İbtidai sinif müəllimləri və şagirdlər üçün yeni vəsait nəşr edilib

İbtidai sinif müəllimləri və şagirdlər üçün yeni vəsait nəşr edilib<span class="qirmizi"></span>

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olan “Oyunlarla oxuyub anlama” layihəsinin yekun tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Xəzər rayonu 181 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə layihə rəhbəri Günel Almuradova hesabatla çıxış edib. O bildirib ki, layihədə ibtidai siniflərdə Azərbaycan dili fənninin oyun əsaslı təlim metodu ilə öyrədilməsi qarşıya məqsəd qoyulub. Xəzər rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərindən 45 ibtidai sinif müəllimi 36 saatlıq oyunların təlimdə rolu, oyun əsaslı dərslərin qurulması və tətbiqi imkanları ilə bağlı təlimlərə cəlb edilib. Həmçinin müəllimlərə və şagirdlərə dəstək üçün ibtidai sinifləri əhatə edən “Oyunlarla oxuyub anlama, oyun əsaslı qiymətləndirmə resursları” adlı vəsait hazırlanaraq “Elm və təhsil” nəşriyyatında yüksək keyfiyyətlə nəşr edilib.

Günel Almuradova qeyd edib ki, layihə təklifində 100 oyunun yaradılması öhdəlik kimi götürülsə də, iş prosesində əlavə oyunların yaradılmasına ehtiyac yaranıb və oyunların sayı 153-ə çatdırılıb. Bunlardan 123 oyun oxuyub anlamaya, 18 oyun dinləyib anlamaya, 12 oyun isə dil bacarıqlarına əsasən hazırlanıb. Təqdim olunan vəsaitdə ibtidai sinif dərsliyində əksini tapan bütün mətnlər oxuyub anlamaya uyğun həm müxtəlif formalı suallarla, eləcə də həmin mövzuya dair hazırlanmış oyunlara keçid üçün QR kodlarla işlənilib. Təqdim olunan oyun nümunələri müəllim üçün bir istiqamətdir. Müəllim həmin oyunlara keçid etməklə şagirdlərini qiymətləndirə və ya yeni oyun formaları quraraq şagirdləri ilə paylaşa bilər.

Tədbirin sonunda təlimlərdə iştirak edən 45 müəllimə sertifikatlar və layihə çərçivəsində hazırlanan kitablar hədiyyə olunub.

Mənbə: azertag.az