Niyə bəzi qəpiklər "BakıKart"a yüklənmir? - AÇIQLAMA

Niyə bəzi qəpiklər "BakıKart"a yüklənmir? - AÇIQLAMA<span class="qirmizi"></span>

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu “BakıKart” ödəmə aparatlarında qəpiklərin bəzən çətinliklə yüklənməsi ilə bağlıdır.

Əksər “BakıKart” ödəmə aparatlarında qəpiklə ödəniş zamanı çətinlik yaşanır. Belə ki, manatı rahatlıqla götürən aparat, qəpiyi hərdən götürmür. Ödəniş üçün ya gərək qəpiyi bir neçə dəfə təkrar daxil edəsən, yaxud digər sikkə ilə dəyişəsən. Bu da xüsusən səhər saatlarında, hamının işə, universitetə və s. tələsən vaxtı yaranan növbə zamanı qeyri-mümkündür. Etiraf edək ki, səhər saatlarında izdihamın yüksək olduğu metrostansiyalarda “BakıKart”da çox vaxt itirmək növbədəkilər qarşısında adamı rəzil edir. Digər tərəfdən kağız əskinası başa düşdük, cırıla bilər, əski kimi ola bilər. Hansı ki, bunu aparat qəbul etmir. Bəs görək, qırılmayan, adi qəpikləri aparatlar niyə qəbul edə bilmir?

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Lent.az-a bildirdi ki, belə hallarda çox vaxt problem metal qəpiklərdə olur:

“Bildiyim qədər metal qəpikdə problem varsa qəbul etmir. Kağız pulda olduğu kimidir. Bəzən yüklənməsi üçün 2-3 dəfə cəhd olunur. Əgər qəbul edirsə, demək problem qəpikdədir. Kağız, ya metal fərq etmir. Hər ikisinin müvafiq təhlükəsizlik və s. nişanlanma tələblərinə əməl olunur. O standartların hamısı qəpikdə də var. Metal pulların səthi, kənarları, radiusunu, qəpikdən-qəpiyə fərqi belə aparat özü müəyyən edə bilir. Yoxsa istədiyin eyni ölçülü metalı salıb, gediş yükləmək olar. Aparatlarda problemin ola biləcəyi də istisna deyil. Təbii ki, problem bir qəpiklə bağlıdırsa, demək aparatlıq bir şey yoxdur. Sərnişinlər belə problemlərlə üzləşdikləri halda, BakıKartın metrostansiyalarda olan nümayəndəsinə müraciət edə bilər. Nümayəndə olmadıqda isə metro əməkdaşına məlumat vermək mümkündür”.

Mənbə: lent.az