Türkiyədə “ev”lənən azərbaycanlılar: Problem yarada bilər

Türkiyədə “ev”lənən azərbaycanlılar: Problem yarada bilər

Türkiyədən ən çox mənzil alan xarici ölkə vətəndaşları açıqlanıb.

Yerli mətbuat xəbər verir ki, 2015-ci ilin yanvarından, 2019-cu ilin avqust ayına qədər olan dövr ərzində azərbaycanlılar Türkiyədə 4 min 328 mənzil alıblar. Birinci yeri 24 min 20 ədəd mənzil alışı ilə iraqlılar tutur. Səudiyyə Ərəbistanı vətəndaşları 12 min 11, küveytlilər 9 min 12, iranlılar 8 min 987, ruslar 8 min 579, əfqanlar 6 min 319, almanlar 5 min 273, ingilislər 4 min 721, ukraynalılar isə 2 min 654 mənzil alıblar.

Maraqlıdır, mənzil alqı-satqısında Türkiyəni bu qədər cəlbedici ölkə halına gətirən səbəblər nələrdir?

“MBA Konsaltiq və Qiymətləndirmə” şirkətinin rəhbəri Nüsrət İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, biznes, səhiyyə, turizm, təhsil baxımından Azərbaycanın Türkiyəyə bağlılığı artır:

“Müstəqilliyin ilk illəri ölkəmiz Rusiyaya bağlı idisə, amma zaman keçəndən sonra bu meyil Türkiyəyə yönəlib. Buna görə də, azərbaycanlılar Türkiyəni ikinci vətən hesab edirlər. Həm yaşamaq üçün, həm biznesi inkişaf etdirmək üçün həmyerlilərimiz Türkiyədə daşınmaz əmlak almaqda maraqlıdırlar. Hesab edirəm ki, mövcud göstərici 10 milyonluq əhali üçün azdır və bu tendensiya zamanla daha da artacağı gözləniləndir”.

Azərbaycanın daşınmaz əmlak bazarına xarici ölkə vətəndaşlarının maraq göstərməsinə gəlincə, ekspert qeyd edib ki, keçmiş Müstəqil Dövlətlər Birliyinin (MDB) bəzi ölkələrinin vətəndaşları Bakıda daşınmaz əmlak alırlar:

“Belə ki, ölkəmizdən Ukrayna, Rusiya, Gürcüstan vətəndaşları mənzil almağa üstünlük verirlər. Qeyri ölkələrdən olan vətəndaşlar - hansılar ki, ölkəmizdə uzunmüddətli işləri var, onlar da müəyyən maraq göstərirlər. Ancaq ölkəmizdə turizm məqsədi ilə mülk alanların sayı çox azdır. Tutaq ki, pakistanlı hər hansı bir iş adamı Azərbaycanda otel, hostel və yaxud villa alır, buraya gələn öz vətəndaşlarını orada yerləşdirir. Sayı məhdud olsa da, son 3-4 ildə bu cür satışlar var”.

Həmyerlilərimizin xarici ölkədə daşınmaz əmlak almasının yerli əmlak bazarına təsirlərinə gəlincə, Nüsrət İbrahimov deyib ki, il ərzində ölkədə 40 min ətrafında alqı-satqı olub:

“Təbii ki, xarici vətəndaşların daşınmaz əmlakda alqı-satqı payı ümumi həcmdə çox cüzidir. Ona görə də bu, qiymət təzyiqi yaratmır. Əgər gələcəkdə pay artarsa, təbii ki, qiymət təzyiqi də yaranar. Amma bu gün hələlik o gücdə, o həcmdə alqı-satqı yoxdur ki, qiymət təzyiqi yaratsın”.

Yeganə Oqtayqızı
Cebhe.info

 

 

Mənbə: cebhe.info