“Bloomberg”: Rusiya 500 min nəfəri hərbi xidmətə çağırıb

“Bloomberg”: Rusiya 500 min nəfəri hərbi xidmətə çağırıb<span class="qirmizi"></span>

2022-ci ildə Rusiya hərbçilərinin sayı 500 min nəfər artıb. Bu barədə “Bloomberg” məlumat yayıb. “Rosstat”ın rəsmi statistikası 400 min əsgərin olduğunu göstərir. Lakin “Bloomberg” analitiklərinin fikrincə, bu məlumatlar tam deyil. Formal olaraq orduya aid olmayan strukturlara - məsələn, “Vagner” PMC-yə cəlb edilmiş 100 minə yaxın insanı nəzərə almırlar.

Gərək ki, yadınızda olar, Rusiya hakimiyyəti 2022-ci ilin oktyabrında səfərbərlik çərçivəsində 300 min nəfərin orduya çağırıldığını açıqlamışdı.

SİA-nın elə rus saytlarından əldə etdiyi məlumata görə, bu ölkənin silahlı qüvvələrinin sayının artması ölkədə işçi qüvvəsi çatışmazlığını daha da artırmaqdadır.

Qeyd edək ki, “Rosstat”ın 2022-ci ildə ölkədə rekord həddə aşağı işsizlik səviyyəsini qeydə alması dolayısı ilə bunu sübut edir. Bu ilin fevral ayında “HeadHunter” (...bu 20 ildən artıqdır ki, Moskvada iş tapmağa və işçiləri işə götürməyə kömək edən xidmət sahəsidir-A.B.) platformasında boş vəzifələrin sayı yerləşdirilən CV-lərin sayından çox olub.

Yəni insanlar boş iş yerlərini "asanlıqla" tuta bilirlər. Bu arada Rusiya Federasiyası Baş nazirin müavini Tatyana Qolikova, 2023-cü ilin yanvarında işsizlik səviyyəsinin 3,6 faiz təşkil etdiyini bildirib.

Yeri gəlmişkən “Bloomberg”in proqnozuna görə, Ukraynada müharibə itkiləri və yüz minlərlə rusların ölkəni tərk etməsi ilə Rusiyanın əmək qabiliyyətli əhalisinin sayı növbəti on ildə 6,5 faiz azala bilər.

Amma kimə deyəsən?

Məsələ bundadır ki, Rusiya hakimiyyəti yenidən qoşunlarının sayını artırmaq niyyətindədir. Belə ki, aprel ayından başlayaraq Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi qulluqçuların müqavilə ilə xidmətə yeni qəbuluna başlamağı planlaşdırır.

Ağasəf Babayev

Mənbə: sia.az