Azərbaycanın tərəvəz toxumlarını hansı ölkələr alır?

Azərbaycanın tərəvəz toxumlarını hansı ölkələr alır?<span class="qirmizi"></span>

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun bəzi tərəvəz sortlarının toxumlarını Türkiyə, Rusiya, İran və Özbəkistan alır.

Bunu “Report”a açıqlamasında İnstitutun İdarə Heyətinin sədri Elmar Allahverdiyev bildirib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycanın pomidor sortlarına maraq göstərir: “Bizim yerli tərəvəz sortları orqanik olması ilə yanaşı, dad keyfiyyətinə görə digərlərindən müsbət mənada fərqlənir, bu səbəbdən də bizim tərəvəz məhsullarımıza maraq böyükdür. Hazırda bir sıra toxumlar Rusiya və İrana göndərilib. Özbəkistanın Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə sıx əlaqələrimiz var, onlara da tərəvəz toxumlarımızı göndərmişik”.

O, Azərbaycanın Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun dünyanın bir sıra analoji mərkəziləri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb: “Dünyanın bir çox elmi-tədqiqat mərkəzlərindən müxtəlif tərəvəz növlərinin sort nümunələrini alıb, onları yerli seleksiya işlərimizdə istifadə edirik”.

E. Allahverdiyev bildirib ki, xaricdən alınan sort nümunələrinin bəziləri yerli şəraitə tam uyğunlaşa bilmir, bəziləri isə daha çox məhsuldarlıq göstərir: “Hər bir ölkənin özünə məxsus torpaq, iqlim şəraiti var. Torpaq, iqlim şəraiti, günəşli günlərin sayının çox olması məhsuldarlığa təsir edən əsas amillərdəndir. Həmçinin, sortun özünün potensialı da vacib şərtlərdəndir. Elə tərəvəz sortları var ki, quraqlığa, xəstəlik və zərərvericilərə nisbətən daha davamlıdır, elələri də var ki, əksinə davamsızdır.

Məsələn, bizim yerli seleksiyanın məhsulu olan pomidorun “Zərrabi” sortu əsasən Abşeron bölgəsi üçün becərilməsi nəzərdə tutulsa da, Mərkəzi Aran bölgəsində onun əkinlərindən daha çox məhsuldarlıq əldə olunub”.

Mənbə: report.az