Azərbaycanda sahibkarlığın inkişafına və milli sahibkarlar təbəqəsinin formalaşmasına Ümummilli Lider Heydər Əliyevin islahatları əsaslı zəmin yaradıb.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Elmi Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Şükür Quliyev Ulu Öndərin 100 illiyi münasibətilə nazirliyin KİV nümayəndələri üçün keçirdiyi “Heydər Əliyev və iqtisadi islahatlar” mövzusunda seminarda bildirib.
O deyib ki, Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi iqtisadi siyasətin müxtəlif aspektləri, apardığı nəticəyönümlü islahatlar Azərbaycanın müstəqil dövlət kimi güclənməsində, qüdrətinin artmasında həlledici rol oynayıb: “Milli iqtisadiyyatın formalaşmasında, bazar iqtisadiyyatının ölkəmizdə bərqərar olmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. İqtisadi məsələlərin mahiyyətini dərindən dərk edən Ulu Öndər bu sahədə qabaqcıl dünya təcrübəsinin tətbiqinə böyük əhəmiyyət verib. Dahiyanə neft strategiyasının uğurla həyata keçirilməsindən əlavə, sənayenin müxtəlif sahələrinin, xüsusilə qabaqcıl texnika və texnologiyalar əsasında müxtəlif sahələrin inkişafı diqqət mərkəzində olub. Özəlləşdirməyə, torpaq islahatlarının həyata keçirilməsinə də Ümummilli Liderin islahatları əsaslı zəmin yaradıb”.
Nazirliyin əməkdaşı Fəridə Əhmədova isə qeyd edib ki, Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət Azərbaycanın gələcək inkişafını, iqtisadi qüdrətini təmin edib: “Hazırda ölkəmiz dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirib, Cənubi Qafqazın aparıcı dövlətinə, regionda gerçəkləşdirilən transmilli layihələrin təşəbbüskarına və fəal iştirakçısına çevrilib”.
Seminarda media nümayəndələrinin mövzu ilə bağlı sualları cavablandırılıb, həmçinin, Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilib.
Mənbə: report.az