Xidmət: "Monitorinqlərin məqsədi sahibkardan məcburi olaraq qiyməti endirməsini tələb etmək deyil"

Xidmət: "Monitorinqlərin məqsədi sahibkardan məcburi olaraq qiyməti endirməsini tələb etmək deyil"<span class="qirmizi"></span>

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı monitorinqlərin məqsədi sahibkarlardan qiymətləri icbari şəkildə endirməyi tələb etmək deyil.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xidmətin rəisi Məmməd Abbasbəyli deyib.

O, bildirib ki, Dövlət Xidməti həm adi günlərdə, həm də bayram günlərində əsas ərzaq məhsulları və əsas tikinti məhsulları üzrə həftəlik və günlük monitorinqlər aparır:

"Bu intensivlik məhsuldan asılıdır. Bu monitorinqlərin aparılmasının məqsədi sahibkardan məcburi olaraq qiyməti endirməsini tələb etmək deyil. Bizim belə bir səlahiyyətimiz yoxdur və bu addımı atmaq məntiqsizdir. Çünki dünya praktikasında da bu belə qəbul edilib ki, dövlətin belə bir icbari müdaxiləsi mənfi təsirlər verə bilər. Biz bu gün azad sahibkarlıq mühitinin formalaşdırılması istiqamətində çalışırıq. Bu iqtidadi fəlsəfədə dövlət tərəfindən tənzimlənən qiymətlər istisna olmaqla digər qitmətlərin dövlət tərəfindən tənzimlənməsinin düzgün olmadığını hesab edirik".

M. Abbasbəyli dünyadakı təcrübəyə əsaslanaraq qeyd edib ki, bu tənzimləmə qıtlıqla nəticələ bilir: "Biz monitorinqlər nəticəsində qeyri-adi "qiymət oynamaları"nı aşkar etmək və bu aşkarlamaların yoxlanılması nəticəsində həmin bazarda hökmran mövqeyə malik subyekt varsa, onun tərəfindən qiymət manipulyasiyasının olub-olmamasına baxırıq. Belə bir manipulyasiya yoxdursa, deməli bazarda qiymət iqtisadi düsturlar və tələb-təklif şərtləri əsasında formalaşıb".

Mənbə: report.az