dövlət mülki aviasiya orqanlarının qadağası və “Ural Hava Yolları” aviaşirkətinin guya uçuşlar üçün əvvəlcədən icazə alması barədə istənilən istinadlar internet xəbər resurslarının oxucularında çaşqınlıq yaradır və Jukovski-Bakı reysinin sərnişinlərinə qarşı hərəkətlərinə haqq qazandırmaq məqsədi daşıyır.

Mənbə: axar.az