Tərtər: pambıq yığımı mütəşəkkil,yol çəkilişi sürətlə davam edir

Tərtər: pambıq yığımı mütəşəkkil,yol çəkilişi sürətlə davam edir

Tərtər rayonu pambıqçılıq üçün məhsuldar və əlverişli bölgələrdəndir. Vaxtılə tərtərlilər bir mövsümdə 40 min, hətta 43 min tondan çox “ağ qızıl” hasilə gətiriblər. Ötən il rayonda 3,3 min hektarda pambıq əkilib, hər hektardan 24,8 sentner olmaqla, ümumilikdə, 8,2 min ton məhsul toplanıb. Pambıqçılığın gəlirli sahə olduğunu görən fermerlərimiz bu il əkinləri daha da genişləndirərək, 3 min 427 hektar sahədə pambıq yetişdiriblər.

Hazırda tarlalarda yığım mütəşəkkil davam edir. Gündəlik toplanan məhsul “MKT İK” MMC-nin Tərtər filialına və “Azərpambıq” MMC-nin Tərtər pambıq tədarükü məntəqəsinə təhvil verilir. Indiyədək yetişdirilən bol məhsulun yarıdan çoxu toplanıb. Rayon rəhbərliyi yığım kompaniyasının yüksək səviyyədə aparılması üçün bütün zəruri tədbirləri gerçəkləşdirib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məhsul yığımı ilə bağlı vaxtaşırı yerlərdə olur, pambıqçılarla görüşür, onların ehtiyacları, ortaya çıxan çətinlikləri ilə maraqlanır, operativ kömək göstərilməsini təmin edir. Fermerlər kənd təsərrüfatının gəlirli sahəsi olan pambıqçılığın əvvəlki şöhrətinin geri qaytarılması üçün dövlətin bu sahəyə göstərdiyi Himayədən. Prezident ilham Əliyevin hərtərəfli diqqət və qayğısından razılıq edirlər.

Rayon rəhbəri bugünlərdə “MKT İK” MMC-nin Tərtər filialında olub, kollektivlə səmimi söhbət edib. Qeyd edilib ki, tarlalarda bu il məhsul boldur. Qarşıda isə bir məqsəd var: məhsulu vaxtında və itkisiz toplamaq.

Pambıqçılrla görüşdən qayıdan Müstəqim Məmmədov yolüstü rayonun 9 kəndini birləşdirən 33,5 kilometrlik Səhlabad-Əksipara-Qarağacı-Yuxarı Qaradağlı-Qapanlı- Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Hüsənli yolunun çəkilişi ilə də maraqlanıb. Bildirilib ki, artıq yolun Hüsənli kəndindən keçən hissəsində işlər başa çatıb. Yeni yolun çəkilişi əhalinin böyük sevincinə səbəb olub. Bu yol sakinlərin mənzil başına rahat çatmasına şərait yaradacaq, rayonda istehsal edilən məhsulların itkisiz və tez daşınmasını təmin edəcək.

 

R.TAHİR,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com