Beynəlxalq maliyyə institutlarının manat istiqrazlarına diqqəti artır

Beynəlxalq maliyyə institutlarının manat istiqrazlarına diqqəti artır

Bu gün MDB məkanında ən sabit valyutalardan biri qismində Azərbaycan manatının çıxış etməsi artıq beynəlxalq miqyasda qəbul edilən həqiqətdir. Son iki ilə nəzər saldıqda manatın doğrudan da digər MDB, eləcə də bir çox Asiya ölkələrinin milli valyutalarına nisbətdə sabit həddə qalması aydın müşahidə olunur. Belə vəziyyət beynəlxalq maliyyə qurumlarının da diqqətindən yayınmır. Elə bu səbəbdəndir ki, manatla istiqraz buraxılışına maraq da artmaqdadır.

Xatırladaq ki, artıq bu xüsusda müvafiq təcrübə də var. Azərbaycanın üzv olduğu beynəlxalq maliyyə institutları ilə uzunmüddətli sıx əməkdaşlığı nəticəsində onlardan biri ölkədə ilk dəfə milli valyutada istiqrazları emissiya edib. Söhbət Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 10 milyon manatlıq istiqraz emissiyasından gedir. Qiymətli kağızlar kütləvi təklif üsulu ilə "Bakı Fond Birjası" QSC-də yerləşdirilib.

Ötən ay həyata keçirilən bu proseslə bağlı hərracda rekord göstəricilər əldə edilib. Belə ki, bankın 10 milyon manat məbləğində kütləvi təklif üsulu ilə ticarətə buraxılmış istiqrazlarına 81 milyon manatlıq sifariş olub. Başqa sözlə, rəqabətli hərrac üsulu ilə yerləşdirilmiş istiqrazlara tələb təklifi 8 dəfə üstələyib. Yerli qiymətli kağızlar bazarında ilk dəfə beynəlxalq maliyyə institutunun milli valyutada emissiya etdiyi istiqrazlara investorlar tərəfindən rekord sayda - 63 sifariş təqdim olunub. Bu fonda manatla sözügedən qurum tərəfindən istiqraz buraxılışının davam etməsi gözlənilir. Tədavül müddəti 730 gün olan istiqrazlar üzrə ödəmə tarixi 31 iyul 2021-ci ildir. İllik faiz dərəcəsi 9,25% təşkil edir və faizlər rübdə bir dəfə ödənilir. Onu da bildirək ki, Qara Dəniz Ticarət və İnkişaf Bankının manatla yerləşdirdiyi istiqrazlar hesabına cəlb etdiyi vəsait “Turan Bank” ASC-yə verilib. Bankla adıçəkilən beynəlxalq maliyyə institutu arasında 8 illik uğurlu əməkdaşlıq var. Odur ki, milli valyutada cəlb edilmiş vəsaitin “Turan Bank” vasitəsilə sahibkarlığın inkişafına yönəldilməsinə qərar verilib. Ekspertlər hesab edir ki, manat istiqrazları ilə buraxılış beynəlxalq müstəvidə həyata keçirilən uzunmüddətli strategiya, əməkdaşlıq nəticəsində əldə olunmuş mühüm nailiyyətdir. Beynəlxalq maliyyə institutları tərəfindən yerli bazarda buraxılan istiqrazlar isə ölkədə sahibkarlığın inkişafına da mühüm dəstək sayılır.

Xatırladaq ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı Qara dəniz ətrafı ölkələrin regional inkişafı və əməkdaşlığına dəstək məqsədilə 1999-cu ildə yaradılıb. Azərbaycan da daxil olmaqla, 11 ölkənin üzv olduğu təşkilatın əsas fəaliyyət istiqaməti Qara dəniz regionu ölkələrində iqtisadi tərəqqinin və regional əməkdaşlığın inkişafı məqsədilə üzv ölkələrdə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi, ticarətin və digər layihələrin dəstəklənməsi, müxtəlif təminatların verilməsi, həmçinin dövlət və özəl təşkilatların kapitalında iştirakdır. Sözügedən təşkilat tərəfindən Azərbaycan qiymətli kağızlar bazarında 2019-cu və 2020-ci illərdə daha böyük məbləğlərdə istiqraz emissiyası və cəlb olunmuş vəsaitlərin ölkədə sahibkarlığın inkişafına yönəldilməsi nəzərdə tutulub. Amma real vəziyyət göstərir ki, manatla istiqraz məsələsi təkcə Qara Dəniz Ticarət və İnkişaf Bankının maraq dairəsində deyil. Artıq digər nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən yerli bazarda istiqraz buraxılışlarının həyata keçirilməsi nəzərdə tutulur.

Yayılan məlumatlardan belə bəlli olur ki, artıq Asiya İnkişaf Bankı Azərbaycan manatı ilə ilk istiqrazlarını 2020-ci ildə tədavülə buraxa bilər. Məsələ ilə bağlı “report”a məlumat verən mənbə bildirib ki, manat istiqrazlarının buraxılması borcalanların seçiminə görə yubanır. Belə ki, bu seçim zamanı başlıca meyarlardan biri beynəlxalq maliyyə hesabatları standartlarına uyğun həyata keçirilən auditor rəyinin mövcudluğu sayılır.

Gözlənir ki, Asiya İnkişaf Bankı mövcud tələblərə uyğun gələn məqbul sayda borcalanın seçilməsindən sonra 50 milyon manat məbləğində, borcalanlar az olsa, daha az məbləğdə istiqraz buraxmağı nəzərdə tuturdu. Həmin vəsaitin də məhdud sayda bankların və qeyri-bank kredit təşkilatlarının maliyyə dəstəyinə sərf olunacağı güman edilir. Mikromaliyyə təşkilatları da həmin vəsaitləri təkrar kredit vasitəsilə əldə edə biləcək. Qeyd edək ki, Asiya İnkişaf Bankı postsovet regionunda milli valyutalarda istiqraz buraxmaq təcrübəsinə malikdir. Belə ki, bu ilin yanvar ayında 80 milyon dollar məbləğində, dəyişkən faiz dərəcəsilə Qazaxıstan təngəsində beş və yeddi il müddətinə müvafiq olaraq üç və beş ildən sonra erkən qaytarmaq imkanının verildiyi istiqrazlar buraxılıb. Bununla yanaşı, 2016-cı ildə 225 milyon dollar məbləğində Filippin pesosunda istiqrazlar buraxmışdı. Həmin vəsaitlər, geotermal enerjisi də daxil olmaqla, bir sıra ekoloji layihələrə sərf olunmuşdu. Azərbaycanda isə, əslində Asiya İnkişaf Bankının istiqrazlarına tələbin böyük olması gözlənir. Ən azı o baxımdan ki, ortada Qara Dəniz Ticarət və İnkişaf Bankının təcrübəsi var. Yuxarıda qeyd olunduğu kimi, bu bankın rəqabətli hərrac üsulu ilə yerləşdirilmiş istiqrazlarına tələb təklifi 8 dəfə üstələyib. Eyni prosesin Asiya İnkişaf Bankının istiqrazlarında da qeydə alınması gözlənir. Elə bu durum da öz növbəsində manat istiqrazlarına tələbin bundan sonra yüksələcəyini deməyə əsas verir. Belə vəziyyət isə manatın valyuta olaraq artıq dünya miqyasında da nüfuzunun yüksəlməsinə şərait yaradır.

Tahir TAĞIYEV

Mənbə: www.baki-xeber.com