“Problemlər dərinləşəcək, kəskin bahalaşma olacaq" - Ekspert

“Problemlər dərinləşəcək, kəskin bahalaşma olacaq" - Ekspert

Xəbər verdiyimiz kimi, ölkədə unun qiyməti bahalaşıb. Aprel ayının 25-nə qədər 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Ötən ayın sonlarından isə bu qiymət 27 manat 35 qəpiyə qədər artıb.

Belə olan halda çörəyin qiyməti artacaqmı?

Məsələyə münasibət bildirən Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov deyib ki, unun qiymətindəki bahalaşma dünya iqtisadiyyatında baş verən proseslərlə bağlıdır.

Təəssüf ki, biz dünya iqtisadiyyatındakı proseslərdən xeyli dərəcədə asılıyıq. Belə olan halda baş verən artımlar ölkəyə də sirayət edir:

“Get-gedə dünya iqtisadiyyatındakı problemlər daha da dərinləşəcək. Bir tərəfdən maliyyə sektoru ilə real istehsal sektoru arasında problemlər, uyğunsuzluqlar daha da artır, digər tərəfdən isə ölkələr arasındakı iqtisadi və geosiyasi zidiyyətlər kritik dərəcədə böyüyür. Bütün bunlar da qiymət amilinə öz təsirini göstərir. Biz yaxın aylarda dünya bazarında qiymətlərin pul-kredit siyasətinin sərtləşməsi hesabına bir qədər sabit saxlanmasına baxmayaraq, kəskin bahalaşmanın şahidi olacağıq. Bu da qlobal və regional bazarlarda qiymət artımına səbəb olacaq. Əgər Azərbaycan idxaldan asılılığı azaltmasa, bu bahalaşma ölkə iqtisadiyyatına öz təsirini göstərəcək. Biz kəskin bahalaşmanın şahidi olacağıq. Bunun qarşısını almaq üçün dövlət yerli istehsala daha çox sərmayə yatırmalı, kənd təsərrüfatı sektorunun inkişafı maksimum şəkildə təmin edilməli və regional iqtisadi əməkdaşlıq çərçivəsində zəngin resurs bazasına malik olan qonşu ölkələrlə iqtisadi əməkdaşlıq dərinləşdirilməlidir. Bütün bunlara nail olsaq, qiymət artımı ölkənin istehlak bazarına kritik dərəcədə təsir etməz”.

Sevinc

Mənbə: www.bakupost.az