Təzəkənd avtomobil yolunun yenidən qrulmasına start verilib

Təzəkənd avtomobil yolunun yenidən qrulmasına start verilib<span class="qirmizi"></span>

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-ci km-dən ayrılan Təzəkənd avtomobil yolunun yenidən qrulması işlərinə start verilib.

Bu barədə "Report" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

AAYDA tərəfindən yenidən qurulan yolun uzunluğu 3 km, eni ortalama 8 metr təşkil edir.

"Torpaq əsaslı və çınqıl örtükdən ibarət olan sözügedən yol uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğundan yolboyu əmələ gələn çalalar, çökmələr və qabarmalar istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlərə səbəb olurdu. Artıq bu problemlər geridə qalır", - məlumatda deyilir.

Belə ki, hazırda IV texniki dərəcəyə uyğun yenidən qurulan avtomobil yolunda qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yolun müəyyən hissəsində əsasın alt layının hamarlanması işləri görülür.

"Aparılan işlər çərçivəsində marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir. Daha sonra "İnşaat Norma və Qaydaları"na əsasən, yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.

Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edəcək.

Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Texnoloji ardıcıllığa uyğun olaraq, AAYDA-nın rəhbərliyinin nəzarəti altında aparılan yenidənqurma işləri kənd əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla bərabər, yük və sərnişin daşımasını da asanlaşdıracaq.

Tərtib olunmuş qrafikə uyğun işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub", - məlumatda bildirilir.

Mənbə: report.az