ASK: Hindistan Azərbaycanda yaradılan sənaye parklarına investisiya yatıra bilər

ASK: Hindistan Azərbaycanda yaradılan sənaye parklarına investisiya yatıra bilər

Hindistan tekstil, əczaçılıq sənayesi üzrə Azərbaycanda yaradılan sənaye parklarına investisiya qoya bilər və bununla da böyük bazarlara daha asan çıxış əldə etmiş olar.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “APA-Economics”ə verilən məlumata görə, bu barədə ASK-ın prezidenti Məmməd Musayevin Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna ilə görüşü zamanı bildirib.

“Azərbaycan coğrafi baxımdan strateji bir məkanda yerləşir və ölkəmizdə sənaye parkları yaradılıb. Hindistan tekstil, əczaçılıq sənayesi üzrə həmin sənaye parklarına investisiya qoya bilər və bununla da böyük bazarlara daha asan çıxış əldə etmiş olar”, - deyə M. Musayev bildirib.

M.Musayev Hindistana qarşıdakı səfəri ilə bağlı səfirə məlumat verərək, ASK rəhbəri kimi sahibkar təşkilatları ilə görüşmək, qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün münbit şəraitin və investisiya mühitinin olduğunu bildirdi.

Görüş zamanı B.Vanlalvavna bildirib ki, hindistanlı sahibkarlar Azərbaycandakı investisiya imkanlarını araşdırırlar və bununla bağlı səfirliyə müraciətlər mövcuddur. Bu sorğulara dolğun cavab vermək və sərməyə üçün sahələrin cəlbediciliyi barədə bəzi sualları daha ətraflı cavablandırmaq üçün ASK-nın dəstək verməsini xahiş edən səfir, əməkdaşlığı daha da artırmağı təklif edib. Onun sözlərinə görə, bu il noyabrın 6-8-də Hindistanın Sənaye Korporasiyası Azərbaycana səfər edəcək.

“Konkret işlər görmək üçün bu səfər səmərəli imkandır və nümayəndə heyətinin ASK ilə görüşməsini də istərdik”, - deyə səfir vurğulayıb.

Mənbə: apa.az