Aqrar islahatlara kölgə salmaq cəhdi iflasa məhkumdur

Aqrar islahatlara kölgə salmaq cəhdi iflasa məhkumdur

Son günlər müxalifyönlü sosial şəbəkələrdə ərzaq mallarının idxalı ilə bağlı paylaşılan statuslarda Azərbaycanda həyata keçirilən aqrar siyasət haqqında qeyri-obyektiv fikirlər səsləndirilir, respublikada müvafiq istehsal göstəricilərinin artmasına baxmayaraq, ölkəyə gətirilən yeyinti məhsulları həcminin yüksəldiyi, ötən 6 ay ərzində isə əvvəlki ilin uyğun dövrü ilə müqayisədə daha çox buğda, ət, süd, kərə yağı, süddən hazırlanan digər yağlar, meyvə-tərəvəz, düyü və s. məhsullar idxal olunduğu bildirilir. Əvvəla onu qeyd edək ki, müəlliflər statistik göstəriciləri məqsədlərinə uyğun şəkildə şərh etməyə, bununla da kənd təsərrüfatında reallaşdırılan islahatlara kölgə salmağa cəhd göstərirlər. Fikrimizin təsdiqi üçün bəzi rəqəmlərə nəzər salaq. Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, ilin ilk yarısında ümumi idxal ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,5 faiz artaraq, 7 milyard manatdan çox olub. Yeyinti məhsullarında bu göstərici 12, 2 faiz, aqrar məhsulların ümumi idxaldakı payı isə cəmi 10 faiz təşkil edib.

Bax, necə deyərlər, hay-küy də sonuncu göstəricilər-müvafiq olaraq 12, 2 faiz və 10 faiz ətrafında salınıb. Yəni, aqrar sektorda inkişafdan danışılırsa, islahatlardan söhbət gedirsə, bəs o zaman həmin rəqəmlər niyə istehsal artımı faktını kölgədə qoyur? Əvvəla hesabat dövründə ümumi idxalda yeyinti məhsullarının payının 12,2 faiz, aqrar məhsulların ümumi idxaldakı payının isə 10 faiz təşkil etməsi elə də təhlükəli hal deyil. Digər tərəfdən, burada diqqətçəkən və narahatlıq doğuran əsas məqam istehsal artımı müqabilində idxal məhsullarının ötən ilə nəzərən azalmaması səbəbində iki amilin nəzərə alınmamasıdır. İqtisadçı Mürvət Həsənli haqlı olaraq, bunu, yəni idxal göstəricilərinin ötən illə müqayisədə artmasını Dövlət Gömrük Komitəsinin öz fəaliyyətini daha professional şəkildə qurması və ölkəyə gətirilən məhsulların tam siyahıya alınması ilə əlaqələndirir. İkinci amil respublikada turizmin inkişafı və əhalinin iqtisadi durumunun yüksəlməsi ilə bağlıdır ki, bu da idxalın artmasının digər bir səbəbi kimi qiymətləndirilir.
Statistikada idxalın artım fonunda öz ifadəsini tapması səbəblərindən biri, həqiqətən, Dövlət Gömrük Komitəsinin bu gün əvvəlki illərdən fərqli olaraq idxal-ixrac prosedurlarına ciddi şəkildə nəzarət etməsi ilə bağlıdır. Məhz elə bunun nəticəsidir ki, Prezident İlham Əliyev cari ilin aprel ayında Xəzər rayonunda sakinlərlə görüşündə ölkədə iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyulduğunu, geniş miqyaslı islahatlar reallaşdırıldığını, bunun vergi və gömrük orqanlarını da əhatə etdiyini diqqətə çatdırıb: “Bu ilin üç ayında büdcə daxilolmaları böyük dərəcədə artıb. Yəni, vergi və gömrük ­orqanları plandan əlavə 200 milyon manatdan çox vəsait toplayıblar. Nəyin hesabına? İslahatlar hesabına. Nəyin hesabına? Şəffaflıq hesabına, aparılmış siyasət nəticəsində. Sahibkarlar da razıdır, çünki bu gün sahibkar da bilir ki, dövlətin vergisini tam ödəməlidir və ondan başqa heç kimə heç bir ödəniş edilməməlidir. Mən indi görürəm ki, sahibkarlarda da bu işlərə böyük inam var”.
Dövlətimizin başçısı bu il iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə isə bildirib ki, büdcəyə Vergilər Nazirliyi və Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox vəsait daxil olub: “Hesab edirəm ki, biz ilin sonuna qədər bu yolla gedəcəyik. İndi proqnoz vermək çətindir, amma hesab edirəm ki, plandan əlavə təxminən 700-800 milyon manat vəsait gözlənilir”.
Göründüyü kimi, ilin ilk yarısında idxal göstəricisinin artmasının vurğuladığımız kimi, səbəblərindən biri respublikaya gətirilən məhsulların qeydiyyatındakı şəffaflıqla bağlıdır.
Turizmin inkişafı da idxalın həcminə öz təsirini göstərir. Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz artaraq 2540,9 min nəfər olub. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,4 faiz, Gürcüstana gedənlərin sayı 11,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 7,3 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,4 faiz artıb. Əlbəttə, xaricə səfər edən vətəndaşlarımız geri dönərkən, şübhəsiz ki, özləri ilə yeyinti, o cümlədən aqrar məhsullar da gətirirlər. Bu isə iqtisadçı Mürvət Həsənlinin sözlərilə desək, “insanların rifah halı yüksəldikcə, onların damaq dadlarının da çeşidlənməsi və və nəticədə mal mübadilələrinin reallaşdırılması ilə bağlıdır”.
Yeri gəlmişkən, aqrar sektorda inkişafın ifadəsi olan bəzi statistik göstəriciləri də diqqətə çatdırmaq istərdik. Bu ilin ötən 6 ayı ərzində kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artıb. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bitkiçilik məhsullarının həcmində 25,6 faiz (1,77 milyard manat), heyvandarlıq məhsullarının həcmində 2,9 faiz artım (1,9 milyard manat) qeydə alınıb. Aqrar sahənin Ümumi Daxili Məhsulda payı 5,6 faizə çatıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında kartof istehsalı 10,3 faiz, taxıl istehsalı (qarğıdalı da daxil olmaqla) 40,7 faiz, tərəvəz istehsalı 13,8 faiz, meyvə və giləmeyvə istehsalı 21,1 faiz, bostan məhsulları istehsalı 37,5 faiz artıb. Cari ilin 6 ayı ərzində ölkədə 335,7 min ton kartof, 2541,7 min ton taxıl (qarğıdalı da daxil olmaqla), 675,1 min ton tərəvəz, 125,2 min ton meyvə və giləmeyvə, 54,8 min ton bostan məhsulları istehsal olunub.
Bu ilin ilk yarısında ölkədə heyvandarlıq məhsullarının istehsalında da ciddi artım qeydə alınıb. Diri çəkidə ət istehsalı 3 faiz, süd istehsalı 2 faiz, yumurta istehsalı 4,5 faiz, yun istehsalı 0,8 faiz artıb. Yanvar-iyun aylarında ölkədə 252,5 ton diri çəkidə ət, 1037,2 ton süd, 926,9 milyon ədəd yumurta, 14,6 min ton yun istehsal olunub.
Cari ilin 6 ayı ərzində 411,8 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunub. Kənd təsərrüfatı məhsullarının ixrac həcmi ötən ilin müvafiq dövrünə nəzərən 27,9 faiz artıb. Yanvar-iyun aylarında ölkədən 181,3 milyon dollar dəyərində kartof və tərəvəz məhsulları, 137,2 milyon dollar dəyərində meyvə, 75,7 milyon dollar dəyərində pambıq lifi, 6,4 milyon dollar dəyərində tütün xammalı ixrac olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ölkədən meyvə ixracı 42,2 faiz artıb.

V.BAYRAMOV,
"Xalq qəzeti"

Mənbə: xalqqazeti.com