Rusiya açıqladı: neft erasının sonu başladı - Analiz

Rusiya açıqladı: neft erasının sonu başladı - Analiz

Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu qlobal miqyasda neftə tələbatın gələcəyi ilə bağlı analiz hazırlayıb.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev deyib. O bildirib ki, 2004-2017-ci illərdə dünyanın enerji istehlakında neftin payı 2.5 faiz azalaraq 34.2 faizə enib və bunun əvəzində bərpa olunan enerji növlərinin xüsusi çəkisi 0.7 faizdən 3.6 faizə yüksəlib:

“Amma daha diqqətçəkən məqam enerji növləri üzrə istehlakın artım templəri arasında müşahidə edilən kəskin fərqlərdir. 2004-2017-ci illərdə neft istehlakının həcmi hər il orta hesabla 0.5 faiz artdığı halda, bərpa olunan enerji üzrə bu artım 4 faiz ətrafında olub.

2004-2013-cü illərdə kömür istehlakının orta illik artım tempi 0.5 faizi ötsə də, 2013-2017-ci illərdə 0.3 faizə yaxın azalma müşahidə edilib. Proses ləng getsə də, qlobal enerji istehlakı gələcəyin yönünü çox aydın göstərir.

Məşhur ifadədə deyildiyi kimi, neft bitməyəcək, amma neft erası bitəcək.
Amma bu dəfə kömür və odun kimi bir təbiət məhsulunun yerini başqası (neft, qaz) tutmayacaq. Zəkanın məhsulları - külək, günəş, digər bərpa olunan enerji növləri əvəzediciyə çevrilir”.

Mənbə: axar.az