“TƏBİB-ə 11 mindən çox müraciət daxil olub”

“TƏBİB-ə 11 mindən çox müraciət daxil olub”

“2024-cü ilin 5 ayı ərzində TƏBİB-ə 11 819 müraciət daxil olub”.

Bu barədə TƏBİB-in Müraciətlərlə iş departamentinin rəhbəri İlham Hüseynov bildirib.

Onun sözlərinə görə, müraciətlərdən 6 690-ı ərizə, 5 110-u şikayət, 19-u isə təklifdən ibarət olub: “Digər qurumlardan nəzarət qaydasında daxil olan müraciət sayı 658, daxil olan təkrar müraciətlərin sayı 2 202 qeydə alınıb. Kollektiv daxil olan müraciətlərin sayı isə 189 olub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu il müraciət sayında 17,6 % artım qeydə alınıb. 2024-cü ilin 5 ayı ərzində TƏBİB-in inzibati binasında qəbulda iştirak edən vətəndaş sayı isə 1 843 nəfər təşkil edib”.

TƏBİB-in Çağrı xidməti şöbəsinin müdiri Firad Rəsulov isə bildirib ki, cari ilin yanvar-may ayları ərzində şöbənin əməkdaşları tərəfindən 56 623 zəng cavablandırılıb.

F.Rəsulovun sözlərinə görə, daxil olan müraciətlər işə qəbul qaydaları, arayışların verilməsi və digər məsələlərlə bağlı olub: “Vətəndaşların müraciətləri icbari tibbi sığortanın Xidmətlər Zərfi, müayinə və müalicənin təşkili, peyvəndlərlə bağlıdır. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb, onların həlli istiqamətində zəruri tapşırıqlar verilib. TƏBİB-in səlahiyyətlərinə aid olan məsələlərlə bağlı şöbə 7/24 fəaliyyət göstərir. Məqsədimiz vətəndaş məmnunluğunu təmin etmək və daxil olan hər bir müraciətə çevik, operativ reaksiya vermək və müraciətlərin həlli istiqamətləri üzrə dərhal tədbirlər görməkdir”.

Lamiyə Məmmədova

Mənbə: qafqazinfo.az