Azərbaycanda xırdabuynuzlu heyvanlarda tauna qarşı monitorinq keçiriləcək

Azərbaycanda xırdabuynuzlu heyvanlarda tauna qarşı monitorinq keçiriləcək<span class="qirmizi"></span>

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad statusunun alınması məqsədilə epizootoloji monitorinqlər keçirəcək.

Bu barədə "Report"a AQTA-dan xəbər verilib.

Bildirilib ki, 8-20 iyun tarixlərində keçiriləcək tədbir çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkənin təsadüfi seçim üsulu ilə təyin edilmiş 64 rayonuna aid 417 yaşayış məntəqəsində mövcud olan 1251 fərdi və ya fermer təsərrüfatlarında xəstəliyin mövcud epizootik statusu təyin ediləcək.

Monitorinqlər zamanı 6-12 aylıq xırdabuynuzlu heyvanlardan 5421 diaqnostik qan nümunələri götürüləcək, xəstəliyə həssas heyvanlar arasında klinik müşahidələr aparılacaq və epizootoloji məlumatlar toplanaraq müvafiq hesabatlar tərtib ediləcək. Götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında və regional sınaq laboratoriyalarında müayinələrə cəlb olunacaq.

Monitorinqlərdə Agentliyin regional bölmələrinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin mütəxəssisləri iştirak edəcəklər. Monitorinqlərin planlaşdırılması və dizaynı Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının beynəlxalq eksperti tərəfindən aparılıb. Epizootoloji monitorinqin nəticələri üzrə müvafiq ölkə hesabatı tərtib edilərək Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim ediləcək.

Mənbə: report.az