Azərbaycanda utilizasiyaya veriləcək avtomobillərin sahiblərini tapmaq mümkün olacaqmı?

Azərbaycanda utilizasiyaya veriləcək avtomobillərin sahiblərini tapmaq mümkün olacaqmı?<span class="qirmizi"></span>

Bu gün Milli Məclisin plenar iclasında "İstehsalat və məişət tullantıları haqqında" Qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılaraq I oxunuşda qəbul olunub. Təklif olunan dəyişikliklərdən biri də Azərbaycanda sahibsiz hesab edilən avtomobillərin utilizasiyaya verilməsi ilə bağlıdır.

Bəs hansı avtomobillər sahibsiz hesab edilir? Utilizasiya neçə il sahibsiz qalan avtomobillərə tətbiq ediləcək? Sonradan avtomobillərin sahibi çıxarsa proses necə olacaq?

Mövzu ilə bağlı “Report”a nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, utilizasiya prosesi ilə bağlı qanunda yeniliklər nəzərdə tutulur: "İllərdir cərimə meydançalarında, məhəllələrdə, küçələrdə, yollarda atılıb qalan avtomobillər var ki, qanunda bununla bağlı müddəalar müəyyənləşdirilməlidir. Yəni konkret müddət nə vaxtdır və həmin müddətə uyğun olaraq hesablanma aparılmalıdır".

E. Muradlı hesab edir ki, istənilən avtomobilin sahibi mərkəzi informasiya sistemi vasitəsilə müəyyən oluna bilər: "Bunun üçün metodlar çoxdur. Avtomobilin BAN nömrəsi, şassi nömrəsi var. Eyni zamanda, dövlət qeydiyyat nişanı üzərindədirsə sahibini müəyyənləşdirmək mümkündür. Həmçinin cərimə meydançalarındakı avtomobillərin də qeydiyyatı aparılır. Yəni sahibsiz avtomobili utilizasiyaya aparmazdan əvvəl sahibini tapıb məlumat vermək olar".

Ekspertin sözlərinə görə, cərimə meydançalarında illərdir, bəlkə də 20 ildir atılmış maşınlar var ki, onların yığışdırılmasına çox ciddi ehtiyac var: "Elələri var ki, içərisində toyuq-cücə saxlanılır. Avtomobil qəzasında doğmalarını itirən bəzi vətəndaşlar maşına mənəvi bağlılıq hiss etmir. Avtomobilini yenidən istifadə etmək istəmir. Amma bu yanaşma düzgün deyil. Ya vətəndaş özü maşınını metaləritmə zavodlarına təhvil verib pulunu almalıdırvə, ya bu prosesi başqası həyata keçirsin deyə satmalıdır, yadakı avtomobildən imtina ilə bağlı polisə ərizə verməlidir”.

E. Muradlı qeyd edib ki, kənd yerlərində elə avtomobillər var ki, çürüyüb amma mərkəzi informasiya sistemində istismarda olunan maşın kimi göstərilir.

Qeyd edək ki, bu gün I oxunuşda qəbul olunan Gömrük Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınacaq.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsinə görə isə, utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası zamanı "Tullantılar haqqında" Qanunun tələblərinin pozulmasına və yaxud yerinə yetirilməməsinə görə vəzifəli şəxslər 300 manat, hüquqi şəxslər 600 manat cərimə ödəyəcək.

Mənbə: report.az