Azərbaycan Körfəz ölkələrinə bal ixracı üçün danışıqlar aparır

Azərbaycan Körfəz ölkələrinə bal ixracı üçün danışıqlar aparır<span class="qirmizi"></span>

Azərbaycan balının Körfəz ölkələrinə ixracı üçün bir neçə şirkətlə danışıqlar aparılır.

Bunu “Report”a "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan balı əsasən ərəb ölkələrinə ixrac edilir, lakin bu sahədə böyük potensialın olduğunu nəzərə alaraq ixrac istiqamətləri genişləndirilməlidir.

B.Həsrətov hesab edir ki, Azərbaycanın qeyri-neft məhsullarının ixracında bal gələcəkdə mühüm yer tuta bilər:

"Bunun üçün yerli balın xarici ölkələrdə tanıdılması lazımdır. Bu istiqamətdə dövlət dəstəyi olmalıdır ki, arıçılar beynəlxalq sərgilərdə iştirak etsinlər”.

Assosiasiya sədri deyib ki, xaricdə bal əsasən həm premium, həm də adi bal olaraq satılır: "Adi bal əsasən plantasiyalardan əldə edilir. Təbiətdən əldə edilən bal isə daha bahalı və keyfiyyətlidir. Azərbaycan balı təbiətdən əldə edildiyi üçün premium kateqoriyasına daxildir. Ona görə də biz balı yüksək qiymətə satıb, ölkəyə valyuta gətirə bilərik”.

B.Həsrətov bildirib ki, bu il Azərbaycanda ötən illə müqayisədə daha çox bal istehsalı gözlənilir: "Aran bölgələrində bal süzümü artıq başlayıb. Hər arı ailəsindən 10-15 kq bal süzülüb. Lakin dağlıq bölgələrdə mövsüm üçün ilk bal süzümü 10-15 gün gecikir. Buna səbəb isə dağlıq ərazilərdə yağıntının miqdarının çox olması ilə bağlıdır. Biz iyunun əvvəllərində dağlıq ərazilərdə də bal süzümünü həyata keçirəcəyik. Ölkədə bu il bal istehsalının 7 min tondan çox olması gözlənilir. Yerli tələbat 6 min tondur, min tonu isə tamamilə ixraca yönəltmək mümkündür”.

O xatırladıb ki, 2022-ci ildə Azərbaycanda 7 445,9 ton bal istehsal olunub: “Bu, 2021-ci illə müqayisədə 9,45 % çoxdur. Ötən il bal istehsalı 32 933 təsərrüfatda mövcud olan 656,1 min arı ailəsinin hesabına olub”.

B.Həsrətov deyib ki, hazırda işğaldan azad olunan ərazilərə arı ailələrinin köçü davam edir: “Bu il ötən ilə nisbətən daha çox arı ailələrinin köçürülməsi planlaşdırılır. Ötən il 22 min arı ailəsi azad edilmiş ərazilərə köçürülüb. Bu il isə 40 min arı ailəsi nəzərdə tutulub. Qarabağda gələcəkdə 300 min arı ailəsinin yerləşdirilməsi planlaşdırılır. Bu, həmin bölgədən təqribən 4 000- 4 500 ton bal istehsalının əldə edilməsi deməkdir”.

Xatırladaq ki, 2022-ci il ərzində Azərbaycandan xarici ölkələrə 19 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 0,74 ton (+45 %) təbii bal ixrac edilib. Azərbaycan təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 16,24 min ABŞ dolları dəyərində (+4 dəfə) 0,62 ton (+3,9 dəfə), Qətərə 1,5 min ABŞ dolları dəyərində 0,06 ton, İraqa 0,44 min ABŞ dolları dəyərində 0,04 ton, Yaponiyaya 0,43 min ABŞ dolları dəyərində (+8,6 dəfə) 0,02 ton (+2 dəfə) və Belçikaya 0,02 min ABŞ dolları dəyərində 0,01 ton məhsul satıb.

Mənbə: report.az