Tərtərdə heyvandarlıq məhsullarının istehsalı artıb

Tərtərdə heyvandarlıq məhsullarının istehsalı artıb<span class="qirmizi"></span>

 

Tərtər rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvandarlıq məhsullarının istehsalı ilbəil artır. 2022-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun həcmi 98 milyon 580 min manat təşkil edib ki, onun 39 milyon 176,8 min manatı və ya 39,7 faizi heyvandarlıq məhsullarının hesabına formalaşıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Tərtər rayon Statistika İdarəsindən məlumat verilib. Qurumdan bildirilib ki, 2023-cü il yanvarın 1-i vəziyyətinə rayonda 31 min 503 baş qaramal, 43 min 470 baş qoyun-keçi, 218 min 659 baş quş, 6390 arı ailəsi olub. Əvvəlki ilə nisbətən iribuynuzlu mal-qaranın sayı 4,5 faiz və ya 1360 baş, arı ailələrinin sayı 355 arı ailəsi artıb. 2022-ci ildə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 3435,5 ton ət, 23 min 498,7 ton süd, 13.550 min ədəd yumurta və 88,4 ton yun istehsal edilib. 2021-ci illə müqayisədə ət istehsalı 1 faiz, süd istehsalı 4,8 faiz artıb.

Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla davam etdirilir. 2022-cu ildə rayonda 2890 baş inək və düyə süni yolla mayalandırılıb, 1371 baş cinsi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinslərdən olan buğaların toxumlarından istifadə edilir.

Mənbə: azertag.az