Alma bizə dəmir verirmi?

Alma bizə dəmir verirmi?

GMO tərkibli meyvə bağları məhv edilməlidir

Müasir dönəmdə çox maraqlı vəziyyət yaranıb: yediyimiz ət, yağ, pendir, alma, armud, pomidor, xiyar və digər qida məhsulları heç də illər əvvəl qəbul etdiyimiz qidaların analoqu deyil. Onlar daha gözəl görünüşə, daha yüksək dada və digər vizual keyfiyyətlərə malik olsalar da, "gəl məni gör, dərdimdən öl" məhsullarımızın qida zənginliyi sıfra bərabərdir.

Bir neçə gün əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhməzov bəyanatla çıxış etdi ki, ölkə əhalisinin bir qismi qidalarda vitamin və mineral çatışmazlığından əziyyət çəkir və bu problem bir sıra xəstəliklərin inkişaf etməsinə yol açır. Agentlik sədri onu da vurğuladı ki, bu problem tək bizdə deyil, bəs demə, dünya əhalisinin üçdə bir hissəsini əhatə edən mikronutriyent çatışmazlıqlarına dəmir, vitamin A və yod çatışmazlığı səbəb olur. Bunlardan ən geniş yayılanı isə dəmir çatışmazlığıdır. Azərbaycanda isə 5 yaşadək uşaqların 15 faizində dəmir çatışmazlığı var. Bu səbəbdən də 5 yaşadək uşaqların 24,2 faizində anemiya, yəni qanazlığı müşahidə olunur. Son araşdırmalara görə, qadınlar arasında bu göstəricilər daha yüksəkdir - qadınlar arasında dəmir çatışmazlığı 34,1 faiz, anemiya 38,2 faiz olub. Hamilə qadınlar arasında anemiyanın yayılması 40,4 faizə çatıb. AQTA rəhbəri əhali arasında geniş yayılan vitamin və mineralların çatışmazlığının aradan qaldırmasının ən səmərəli üsulu kimi, qida məhsullarının zənginləşdirilməsini təklif edir.

Mütəxəssislər bildirir ki, dəmir böyümə, nevroloji inkişaf, hüceyrələrin işləməsi və bəzi hormonların sintezi üçün vacib elementlərdən biridir. Qidada dəmir hem və qeyri-hem formasında olur. Bitki və dəmirlə zəngin olan qidalarda yalnız qeyri-hem (non-hem) dəmiri var. Ət, dəniz məhsulları və quş ətinin tərkibində həm hem, həm də qeyri-hem dəmiri olur. Qeyri-hem dəmirin əsas qaynaqları qaraciyər (ancaq hamiləlik zamanı istifadə edilməsi məsləhət deyil), ət, paxlalı bitkilər, qoz-fındıq, quru meyvələr, tam taxıllı məhsullar, alma, yumurta sarısı, kələm, qırmızı çuğundur, kök, sarımsaq, soğan, noxud, balıq və balıq məhsulları, səhər yeməyi üçün bərkidilmiş dənli bitkilər, soya unu, tünd-yaşıl yarpaqlı tərəvəzlərdir.

Göründüyü kimi, sıralanan ərzaq məhsullarının heç biri respublikamızda qıt deyil, hətta, elə məhsullar var ki, statistik göstəricilərə görə onların miqdarı ölkəda normadan 1,5 dəfə çox tədarük edilir. Məsələn, rəsmi statistikaya görə ölkəmizdə yerli tələbatı ödəyəcək qədər ərzaq buğdası istehsal edilir, tələbatın yarısı qədər isə xaricdən idxal olunur. Bəs onda, ölkə əhalisinin bu qədər böyük kəsiminin mineral və vitamin çatışmazlığına səbəb nədir?

Qoyulan suala aydınlıq gətirməzdən əvvəl onu qeyd edim ki, heç də AQTA sədrinin dediyi kimi, bütün dünya əhalisi sözügedən problemdən əziyyət çəkmir. Bu problem əsasən dünyanın inkişaf etməkdə olan, kasıb ölkələrində, o cümlədən də post-sovet məkanıda geniş yayılıb. Məsələn, Avropa ölkələrində, ABŞ, Kanada, Avstraliya, Yaponiya, hətta, Pribaltika dövlətlərində belə ciddi bir problem yoxdur.

Doğrudan da, respublikamızda mineral və vitaminlərlə zəngin olan qida məhsulları kifayət qədər istehsal edilir və ya idxal olunur. Lakin problemin səbəbi ondan ibarətdir ki, Azərbaycanda istehsal edilən və gətirilən məhsulların tərkibində ənənəvi mitneral və vitamindər çox azdır. Buna səbəb isə qida mənşəyi olan bitki və məhsulların qeyri orqanik üsullarla yetişdirilməsidir. Bu tendensiya hələ sovetlər dönəmində - ötən əsrin 70-si illərində bitkilərin selleksiyası və hibridləşdirilməsi ilə başlayıb. Hibridləşdirmə və selleksiyanın əsas hədəfi daha məhsuldar ərzaq buğdası sortları və daha gözəgəlimli - iri, ətli və dadlı meyvə-tərəvəz növləri yetişdirmək idi. Sovet selleksiyaçı alimləri yeni məhsuldar sortlar yetişdirərkən bitkinin tərkibinin dəyişməsinə - onların vitamin və mineral zənginliyinin azalmasına diqqət yetirmirdilər, çünki hədəf yuxarıda qeyd etdiyimiz kimi, başqa idi. Beləcə son 50 il ərzində hibridləşdirmə nəticəsində ərzaq buğdasının məhsuldarlığı 20 sentnerdən 60-70 sentnerə qaldırılsa da, onun tərkibindəki vitamin və mineralların xüsusi çəkisi kəskin azalıb. 50 il əvvəl bir hektardan yığılan 20 sentner ərzaq buğdanın tərkibindəki vitamin və mineralların heç yarısı indi istehsal edilən 60 sentner məhsulun tərkibində yoxdur. Meyvə-tərəvəz sahələrində isə vəziyyət daha acınacaqlıdır. Bazar üçün daha gözəgəlimli peyvənd meyvə-tərəvəz yetişdirilməsi prosesində müasir texnologiyaların - əsasən də gen mühəndisliyinin tətdiqi kütləvi surətdə geni dəyişdirilmiş (GMO) məhsulların istehsalına təkan verib. Hibridləşmə nəticəsində qida məhsullarının tərkibindəki vitamin və mineralların xüsusi çəkisi azalırdısa, GMO məhsullarda bu qəbildən olan komponetlər ümumiyyətlə yoxdur, bu məhsullar sadəcə aldadıcı görüntüdür, desək daha dəqiq ifadə etmiş olarıq.

Ət, toyuq və balıq istehsalında da eyni vəziyyət höküm sürməkdədir. Bakı şəhəri Xəzər dənizinin qoynunda yerləşsə də, bazarlarda dəniz balığı tapmaq müşkül məsələdir. Satılan balıqların böyük əksəriyyəti sənaye üsulu ilə yetişdirilən, tərkibində balıq ətinə xas olan vitamin və minerallar olmayan məhsullardır. Toyuq istehsalı haqqında da eyni fikri söyləmək olar. Yalnız yerli ət istehsalında hələlik GMO mənşəli yemlərdən az istifadə edilir, amma bu istiqamətdə də genişlənmə mühahidə olunur. Lakin ölkəyə idxal edilən ətin böyük əksəriyyəti GMO mənşəli yemlərlə yetişdirilən heyvan ətlərindən ibarətdir. Bəla burasındadır ki, xaricdən idxal edilən belə ucuz ət və ət məhsulları əsasən hərbi təyinata yönəldilir. Yəni vətəmizin müdafiəsində dayanan əsgərlərə tərkibində heç bir qida zənginliyi olmayan ət və ət məhsulları yedirdirik.

Problemdən çıxış yolu kimi əl atılmalı olan tədbirlərdə birini Qoşqar Təhməzov təklif edib - qidaların zənginləşdirilməsi. Tutaq ki, yüksək məhsuldarlıqlı ərzaq buğdasının tərkibini dəmir, yod və bu məhsula xas olan başqa vitaminlərlə zənginləşdirmək olar. Lakin bu uzun müddət üçün nəzərdə tutula bilməz. Qida məhsullarına yod əlavə edilməsi ucuz başa gəlsə də, dəmir və digər vitaminlərin əlavə edilməsi olduqca baha başa gəlir. Ona görə də düşünürük ki, Azərbaycanda son 50 ildə vüsət alan tendensiyanın istiqamətini dəyişmək lazımdır. Başqa sözlə desək, respublikada GMO tərkibli qidaların istehsalı və idxalı qadağan edilməli, bütün GMO tərkibli meyvə bağları məhv edilməlidir. Selleksiyaçı alimlərin qarşısında zəngin tərkibli, orqanik meyvə-tərəvəz və digər tarla bitkiləri sortlarının yetişdirilməsi hədəf kimi qoyulmalıdır. Əlbəttə, proses uzun müddəti, bəlkədə onillikləri əhatə edə bilər. Bununla belə, bu gün biz fəaliyyətimizin istiqamətini dəyişməli, əhalinin tərkibi zəngin qida mənbələri ilə təmin edilməsini bir problem kimi qarşıya qoyaraq çözüm yollarını tapmalıyıq.

Respublikanın bütün ərazilərində yaşayış məntəqələrinin yaxınlıqlarındakı dövlət fondu torpaqlarında çır (şulu), meyvə meşələri salınmalıdır ki, tərkibi vitamin və minerallarla zəngin olan meyvələr əhali üçün əlçatan olsun.

O ki qaldı qidalarımızın tərkibində vacib sayılan minerallarda olan yod çatışmağlığının aradan qaldırılmasına, mütəxəssislərin fikrincə, ölkə boyu bütün əhalinin içdiyi suyu yodlaşdırmaq lazımdır. Məsələn, hal-hazırda Avropa ölkələrində içməli su bütünlüklə yodlaşdırılıb. Qeyd edim ki, içməli suyun yodlaşdırılması ucuz başa gələn prosesdir, sadəcə əhali bu istiqamətdə maarifləndirilməlidir.

Akif Nəsirli

Mənbə: seherxeber.org