Son aylar İranın bir çox əyalətində yoxsulluq səbəbindən böyrəklərini satan vətəndaşların sayı kəskin artıb.
Axar.az xəbər verir ki, bu sözləri Kirmanşah Böyrək Xəstələrinə Dəstək Dərnəyinin sədri Hüseyn Beygləri deyib.
O, Kirmanşahda bir böyrəyin 200-250 milyon (4-5 min dollar) tümənə satıldığını, böyük şəhərlərdə isə qiymətin daha yüksək olduğunu bildirib.
Böyrəyini baha qiymətə satmaq istəyən 18-40 yaş arası İran vətəndaşları isə İraq, BƏƏ və Türkiyəyə üz tutur, 7-15 min dollar qarşılığında satırlar.
Məsələnin ictimailəşməsindən sonra İran rəsmiləri bunu bir sıra vətəndaşların asan qazanc istəyi kimi qələmə verib, onların avtomobil və lüks əşyalar almaq məqsədilə belə bir yola əl atdıqlarını iddia ediblər.
İranın “Cahani sənət” qəzeti isə məsələ ilə bağlı dərc etdiyi materialda böyrək və başqa insan əzalarının satışının yeni bir biznes növünə çevrildiyini, bunun sistemləşdiyini, yüzlərlə dəllal və mərkəzin insan əzalarının satışı ilə məşğul olduğunu yazıb.
Qeyd edək ki, bir müddət əvvəl İranda yoxsulluğa görə divarlara böyrək, qaraciyər, sümük iliyi, gözün buynuz qişasının satışı ilə bağlı yapışdırılan elanların kəskin artdığı bildirilmişdi.
Mənbə: axar.az