Sumqayıtda hansı ərazilərdəki səkilər təhlükə yaradır? (ARAŞDIRMA)

Sumqayıtda hansı ərazilərdəki səkilər təhlükə yaradır? (ARAŞDIRMA)<span class="qirmizi"></span>

Artıq qlobal güclərin kainatda yeni məskənlər axtarması, Mars planetində torpaq alıb yurd-yuva salması fərziyyələri fonunda Sumqayıtda hələ də normal səki və hamar yol problem olaraq qalmaqdadır. Şəhərin bəzi səkilərində nəinki əlilliyi olan şəxslərin, heç sağlam sakinlərin belə hərəkət etməsi üçün imkan yoxdur. Kələ-kötür, yarımçıq, zəbt olunmuş səkilərin nəticəsində insanlar avtomobil yolları ilə hərəkət etmək məcburiyyətində qalaraq öz həyatlarını təhlükəyə atırlar. Bu hal Sumqayıtda xüsusən Məzahir Abdullayev (47-ci məhəllə), Babək (yolun 10-cu mkr. hissəsində), Üzeyir Hacıbəyov (Dəmiryol vağzalından şəhərə gələndə) küçələrində müşahidə olunur.

Məsələ ilə bağlı Xeberle.com saytına memar- dizayner Aysel Hüseynova səki mövzusunun nəinki, Sumqayıt, hətta Bakı üzrə olan qlobal problemlərdən biri olduğunu deyir: "Standartlara əsasən bütün binaların sıfır xətti var, bu xətdən sonra piyada səkisi və daha sonra maşın yolu gəlir. Səkilər qurulan zaman tək sağlam insanlar deyil, eyni zamanda, əlillər də nəzərdə tutulmalıdır və səkidə pandus olmalıdır. İkinci məsələ isə, səkilərin hündürlüyüdür. Səkilər normalda 12-15 sm kimi götürə bilərik. Bizdə isə, hündürlük fərqləri var, bir tərəfdə 12 sm- dirsə, digər tərəfdə 30-35 sm -dək hündürlük qalxır. Bu isə, təbii olaraq yaşlılar və uşaqlar üçün böyük bir maneə deməkdir. Üçüncü məsələmiz isə, binaların sıfır xəttindən önə hər hansı pillələr salınır, ictimai iaşə obyektlərində sonradan süni şəkildə pillələr çıxarılır və ya açıq kafe kimi istifadə edilir. Ən əsas məsələmiz isə, sonradan salınmış səkinin tam mərkəzində yaşıllıq salınmasıdır. Ağacı görən piyada səkidən əsas yola düşür, yenidən səkiyə qalxmalı olur. Bu isə, öz növbəsində təhlükə deməkdir. Eyni zamanda, əlillər də nəzərə allnmalıdır. Pandus ya yoxdur, olanda isə, elə bucaq altında qoyulur ki, normal insan belə keçsə, yıxılar. Onda qaldı, əlil arabasında olan insanlar. Eyni zamanda elə küçələr var ki, səkilər davam edir, sonda hər hansı bir divara söykənir, ondan sonra səki olmur. Vətəndaş məcburdur düşüb əsas yolla piyada gedib yenidən səkiyə çıxsın. Bu kimi hallar əsasən qanunsuz tikililər, sonradan qarşıya çıxarılmış çıxıntılar zamanı yaranır. Belə qanunsuz tikililər sökülsə, digərləri də eyni şeyi təkrarlamağa cəhd etməz. Əslində bunlar həll oluna biləcək problemlərdir, lakin təəssüflər olsun ki, buna ciddi yanaşılmır. Bu məsələyə şəhərsalama və memarlıq işlərinə məsul olan qurumlar daha ciddi yanaşmalıdır. Şəhər qurulan zaman ən önəmli faktor insan faktoru olmalıdır. Bunu əsas götürərək şəhər hər təbəqədən olan insanlar nəzərə alınaraq memarlıq standartlarına uyğun qurulmalıdır”.

Sumqayıt şəhər İcra Hakimiyyətinin sözcüsü Eyvaz Qocayev isə səkilərlə əlaqəli olan problemlərin mərhələli şəkildə həll edildiyini bildirib. E.Qocayev həmçinin qeyd edib ki, Sumqayıt şəhərində yol infrastrukturunun inkişafı ilə bağlı tədbirlər planı var. Tədbirlər planına uyğun olaraq mərhələli şəkildə şəhərin bütün ərazilərində asfaltlanma işləri və səkilərin təmiri həyata keçirilir. Şəhər ərazisində piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə mövcud səkilər təmir olunur və yeni səkilər salınır. Ötən il Sumqayıt şəhər ərazisində Koroğlu və Sülh prospektlərində, Polad Həşimov, Nizami, Bakı, Nəriman Nərimanov, Babək, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə, Səməd Vurğun və digər ərazilərdə səkilər təmir olunub.

Bu il isə Koroğlu və Azərbaycan prospektində, Zülfü Hacıyev, Üzeyir Hacıbəyov, Ağa Quliyev, Niyazi, Bədəlbəyli, 20 yanvar, Zamin Hüseynov, Ərşad Kərimov, Kamran Hüseynov, Mehdi Hüseynzadə küçələrində, eləcə də bəzi mikrorayonların daxilində səkilərin təmir olunması nəzərdə tutulub.

 

Mənbə: xeberle.com