Azərbaycanda bu il hansı qida məhsulları bahalaşıb? - SİYAHI

Azərbaycanda bu il hansı qida məhsulları bahalaşıb? -

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 101 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 %, qeyri-qida məhsulları üzrə 101,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,5 % təşkil edib.

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə isə 100,2 %, ötən ilin eyni dövrünə nisbətən isə 100,4 % olub.

O cümlədən, martda qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi yanvarla müqayisədə 100,4 %, əvvəlki ilin eyni dövrünə nisbətən isə 98,9 % təşkil edib.

Ayrı-ayrı qida məhsullarından daha çox artım düyünün, kolbasanın, təzə və dondurulmuş balığın, kərə və zeytun yağının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, şabalıdın, kələmin, pomidorun, balqabağın, çuğundurun, sarımsağın, soğanın, kartofun, çayın, azalma isə əsasən unun, qarabaşaq yarmasının, toyuq ətinin, yumurtanın, süfrə marqarininin, qarğıdalı yağının, portağalın, bananın, yerkökünün qiymətlərində müşahidə olunub.

Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,0 %, ötən ilin eyni dövrünə nisbətən isə 101,1 % təşkil edib.

Martda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi yanvarla müqayisədə 100,1 %, ötən ilin eyni dövrünə nisbətən isə 102,2 % təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, respublikadaxili istirahət turlarının, mehmanxanalarda gecələmə xidmətlərinin, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mənbə: bizim.media