Mərkəzi Bank faizləri yenə endirəcək – SƏBƏB

Mərkəzi Bank faizləri yenə endirəcək –

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ilin mayın 2-dən faiz dərəcələrini növbəti dəfə endirib. AMB açıqlamasında faiz dərəcələrinin endirilməsinə əsas səbəb kimi inflyasiya səviyyəsinin minimuma enməsini göstərib.
Faizlərin endirilməsi AMB-nin sərt pul-kredit siyasətindən tədricən yumşaq pul-kredit siyasətinə keçidinin əlamətidir. Bir qayda olaraq ölkədə inflyasiya yüksələndə AMB faizləri artırır, inflyasiya sürəti azaldıqda isə faizləri endirir.
Xatırladaq ki, ölkəmizdə 2021-ci ildən inflyasiya səviyyəsi yüksəlməyə başladığında AMB buna paralel olaraq faizləri də artırıb. 2020-ci ildə uçot dərəcəsi 6,25 faiz olduğu halda 2023-cü ildə 9 faizə çatdırılıb. 2023-cü ilin son aylarında ölkəmizdə illik inflyasiya azaldığından AMB uçot dərəcəsini 8 faizə, bu ilin mayın 2-dən isə 7,25 faizə endirib.
Böyük ehtimalla AMB 2024-cü ildə uçot dərəcəsini bir qədər də endirəcək. Çünki son məlumata əsasən, illik inflyasiya 0,4 faizə düşüb, hətta ərzaq məhsullarında 1,6 faiz ucuzlaşma qeydə alınıb.
İnflyasiyanın xarici fonu da əlverişlidir. Qlobal əmtəə qiymətlərində hələ də aşağı doğru meyl müşahidə olunur. Belə vəziyyətdə AMB-nin uçot dərəcəsini hələ bir müddət azaldacağını proqnozlaşdırmaq mümkündür.
AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını iyunun 21-də verəcək və yəqin ki, həmin tarixdə də faiz dərəcəsi aşağı salınacaq.

Vasif

Mənbə: sfera.az