Azərbaycan universitetləri niyə beynəlxalq reytinqlərdə yer ala bilmirlər?

Azərbaycan universitetləri niyə beynəlxalq reytinqlərdə yer ala bilmirlər?

Ali təhsil sahəsində beynəlxalq analitik agentlik olan QS-nin (Quacquarelli Symonds) dünyanın 1 000-dən çox universitetinin yer aldığı sonuncu reytinq cədvəlində Azərbaycanın cəmi bir universiteti yer alıb. Ölkə üzrə ən yüksək nəticə ilə Bakı Dövlət Universiteti dünyanın ən yaxşı 951-1000 universitetinin arasına daxil ola bilib. 1001-1200 diapazonu üzrə reytinq cədvəlində isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) qərarlaşıb.

"Report" mövzunun aktuallığını nəzərə alaraq Azərbaycan universitetlərinin dünya reytinqlərində yer ala bilməməsinin səbəblərini, mövcud problemləri və çıxış yollarını araşdırıb.

Azərbaycan Texniki Universitetindən (AzTU) bildirilib ki, universitet son iki ildə beynəlxalq reytinqlərdə iştirak etmək üçün aktiv fəaliyyət göstərir:

"AzTU-nun mövcud metodologiya üzrə nominal göstəriciləri faktiki olaraq beynəlxalq reytinqlərdə, o cümlədən QS reytinqində bəlli mövqe tutmağa imkan verir. Hətta QS-də dünya reytinqinə daxil olmaq üçün nominal göstəricilərimiz normaldır. Sadəcə olaraq, AzTU bu prosesə iki il əvvəl başlayıb. Keçən il QS-nin Avropa universitetləri reytinqinə görə 500 ətrafında olan yerlərə daxil olmuşuq. Avropa reytinqi üzrə bu il ilk 500-lüyə düşsək, növbəti ildən artıq dünya universitetləri sırasına daxil olmağa ümid edirik".

Qeyd edilib ki, bu istiqamətdə metodologiyanı mənimsəmiş, hazırlıqlı komanda var.

"Bu komanda reytinqlərə düşmək üçün universitet məlumatlarının doğru təqdim olunmasına və formalaşdırılmasına öz töhfəsini verir. Bundan başqa, bizim il ərzində SCOPS-a daxil olan jurnallarda dərc olunan məqalələrimizin sayı kifayət qədər artıb", - universitetdən bildirilib.


Universitetdən reytinqlərdə irəliləməyə mane olan çətinliklər də qeyd edilib:

"Əcnəbi müəllimlərin universitetdə elmi, pedaqoji fəaliyyətə cəlb olunması, əcnəbi tələbə qəbulunun sayının artırılması istiqamətində işlər daha geniş formatda aparılmalıdır. Çünki bunlar da göstəricilərin yüksək olmasına təsir edən amillərdir. Artıq bu istiqamətdə fəaliyyətlərdə irəliləyiş var".

Bundan başqa, AzTU-da vurğulayıblar ki, Davamlı İnkişaf Məqsədlərinə (SDG) aid olan fəaliyyətlərin universitetdə həyata keçirilməsini təmin etmək üçün lazımi tədbirlər görülür:

"Hazırda davamlı inkişaf məqsədlərinə aid olan bütün məlumatlar saytda yerləşdirilib və bu istiqamətdə işlər davam edir. Bir sözlə, AzTU bu işlərə 2 il öncə başlasa da, artıq beynəlxalq reytinqlərdə lazım olan informasiyaların bərpa olunması üçün lazımi hazırlıq işlərini həyata keçirib. Hesab edirik ki, növbəti ildən QS-nin dünya universitetləri sıralamasında lazımi mövqe qazanacağıq".

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) məlumat verilib ki, ali təhsil müəssisəsi "Webometrics", "UniRank", "EduRank", "Academicinfluence" kimi beynəlxalq reytinq sistemlərində mövqe tutur:

"Cari ildən etibarən QS və THE (Times Higher Education) platformalarında da ADPU öz yerini alıb. Beynəlxalq reytinqlər, o cümlədən QS təhsil müəssisələrini müxtəlif istiqamətlərdə bir neçə meyar üzərindən dəyərləndirərək hər bir meyar üzrə müvafiq çəki (bal) təyin edir, həmin çəkiyə görə dünya universitetlərini sıralayır və ilk 1 500 universitetin reytinqini platformada yayımlayır. QS-nin istiqamətləri arasında "Subject", "Sustainability", "World University Ranking" və digər regionlar üzrə (Avropa, Asiya və s.) reytinqlər mövcuddur".

Məlumat verilib ki, ADPU-da hər bir istiqamətin tələbləri üzrə təkmilləşdirmə işləri aparılır.

"Dayanıqlı inkişaf və İnklüziv təhsil siyasəti, beynəlxalq indeksli nəşrlərin sayının artırılması yönündə akademik heyətin motivasiya edilməsi tədbirləri, beynəlxalq əlaqələrin gücləndirilməsi, mübadilə proqramlarının sayının artırılması kimi işləri nümunə olaraq göstərmək olar. Ümumi prosesin irəliləyişi gələcək illərdə ADPU-nun digər beynəlxalq reytinq sistemlərində (QS və THE) də ilk 1500-ə girəcəyinə işarə edir", - ali təhsil müəssisəsindən bildirilib.


Azərbaycan Dövlət Neft Sənaye Universitetindən (ADNSU) isə qeyd edilib ki, universitet beş kateqoriya üzrə dünyanın yüksək reytinqli universitetləri arasında yer alıb:

"Dünyanın ən nüfuzlü Beynəlxalq reytinq təşkilatlarından biri olan "Times Higher Education" (THE) "THE Impact 2024" reytinqi üzrə nəticələri elan edib. ADNSU iki istiqamət üzrə dünyanın ən reytinqli universitetləri arasında 601+ qrupunda yer tutub, digər iki istiqamət üzrə isə 801+ qrupunda qərarlaşıb".

Eyni zamanda qeyd olunub ki, ADNSU ilk dəfə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qiymətləndirilən "THE Impact 2024" reytinqinin nəticələri üzrə 1501+ sıralamasında dünyanın reytinqli universitetləri arasında yer alıb.

Bundan başqa, ADNSU 13-cü Dayanıqlı İnkişaf Məqsədi olan "İqlim Dəyişikliyinə Qarşı Mübarizə" üzrə və 4-cü Dayanıqlı İnkişaf Məqsədi olan "Keyfiyyətli Təhsil" üzrə də eyni uğurlu nəticəni əldə edib və dünyanın ən reytinqli universitetləri arasında 601-800 qrupunda yer tutduğu qeyd olunub.

"5-ci Dayanıqlı İnkişaf Məqsədi olan "Gender Bərabərliyi" üzrə və 7-ci Dayanıqlı İnkişaf Məqsədi olan "Sərfəli və Təmiz Enerji" üzrə ADNSU dünyanın ən reytinqli universitetləri arasında 801-1000 qrupunda dəyərləndirilib. Qeyd olunan uğurlardan əlavə, ADNSU 17-ci Dayanıqlı İnkişaf Məqsədi üzrə isə 1501+ sıralamasında qərarlaşıb", - ADNSU-dan bildirilib.

Universitetlərin beynəlxalq reytinqləri barədə ekspertlər də müxtəlif fikir və təkliflər irəli sürüblər.

Təhsil eksperti Kamran Əsədov deyib ki, son illər ərzində ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələri keyfiyyət artımı istiqamətində ciddi addımlar atırlar. Buna baxmayaraq, Azərbaycanın 51 ali təhsil müəssisəsinin çox az hissəsi beynəlxalq reytinq siyahılarında yer ala bilir:

"Dünya reytinq siyahısında universitetlərin bir neçə xüsusiyyətləri nəzərə alınır. Bura universitetin kampusunun, yataqxanasının, kitabxanasının və elmi bazasının olması daxildir. Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin əksəriyyətində sadalananlar yoxdur. Yataqxanası olan universitetlərin isə yataqxanaları ya yararsız vəziyyətdədir, ya da bütün tələbə kontingentini əhatə edə bilmir. Ona görə də bu xüsusiyyət üçün bal alma göstəricisi aşağıdır".


Ekspert vurğulayıb ki, digər səbəb universitetlərdə çalışan və sayı heç də az olmayan elmlər doktoru, elmlər namizədi və ya elmi ad alan şəxslərin tədqiqat apardıqları sahələrin, mövzuların dünya əhəmiyyətli olmamasıdır:

"Azərbaycanda elmi tədqiqat işlərinin çox hissəsi lokal xarakter daşıdığından dünyada əhəmiyyəti olmayan mövzular olur. Ona görə də bizim elmlə məşğul olan insanların xarici jurnallarda məqalələri çox az saydadır. Digər səbəb isə universitetə xarici tələbə axınının az olmasıdır".

Ekspert bildirib ki, ən etibarlı reytinq Böyük Britaniyanın "Times Higher Education" jurnalı və "Thomson Reuters" Agentliyinin hazırladığı reytinq hesab olunur:

"Bu agentlik reytinqin hazırlanması zamanı universitetlərdə təhsilin qiyməti, internetə çıxış imkanları, müasir avadanlıqlarla təchiz olunma səviyyəsi və sair meyarlar əsas götürülür. Təəssüflər olsun ki, əksər Azərbaycan universiteti bu reytinqdə də yoxdur".

K.Əsədov vurğulayıb ki, artıq dünya universitetləri özləri pul qazanır, böyük büdcəyə sahibdirlər, Azərbaycanda universitetlər isə bu tendensiyalardan kənarda qalır:

"Ona görə də ali təhsil pilləsində ciddi şəkildə islahatlar həyata keçirilməlidir, dünya təhlilindən xəbərdar olanlar idarəetməyə cəlb olunmalıdırlar. Qeyd etdiyim kimi, dünya universitetlərinin reytinqi tərtib olunarkən bir neçə meyar - akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payı nəzərə alınır. Hesab edirəm ki, universitetlər artıq dünya təhsilini bilən menecerlər tərəfindən idarə olunmalıdır".

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc hesab edir ki, Azərbaycan universitetlərinin reytinqlərdə yer almaması tələbə və müəllimlərin zəif olması və ya beynəlxalq məkana aid olmaması demək deyil:


"Lakin qəti tədbirlər görməliyik. Tədqiqatsız universitet ola bilməz. Elə etməliyik ki, bütün universitetlərin diqqəti bu tədqiqatın üzərində olsun. Onu aparmadan gələcək strategiyalar necə qəbul oluna bilər? Bundan başqa, büdcənin mühüm bir hissəsi bu tədqiqatlara yönəlməlidir".

Onun fikrincə, tədqiqatçılar ən yuxarı maaşı qazanmalıdırlar.

"Biz mərkəz olaraq elm sahəsində çalışan insanlar arasında sorğu aparmışıq. Onların mühüm bir hissəsi təhsillərini və elmi fəaliyyətlərini başqa bir ölkədə davam etdirəcəklərini söyləyir. "Beyin köçü" dediyimiz ifadə də buradan yaranır. Millətimizin gücünü, imkanlarını irəliyə daşımaq üçün bu yöndə sistemli addımlar atmalıyıq. Elə hesab edirəm ki, o zaman bizim tədqiqatçıların elmi əsərlərinə istinadlar da çoxalacaq. Sorğu edəndə görürük ki, cəmiyyətimizin özündə bizim milli, ali təhsil müəssisələrinə etibar, etimad yüksək deyil. Bax bu özü bir siqnaldır. Çalışmalıyıq ki, bu əmsalları dəyişək", - Z.Oruc deyib.

Milli Məclisin deputatı, elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov qeyd edib ki, universitet müəllimlərindən ibarət Elm və Təhsil Nazirliyinin rəhbər heyətinin iştirakı ilə yeni bir komissiyanın yaradılmasına ehtiyac var. Bu komissiya yol xəritəsi hazırlamalı və məsələnin həlli, çıxış yolu istiqamətində təkliflər irəli sürməlidir.


Deputat vurğulayıb ki, universitetlər alimlərinin yazıları, həmçinin məqalələrin yazılması istiqamətində müəyyən iş görsələr də, yetərli deyil:

"Biz daha çox elmi məqalənin beynəlxalq nəşri üçün çalışmalıyıq və real addımlar atmalıyıq. Universitet məzunlarının iş tapmaq məsələsi də bu gün ciddi bir problemdir. Ümumiyyətlə, universitetlərin məzunların sonrakı fəaliyyəti ilə bağlı konkret bir hədəfləri yoxdur. Tədqiqatyönlü fəaliyyətin zəif olması da bu prosesə ciddi formada təsir göstərir. Təhsilin məzmunu, keyfiyyəti məsələsi çox önəmlidir".

Deputat qeyd edib ki, bu gün Azərbaycanda əcnəbi tələbələrin sayı 7-8 mini keçmir, amma əvvəlki dövrdə onminlərlə əcnəbi gəlib Azərbaycanda təhsil alırdı:

"Xarici müəllimlərin, alimlərin də bizim universitetlərimizdə fəaliyyəti məsələsi önəmlidir. Tələbə mübadiləsi istiqamətində addımlar sürətləndirilməlidir".

Göründüyü kimi, Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə irəliləyə bilməməsinin əsas səbəblərindən biri tədqiqat işlərinin zəif olmasıdır. Eyni zamanda, ölkəyə xarici tələbə və müəllimlərin cəlb olunmasına, təhsil keyfiyyətinin artırılmasına ciddi ehtiyac var.

Mənbə: oxu.az