İsmayıllıda təməli qoyulan “Coca-Cola”nın ikinci zavodu gələn il işə salınacaq

İsmayıllıda təməli qoyulan “Coca-Cola”nın ikinci zavodu gələn il işə salınacaq

Bu gün "Azərbaycan Coca-Cola Bottlers” MMC-nin İsmayıllı rayonunda təməli qoyulan yeni istehsal müəssisəsinin 2025-ci ildə işə salınması gözlənilir.

“Report” xəbər verir ki, bunu “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru Rəna Məmmədova şirkətin yeni istehsal müəssisəsinin təməlqoyma mərasimində deyib.

Onun sözlərinə görə, İsmayıllıda yeni fəaliyyətə başlayacaq müəssisəyə sərmayə qoymaq qərarı ölkədə güclü iqtisadiyyata və əlverişli investisiya mühitinə olan möhkəm inamı bir daha təsdiq edir: “İnvestisiya planlarımızın həyata keçirilməsi prosesində Azərbaycan dövlətinin dəstəyini yüksək qiymətləndiririk. Əminəm ki, yeni müəssisənin fəaliyyətə başlaması yerli əhali üçün yeni iş yerləri yaradacaq, yerli təchizatçılara daha çox biznes imkanı verəcək, dövlət büdcəsinin vergi gəlirlərini artıracaq və yerli infrastrukturun güclənməsinə təkan verəcəkdir".

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonda turizm, kənd təsərrüfatı, istehsal və emal sənayesinin, digər sahələrin inkişafı üçün geniş imkanlar olduğunu qeyd edib. Burada istehsal müəssisələrinin fəaliyyət göstərməsi bölgə iqtisadiyyatının inkişafına münbit zəmin yaradır.

Tədbirdə qeyd olunub ki, yeni istehsal müəssisəsi rayonun sənaye potensialının reallaşdırılmasına, yerli istehsalın gücləndirilməsinə, yeni texnologiyaların regionlara transferinə, sosial rifahın yüksəldilməsinə töhfə verəcək. Vurğulanıb ki, davamlı islahatlarla investorlar üçün yaradılan əlverişli işgüzar mühit, güzəşt, imtiyaz və stimullar regionlarımızda müsbət iqtisadi dəyişiklikləri və nailiyyətləri təmin edir.

Mənbə: report.az