Ağdam şəhərində salınan yaşayış məhəlləsində 6 binanın inşası bu ilin sonunadək başa çatacaq – FOTO

Ağdam şəhərində salınan yaşayış məhəlləsində 6 binanın inşası bu ilin sonunadək başa çatacaq –  FOTO<span class="qirmizi"></span>

Ağdam şəhərində çoxmənzilli yaşayış məhəlləsinin inşası davam etdirilir. 24 binadan və 2 oteldən ibarət olacaq kompleksdə hazırda 6 binanın tikintisi həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri yaşayış məhəlləsinin tikintisi aparılan ərazidə olub, görülən işlərlə maraqlanıb.

Tikintidə sahə rəisi Bayram Hümbətov bildirib ki, yaşayış məhəlləsi 7,5 hektar ərazidə inşa edilir. Dörd kvartalda 24 yaşayış binasının və 2 otelin tikintisi nəzərdə tutulur. Hazırda hər biri 6 mərtəbədən ibarət 6 binanın tikintisi aparılır. Artıq iki binada dəmir-beton işləri yekunlaşıb, daxili fasad işləri görülür, lift quraşdırılır. Binaların zirzəmisi avtodayanacaq, birinci mərtəbə qeyri-yaşayış, digər beş mərtəbə isə yaşayış üçün nəzərdə tutulub. Altı binada mənzillərin ümumi sayı 209-dur. Mənzillərin 45-i birotaqlı, 108-i ikiotaqlı, 48-i üçotaqlı, 8-i dördotaqlıdır. 2023-cü ilin sonunadək 6 binanın tikintisinin başa çatdırılması nəzərdə tutulur. Növbəti mərhələdə digər binaların inşasına başlanacaq.

Tikinti sahəsində işçilərin təhlükəsizliyinə xüsusi diqqətlə yanaşılır. SƏTƏM (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit) üzrə mütəxəssis Sadiq Hacatəliyev bildirib ki, layihədə işləyən hər bir şəxs təhlükəsizliyə dair təlimatlandırılır və fərdi mühafizə vasitələri – dəbilqə, qoruyucu eynək, əlcək və çəkmə ilə təmin olunur. Yüksəklikdə işləyənlər qoruyucu kəmərdən istifadə edirlər.

Ağdam şəhərinin yenidən qurulmasında çalışanların əhval-ruhiyyəsi yüksəkdir. Onlar işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etdikləri üçün qürur duyduqlarını bildirirlər.

Ağdam rayonundan olan Namiq Məmmədov deyib: “Ağdamdan çıxanda 1 yaşım var idi. Ağdamda böyüməmişəm, amma hər zaman ən böyük arzum ata-baba torpaqlarımıza qayıtmaq olub. Bu gün bu arzum gerçəkləşib. Doğma torpaqlarımızın tikintisində iştirak edirəm. Bunun üçün həm sevinir, həm də qürur hissi keçirirəm”.

 

 

 

 

Mənbə: azertag.az