İpoteka ilə faizsiz, ucuz evlər... - Necə əldə etmək olar?

İpoteka ilə faizsiz, ucuz evlər... - Necə əldə etmək olar?

Bəzi şirkətlər tikilməkdə olan mənzilləri daxili kreditlə, daha dəqiq desək, daxili ipoteka ilə satışa çıxarır. Belə satış alıcılar üçün olduqca sərfəli hesab olunur, çünki bu zaman mənzilin dəyərindən artıq heç bir faiz dərəcəsi əlavə edilmir. Məsələn, Masazırda bir şirkət yenicə tikilməkdə olan binada bir, iki və üç otaqlı mənzilləri 15 faiz ilkin ödəniş etməklə, 48-60 ay ərzində faizsiz satışa çıxarıb. Amma bu hal kütləvi deyil, xüsusilə, mərkəzdə inşaat işləri aparan şirkətlər tikdikləri mənzilləri bank vasitəsilə satmağa daha çox üstünlük verirlər.

Lakin çox az sayıda MTK bu cür şərtlərlə mənzillər təklif edir. Əksər MTK-lar mənzillərini daha çox bank vasitəsi ilə satmağa üstünlük verir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda bankların illik faiz dərəcələrini nəzərə alsaq, daxili kredit olduqca sərfəlidir:

“MTK-ların bəziləri qısamüddətli kreditlə mənzillərin satışını həyata keçirir. Bu müddət daha çox 3 və 5 il çəkir. Şirkət bu vasitə ilə mənzillərini daha sürətlə satıb, növbəti binaların tikintisi üçün lazımi vəsait əldə etmək istəyir. Burada tikinti mərhələli formada getdiyinə görə, vətəndaşın pulu hissə-hissə ödəməsi sərf edir. Bu əslində kredit deyil, mənzilin dəyərinin hissə-hissə ödənilməsidir. Amma bu kredit bank vasitəsi ilə olduqda, bankdaxili kreditlərin illik faiz dərəcəsi 14 faizə qədər arta bilir. Bu da nəticə etibarı ilə, olduqca yüksək məbləğlər deməkdir. Adi ipoteka 7-8, güzəştli ipoteka isə 4 faiz olur”.

Ekspert düşünülənin əksinə, daxili kreditin həm alıcı, həm də şirkət üçün təhlükəsiz olduğunu diqqətə çatdırıb:

“Vətəndaş pulu tam ödəyib bitirməyənə qədər, şirkət ona maliyyə arayışı vermir. Maliyyə arayışı isə mənzilin dəyərinin tam ödənilməsi deməkdir. Bu arayış verilmədikdə vətəndaş həmin əmlakı öz adına keçirib özününküləşdirə bilməz. Çünki istənilən müqaviləli mənzillər tikilib hazır olduqdan sonra, onların çıxarışla təmin olunması üçün bir çox sənədlər tələb olunur ki, onlardan da biri maliyyə arayışıdır. Əvvəllər şirkətlərin müflis olması ilə əlaqədar, yarım qalmış binalar çox olurdu. Lakin indi tikintilərlə bağlı qaydalar tamamilə dəyişib. İndi tikinti şirkətlərinin özlərinin müəyyən büdcəsi olmalı və bank hesab hesablarında böyük məbləğdə vəsait olmalıdır”.

Mənbə: yenisabah.az