İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?

İpoteka Fondunun sistemi ilə bağlı məsuliyyətsizlik nə vaxtadək davam edəcək?<span class="qirmizi"></span>

Məlum olduğu kimi bir neçə gün öncə İpoteka Fondunun “Elektron ipoteka və kredit zəmanət” sistemi çökmüş və vətəndaşlar xidməti ala bilməmişdilər.
Bundan sonra Fond prosesi təxirə salmışdı.

Ötən gün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və İpoteka Fondu açıqlama yayıblar ki, növbəti cəhddə müraciətlərin qəbulu baş tutub və bu dəfə güzəştli ipoteka kreditlərinin verilməsi üzrə hər şey qaydaşında olub.

"Çünki, baş verən çöküşdən sonra XRİTDX İpoteka Fondunun sistemində elektron xidmətin təhlükəsizlik auditi üzrə yoxlamalar həyata keçirmiş və dayanıqlı fəaliyyəti üçün informasiya sistemində optimizasiya işləri aparmışdır. Yəni, görünən odur ki, öncədən İpoteka Fondunun elektron sistemi xidməti göstərməyə hazır olmayıbmış".

Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz paylaşım edib.

Bəs buna görə kim məsuliyyət daşıyacaq?

Ekspert xatırladıb ki, MİDA-da oxşar proseslər baş vermişdi. DTX və XRİTDX müdaxiləsindən, ASAN Login və s . məsələlərlə bağlı təhlükəsizlik və optimizasiyadan sonra onlayn satış baş tutmuşdu:

"Maraqlıdır, görəsən nə üçün dövlət qurumları öncədən e-xidmətləri, sistemlərini audit etdirmirlər, nə üçün öncədən təhlükəsizliklə bağlı testlər aparılmır ? Gərək mütləq sistem çöksün, ondan sonramı bütün bu audit və test işləri aparılsın? Dövlət qurumları hər gün , hər saat bir sistem yaradır, mövcud olana əlavələr edir. Amma təhlükəsizlik testləri unudulur".

Nə vaxtadək işlər bu formada davam edəcək?

Onun sözlərinə görə, təəssüf ki, hələlik ölkədə kritik infrastruktura qarşı təhlükəsizliklə bağlı tələblər tam qüvvəyə minməyib. Bu istiqamətdə ötən il xeyli irəliləyiş olub, qanunlar və Prezidentin bir neçə fərmanı qəbul edilib, lakin Nazirlər Kabineti kritik qurumların siyahısını və Qaydaları hələlik təsdiqləməyib.

"Əvvəllər, daha doğrusu elə indi də mövcud olan qaydalara görə audit könüllü olub. Yeni tələblərə görə isə kritik perimetrə daxil olan dövlət və özəl qurumlar öz sistemlərini İT sahəsində peşəkar qurumlara məcburi audit etdirməlidir. Bununla bağlı eyni zamanda XRİTDX-nin də plana uyğun auditləri nəzərdə tutulur. Son illərdə dövlətə və özəl sektora məxsus informasiya resursları xeyli artıb, dövlətə məxsus olan böyük həcmli datalar formalaşıb. Bununla bağlı da yeni risklər yaranıb. Hökumət bu datalardan effektiv istifadə edilməsi ilə bağlı, bu sahədə onlayn şəffaflıqla və ictimai nəzarət imkanları ilə bağlı məsələlərə xüsusi diqqət ayırmalıdır. Həm də rəqəmsal dövlət resurslarının çökməsi və vətəndaşların elektron formada xidmətləri əldə edə bilməməsi ilə bağlı məsuliyyət müəyyən etməli və tələblər gücləndirilməlidir".

Ekspert hesab edir ki, DTX, XRİTDX və eGov səlahiyyətlərini əldə edən RİNN kritik infrastrukturla bağlı yeni Qaydaların qəbulunu sürətləndirmək üçün səylərini artırmalıdır. RİNN-in İRİA qurumu və XRİTDX dövlət resurslarının hökumət buluduna köçürülməsi və təhlükəsizliyinin təmin edilməsi, elektron xidmətlərinin dayanıqlığı və optimallaşması üçün daha ciddi tədbirlər görməlidir.

Mənbə: xeberler.az