Fondun sədr müavini: “Azərbaycanda ipoteka kreditləri əhali üçün məqbuldur”

Fondun sədr müavini: “Azərbaycanda ipoteka kreditləri əhali üçün məqbuldur”

Azərbaycanda 2021-ci ildə verilmiş ipoteka kreditlərinin məbləği 356 milyon manat, 2022-ci ildə 421,5 milyon manat, 2023-cü ildə isə 459,4 milyon manat təşkil edib. Qeyd olunan dövr ərzində ayrılmış vəsaitlərdən vətəndaşlarımız tam istifadə edib ki, bu özü də ipoteka kreditlərinin əhali üçün məqbul olmasının göstəricisidir.

Bunu “Report”a müsahibəsində Fondun İdarə Heyətinin sədr müavini Ramil Tahirov bildirib.

“Son illərdə ipoteka kreditləşməsi sahəsində yaranmış sağlam rəqabət nəticəsində müvəkkil banklar əhaliyə daha aşağı faizlərlə ipoteka kreditləri təklif etməkdədir və bunun nəticəsində adi ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsinin 8 % olmasına baxmayaraq 2021-2023-cü illərdə orta illik faiz dərəcəsi 7,4 % təşkil edib. MDB, eləcə də iqtisadi konyuktura və inkişaf səviyyəsi baxımından Azərbaycana yaxın ölkələrlə ipoteka kreditləri üzrə faiz dərəcələri daha yüksəkdir. Belə ki, hazırda Rusiyada ipoteka kreditləri üzrə orta faiz dərəcələri 13 %, o cümlədən dövlət dəstəyi ilə 8 %, Qazaxıstanda 10,5 %, Türkiyədə isə 43 % təşkil edir”, - deyə o qeyd edib.

“Dünya təcrübəsində bir sıra hallarda iqtisadi konyukturanın dəyişməsindən yarana biləcək risklərin qarşılanması məqsədilə “üzən” faiz dərəcələri tətbiq edilir, faizlərin indeksləşdirilməsi aparılır. Son 15 il ərzində əhalinin nominal gəlirlərinin artmasına, daşınmaz əmlak bazarında qiymətlərin və cəlb olunan maliyyə resursları üzrə faiz dərəcələrinin dəyişməsinə baxmayaraq əhalinin sosial müdafiəsi baxımından ölkəmizdə ipoteka kreditləri üzrə “sabit” faiz dərəcələri tətbiq olunur, Belə ki, vətəndaş bütün ipoteka krediti dövründə yalnız sabit aylıq ödənişləri həyata keçirir”, - deyə R.Tahirov əlavə edib.

Mənbə: report.az