Bakıda “yaşıl dövrə” doğru daha bir addım - Enerji siyasətimizdə yeni mərhələ

Bakıda “yaşıl dövrə” doğru daha bir addım - Enerji siyasətimizdə yeni mərhələ<span class="qirmizi"></span>

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 1-ci iclası öz işinə başlayır. Əvvəlki iclaslara nisbətən bu toplantıda daha çox dövlət və şirkət iştirak edir. Budəfəki toplantıya maliyyə təsisatlarının da diqqəti böyükdür. İclasda iştirak edəcək maliyyə təsisatları sırasında Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar təmsil olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, toplantını əvvəlkilərdən fərqləndirən ən əsas məqam isə Məşvərət Şurası çərçivəsində "Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in icrası üzrə Rəhbər Komitənin ilk iclasının keçirilməsidir.

Komitənin ilk iclasının qısa zaman kəsiyində keçirilməsi göstərir ki, Azərbaycan qaz sektorunda olduğu kimi, "yaşıl" enerji sektorunda da hədəflərinə doğru inamla irəliləyir. Xatırladaq ki, sözügedən saiziş 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanıb.

Bu saizişin mahiyyəti nədir?

- Saizişə əsasən, Qara dənizin dibi ilə elektrik enerjisi kabeli çəkiləcək. Bu kabel Azərbaycanda istehsal olunan elektrik enerjisini Avropaya ixrac edəcək. Belə bir layihənin icrası Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunu artıracaq.

Təcrübə göstərir ki, imzalanan layihələrin icrası üçün ilk növbədə kifayət qədər enerji resursu və siyasi iradə lazımdır.

Azərbaycanın "yaşıl enerji" sektorunda kifayət qədər resursu varmı?

Ölkəmizin bərpaolunan enerji potensialına nəzər salaq:

- Quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur;

- Şimal dənizindən sonra Xəzər külək enerjisi potensialına görə ikincidir;

- Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi 157 qiqavat təşkil edir;

- Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. İstehsalın 80 faizi ixrac olunacaq;

- Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır;

- Qarabağ və Şərqi Zəngəzurda günəş və külək enerjisinin minimal potensialı 9200 meqavat təşkil edir. Hidroenerji potensialı isə minimal olaraq 600 meqavatdır. Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib;

Rəqəmlər göstərir ki, Azərbaycanın "yaşıl enerji" potensialı kifayət qədərdir.

Resurslarımızın "yaşıl enerji" sektoruna marağın artdığı dövrdə öz öhdəliklərimizi yerinə yetirməyimizə böyük imkanlar yaradır.

Məlumdur ki, bərpaolunan enerji növü hələ kütləvi şəkildə yayılmadığı üçün onun istehsalında istifadə olunan stansiyaların və ümumilikdə, infrastrukturun inşasına maraq o qədər də böyük deyil. Təbii ki, hazırda hansı dövlət bərpaolunan enerji sektoru ilə bağlı lazımlı infrastrukturu tez qursa, o da gələcəkdə qeyd edilən sahədə hakim mövqedə dayanacaq.

Ölkəmiz "yaşıl enerji" sektorunda infrastrukturun qurulması ilə bağlı hansı işləri görür?

- BP-nin azad olunmuş Cəbrayıl rayonunda günəş enerji stansiyasına yatırım etmək qərarı yüksək dəyərləndirilir. 230 meqavatlıq günəş enerji stansiyası azad edilmiş ərazilərdə birinci olacaq;

- Zəngəzur dəhlizindən eyni zamanda elektrik enerjisi ötürüləcək. Məhz bu məqsədlə Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikilir;

- Azad edilmiş ərazilərdə 30-dan artıq orta və kiçikhəcmli su elektrik stansiyası tikiləcək, onların 5-i artıq istismara verilib.

Hazırda Azərbaycanda reallaşan investisiya layihələri (günəş, külək elektrik stansiyası) ölkəyə əlavə 700 meqavatdan çox təmiz "yaşıl enerji" verəcək.

Göründüyü kimi, ölkəmiz Prezident İlham Əliyevin yeni enerji siyasəti çərçivəsində "yaşıl enerji" sektorunda həm resursların tapılması, həm də aşkarlanan resursların ixracı baxımından mühüm addımlar atmaqdadır.

Yuxarıda da qeyd etdiyim kimi, enerji siyasətində resurslarla yanaşı, siyasi iradənin də mövcudluğu önəmlidir. Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sayəsində oynadığı mühüm rol göstərir ki, rəsmi Bakı "yaşıl enerji"nin "köhnə qitə"yə ixracında da siyasi iradə nümayiş etdirəcək. Məsələn, yürüdülən uğurlu siyasət nəticəsində ölkəmizin Avropaya qaz ixracı hər il artır. Ölkəmiz Avropaya təbii qazı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans Adriatik Qaz Kəməri vasitəsi ilə ixrac edir.

Avopaya qaz ixracımızın artım tempi:

- 2021-ci ildə Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edib;

- 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetrdir;

- 2023-cü ildə onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq.

Həmçinin, 2022-ci il iyulun 18-də Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumuna əsasən, 2027-ci ilə qədər hasil edilən qazın həcmi 2 dəfə artırılacaq. Yəni 2022-ci ildə bu rəqəm 11,3 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq. Artıq imzalanan sənədin icrasına başlanıb.

Göründüyü kimi, Azərbaycan siyasi iradə nümayiş etdirərək, Avropanın qaz və bərpaolunan enerji bazarında təsirini artırmağa davam edir. Məlumdur ki, rəsmi Bakı ötən 20 il ərzində avropalı tərəfdaşları ilə həm neft, həm də qaz sektorunda böyük layihələrə imza atıb. Ölkəmizin bərpaolunan enerji sektorunda da etibarlı tərəfdaşa çevriləcəyini indidən proqnozlaşdırmaq olar. Bunu Məşvərət Şurasının Bakıda keçiriləcək iclasına Avropanın, ABŞ-ın və ümumilikdə, dünyanın aparıcı güclərinin xüsusi diqqəti də sübut edir.

Milli.Az

Mənbə: news.milli.az