Qiymətlər artır, keyfiyyət isə artmaq əvəzinə azalır...

Qiymətlər artır, keyfiyyət isə artmaq əvəzinə azalır...<span class="qirmizi"></span>

Tarif Şurasının xarakterik qərarları nəticəsində ölkədə qiyməti artımı yaşanan sahələrdən biri də heç şübhəsiz, ictimai nəqliyyat oldu. Heç bir səbəb göstərilmədən 10 qəpik (33%) bahalaşan gedişhaqqı isə ictimai nəqliyyatda keyfiyyəti və rahatlığı daha da artırmaqdan, əksinə, geri salmaqda davam edir. Bəzi işbaz avtobus sürücüləri də bundan “bəh-bəh”lə faydalanır.

Məsələn, gedişhaqqı kartla ödənilən avtobuslarda bəzi sürücülər sərnişinlərə kartı iki dəfə vurdurur. Səbəb kimi də birinci ödənişin “aparat nasaz olduğu üçün keçərsiz” olduğunu gətirirlər. Halbuki, necə deyərlər, kor-kor, gör-gör, elektron ödəmə aparatı saz vəziyyətdə işləyir, kartı aparata yaxınlaşdıran sərnişin də oradan pulun çıxıldığını öz gözü ilə görür. Amma sürücü dirəşir, hay-şivən edir ki, ödəniş keçərsizdir, yenidən kartı yaxınlaşdır. 40 qəpiyə görə abrına qısılıb, həyasını qoruyan sərnişinlər isə problem böyüməsin deyə sürücünün göstərişi ilə razılaşmalı olurlar. Bu fırıldaq artıq dəb halını alıb, ancaq sürücünün bundan qazancı nə olur, o naməlum olaraq qalır...

Digər bir tərəfdən, şəhərdən bir qədər kənarda fəaliyyət göstərən qəsəbə avtobuslarında da gedişhaqqı 40 qəpik olsa da, sərnişinlər sanki o pulu yolhaqqı üçün yox, avtobusa və onun sahibkarına yazıqları gəldiyi üçün verirlər – sədəqə kimi...

Məsələn, Biləcəri qəsəbəsindən Bakı Beynəlxalq Avtovağzalına sərnişin daşıyan 91 nömrəli ictimai nəqliyyat xətti sanki Bakıda yox, Hindistanın Bombey şəhərində fəaliyyət göstərir – səhər saatlarında işə gedənlər və axşamüstü işdən gələnlər 91 nömrəli avtobus xəttində ölüm-dirim savaşı verirlər. Bu, kənardan baxanlarda Bollivud filmlərinin həyəcanlı dəqiqələrini xatırladır: qapıdan sallaşanlar və qapıdan sallaşanlardan sallaşanlar. Kiçik ölçülü olan avtobuslardan təşkil olunmuş bu nəqliyyat xətti axşam saat 22:00-dən sonra fəaliyyətini dayandırır, onun yerinə manatlıq taksilər fəaliyyətə keçir. Qapısı mazutlu, oturacaqları yamaqlı, içi anti-sanitar vəziyyətdə olan avtobuslar bir də saylarının azlığı, kiçik həcmləri və vaxtından tez “istirahət”ə çəkilmələri ilə sanki bilərəkdən qəsəbə sakinlərində əsəb-stress yaratmağa hesablanıb.

Ümumiyyətlə, normal həyat şəraitinin qənaətbəxş hesab edildiyi ölkələrdə qiymətlərin artması özü ilə birlikdə keyfiyyət fərqini də müsbətə doğru dəyişir. İnsanlar qidanın, geyimin, əmlakın daha yaxşısını ala bilir və bu, verdikləri pula artıqlaması ilə dəyir. Yaxşı, bəs Azərbaycanda niyə vəziyyət belə deyil? Qiyməti bahalaşan cipsi paketinin yarısına hava vurulur, qazın kubunun qiyməti artır, ona da hava vurulur, yumurtanın qiyməti artır, ancaq içindən bu dəfə ölü cücə çıxır, ətin qiyməti qalxır, sonra məlum olur ki, aralarına at-eşşək əti də qatılır, evlərin qiyməti artır, anidən məlum olur ki, sən demə bu evlərin ən azı 7-8 sahibi var, qəfil ortaya çıxırlar. İndi də ictimai nəqliyyatın qiyməti qalxıb, ancaq yenə də camaat bir-birinin belində gedib gəlir, avtobus daha çox sərnişin tutsun deyə oturacaqlar yerindən çıxarılır, saat 00:00-a kimi işləməli olan avtobus xətti könlü istədiyi saatda fəaliyyətini dayandırır. Qiymət artımınıın qüvvəyə minməsinə 2-3 gün qalmış, sürücülər sərnişinlərlə əlbəyaxa olurlar ki, nə üçün 40 yox, 30 qəpik verib?! Axı, gedişhaqqı artırılıb...

İctimai şüurun və əxlaqi dəyərlərin qorunduğu cəmiyyətlərdə adətən məhsulun, əmlakın, ya da elə ictimai nəqliyyatın qiyməti artan zaman həmin sahələrdə müsbət keyfiyyət fərqi də hiss olunur və bu, get-gedə artır. Bəs Azərbaycanda niyə belə deyil? Burda nəyə görə qiymətlər bahalaşdıqca keyfiyyət aşağı düşür, işbazlar aktivləşir, qurumlar “kor”laşır və ən önəmlisi bütün bunlar cəmiyyətin ikrah və nifrətlə yad etdiyi Tarif Şurasının heç vecinə də olmur? Bəli, bu qurum Azərbaycan cəmiyyətində heç bir zaman xoş təəssüratlarla anılmayıb. Ölkədə sosial vəziyyətin ən kritik olduğu zamanlarda anidən qiymət artımına gedən, qiymət artımlarını “qiymət dəyişikliyi” kimi xalqa sırıyan bu qurumun qiyməti, əməlinə tərs mütənasib olaraq, hər gün daha da geriyə gedir. Beləliklə sosial vəziyyət elə 91 nömrəli avtobus xəttini xatırladır – altda qalanın canı çıxsın...

Mətin Şükürlü

Mənbə: www.bizimyol.info