Professor Əlövsət Quliyev: Tullantılardan üzvi gübrələrin hazırlanması gündəmdədir

Professor Əlövsət Quliyev: Tullantılardan üzvi gübrələrin hazırlanması gündəmdədir

Bakı, 11 sentyabr, AZƏRTAC

Hazırda mineral gübrələrlə yanaşı, tullantılardan üzvi gübrələrin hazırlanması gündəmdədir. İnstitutumuz ayrı-ayrı bitki altında üzvi gübrələrin təsirinin öyrənilməsi üçün təcrübələr aparıb. Müəyyən edilib ki, respublikanın torpaq iqlim şəraiti, aparılan süni suvarmalar, günəş şüalarından alınan istilik nəticəsində hər il əkin sahəsinin hər hektarına azı 10-12 ton (imkan olduqda 20-30 ton) üzvi gübrə (peyindən hazırlanmış) verilməklə düzgün aqrotexniki tədbirlər əsasında ekoloji təmiz kənd təsərrüfatı məhsulları almaq olur. Bununla, torpaqların kimyəvi maddələrlə çirklənməsinin qarşısı alınır, torpaq strukturunun bərpası baş verir, torpaqda gilləşmənin qarşısı alınır, humus balansı sabitləşir, torpaq faydalı mikrocanlılarla zənginləşir, onların su-fiziki xassələri, quruluşu yaxşılaşır, bir sözlə, torpaqların deqradasiyaya uğramasının, ekologiyasının pozulmasının qarşısı alınır. Ancaq mineral gübrələr torpağın tərkibində kimyəvi maddələrin miqdarını artırır ki, bu da torpaqda bioloji prosesi pozur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev bildirib. Alimin sözlərinə görə, üzvi gübrələrin başlıca xüsusiyyəti odur ki, onun torpağa təsir müddəti 4-5 ildir. Üzvi gübrələrin torpağa təsiri birinci il minimum olsa da, 2-ci, 3-cü və 4-cü illər məhsuldarlığın artmasına maksimum təsir göstərir. Sonrakı illərdə onun torpağa təsiri tədricən azalır. Tədqiqatlar göstərir ki, respublikamızda mineral gübrə istehsalı üçün kifayət qədər xammal ehtiyatı var. Hər il atılan 1 milyon 400 min ton məişət tullantılarından, 720 min ton kənd təsərrüfatı bitkilərindən sahədə qalan kövşən, gövdə, kök qalıqlarından, 180 min ton yaşıllaşdırma zonaları və meşə ağaclarından tökülən yarpaq, çiçək, budanmış qalıqlardan, meyvə və tərəvəzin sənaye emalından hasil olan tullantılardan, 500 min ton göl və çayların təmizlənməsindən hasil olan lildən, 1 milyon 200 min ton şəhər kanalizasiyasının quru qalığından, 44 min ton mineral və müalicə sularının çöküntülərindən, 50 min ton yod, bor, sulfat turşusu istehsalı zavodlarının tullantılarından, 217 min ton üzüm və çay bitkiləri sahələrində quru və yaş budanmalardan toplanan qalıqlardan, 50 min ton ağac emalı müəssisələrinin tullantılarından, həmçinin köməkçi və şəxsi təsərrüfatlarda saxlanılan mal-qaradan hasil olan peyindən mineral gübrə istehsal etmək olar.

Ə.Quliyev qeyd edib ki, hazırda ölkəmizdə gübrə istehsalına xüsusi fikir verilməkdədir. Yaxın vaxtlarda Sumqayıt şəhərində istifadəyə verilmiş mineral gübrə zavodu buna əyani sübutdur. Deməli, ölkəmizdə gübrə istehsalı nə qədər sürətli həyata keçirilərsə, idxaldan asılılıq aradan qaldırılar, daha keyfiyyətli məhsul istehsalına nail olunar. Bununla yanaşı, alim üzvi gübrələrin üstünlüyünü də diqqətə çatdırıb.

İnstitutun direktoru deyib ki, respublikada torpaqların münbitliyinin bərpa olunması, ixracyönümlü keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədilə son illər AMEA-da kompleks tədqiqatlar aparılıb. Qabaqcıl texnologiyalarla üzvi qalıqlardan və məişət tullantılarından üzvi və mineral gübrə istehsalı, əkinçilikdə istifadəsi istiqamətində aparılan tədqiqatlar uğurla nəticələnib. Əldə olunmuş nəticələr onu deməyə əsas verir ki, yeni texnologiyalar əsasında istehsal edilən, yüksək effektivliyə malik gübrələrin geniş sənaye istehsalının təşkili mümkündür. Bu, kənd təsərrüfatının inkişafında çox önəmli məsələlərdən biridir.

Mənbə: azertag.az