TƏBİB və UNICEF-in birgə təşkilatçılığı ilə təlimlərə başlanıldı

TƏBİB və UNICEF-in birgə təşkilatçılığı ilə təlimlərə başlanıldı

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un və Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamının icrası istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq TƏBİB və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Ətraf mühitlə əlaqəli uşaq xəstəliklərinin diaqnostikası, qarşısının alınması və idarəedilməsi bacarığının təkmilləşdirilməsi" mövzusunda təlimin açılışı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli çıxışında uşaqların sağlamlığının qorunması istiqamətində tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin qeyd edib ki, dünyada baş verən qlobal iqlim dəyişikliyi və ətraf mühitin uşaqların sağlamlığına təsiri barədə tibb işçilərinin maarifləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Yeni Klinikanın direktoru Barat Yusubov bildirib ki, uşaqların sağlamlığı TƏBİB-in prioritet istiqamətlərindən biridir. Elə bu səbəbdəndir ki, tibb müəssisəsinin ən böyük şöbəsi məhz Pediatriya şöbəsidir. Digər şöbələrdən fərqli olaraq Pediatriya şöbəsi üç alt bölmədən ibarətdir.

UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova təlimin əhəmiyyəti və məqsədi barədə təlim iştirakçılarına məlumat verib. O qeyd edib ki, UNICEF ötən ildən başlayaraq Azərbaycanda uşaqların sağlamlığına ətraf mühitin təsiri məsələlərinin araşdırılması istiqamətində TƏBİB və Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edir. Təlimin məqsədi məhz bu sahədə tibb işçilərinin maarifləndirilməsi və onların fəaliyyət göstərdikləri tibb müəssisələrində sərbəst təlimlər keçə bilməsi üçün hazırlanmasıdır.

Təlimdə ətraf mühitin və ağır metalların, hava çirklənməsinin, iqlim dəyişikliyinin, tütünçəkmənin uşaq sağlamlığına təsiri, bu təsirlərin uşaqların sağlamlıq tarixçələrinə qeyd edilməsi və s. kimi müxtəlif mövzular üzrə modullardan 30-dan çox tibb işçisinin faydalanması nəzərdə tutulub.

Qeyd edək ki, təlim 5 gün davam edəcək və sonda iştirakçılar sertifikatla təltif olunacaq.











Mənbə: qafqazinfo.az