Bakının “Kubinka” kimi tanınan ərazisində istismar müddəti başa çatmış evlərin söküntüsü işləri bəzi yerli sakinlər tərəfindən ləngidilir. Buna səbəb isə 23 sakinin narazılıq etməsidir. İki ilə yaxındır söküntüyə start verilməsinə baxmayaraq tikinti işləri aparan şirkət narazı sakinləri heç cür yola gətirə bilmir.
“RR Constructions” MTK bu günə kimi 185 sakinlə razılıq əldə edib, 25 müsbət rəy alınıb, 233 ev isə sökülüb. Razılıq əldə edilən sakinlərlə söhbətimizdən aydın oldu ki, onlar tez bir zamanda yeni mənzillərinin inşasını gözləyirlər. Düzdür, bəzi sakinlər artıq yeni evlərlə təmin ediliblər, digərləri isə əvvəl yaşadıqları mənzillərin yerində inşa ediləcək yeni binalarda evlə təmin ediləcəklər. Yeni binalar tikilənə kimi isə tikinti aparan şirkət sakinləri müvəqqəti kirayə evlərə köçürüb. Aylıq kirayə pulu da şirkət tərəfindən qarşılanır.
23 sakinin bazar dəyərindən artıq pul tələb etmələri, hazırda kirayədə qalan razı sakinlərin də etirazına gətirib çıxarıb. Sözügedən sakinlər keçmiş qonşularına müraciət edir, tikinti işlərinin sürətlənməsi üçün onları razılaşmağa çağırırlar.
“İmkan versinlər, yeni evlər tikilsin. Mən şirkətlə razılaşmışam, vaxtlı-vaxtında da kirayə pulumu ödəyirlər. Bura camaatı bezdirib. Biz də insan kimi yaşamaq istəyirik. Hamı çıxsın, yeni evləri tiksinlər. Narazı sakinlər yeni mənzilin hər kvadratı üçün bazar qiyməti 2000 manat olmasına baxmayaraq, 4000 manat ödəniş tələb edirlər”, - deyə tezliklə yeni evinə köçməyi gözləyən Seyran Fərəzov narazı sakinlərə səslənib.
Söküntü ərazisində apardığımız müşahidə zamanı narazı sakinlərlə də həmsöhbət olduq. Elnarə Məmmədova bildirir ki, mənzilinin kvadratı üçün təklif edilən məbləğ onu qane etmir: “Kvadratı 2000-ə burada heç yerdə ev yoxdur. Şəhərin mərkəzidir, haradan gedim ev alım o qiymətə? Mən burada böyümüşəm. Ata evimdir, 44 ildir burada yaşayırıq. Uyğun qiymət desinlər, biz də razılaşaq. Allah onların da xeyrini versin”.
Şirkət rəhbəri Rafael Abdullayev sakinlərlə söhbətində onları bir daha təklif edilən şərtlərlə razı olmağa çağırıb: “Şəhərin gözəlləşdirilməsi məqsədilə bu ərazidə də böyük bir tikintinin inşası nəzərdə tutulub. Layihəmizdə 233 nəfər sakin var. Onların 185 nəfəri ilə müqavilə bağlamışıq. Azlıq təşkil edən narazı sakin qalıb. Həmin sakinlərin də narazılığı ondan ibarətdir ki, kvadratına dəyərindən qat-qat artıq tələb edirlər. Kvadratına 2000 manat təklif edirik, yenə narazılıq edirlər. Hazırda onlarla danışıq aparırıq. Bəzi sakinlər barəsində isə hüquq-mühafizə orqanlarına müraciət edilib. Toplanmış materiallara məhkəmə müstəvisində qiymət veriləcək. Qaldı ki, razılıq əldə edilənlərin hər birinin istəyinə uyğun kirayə pulları da şirkət hesabına ödənilir”.
Mənbə: qafqazinfo.az