"Ölkəmizin dəmir yollarının inkişafı məqsədilə onun yenilənməsi prosesi sürətlə həyata keçirilir"- MÜSAHİBƏ

"Ölkəmizin dəmir yollarının inkişafı məqsədilə onun yenilənməsi prosesi sürətlə həyata keçirilir"- MÜSAHİBƏ

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin başlıca hədəfi Asiya ilə Avropa arasında, eyni zamanda Fars körfəzi ilə Rusiya və Avropa ölkələri arasında tranzit yük daşımalarının həcmini artırmaqdır. Bunu "Finans.az"a müsahibəsində ADY-nin Yük Daşımaları Departamentinin rəisi Emil Əhmədov deyib. Müsahibənin tam mətnini diqqətinizə çatdırırıq:

- Yük daşımaları Azərbaycan dəmir yolunun fəaliyyət istiqamətlərini özündə əks etdirən əsas sahədir. Məlumdur ki, dünyada baş verən proseslər dəmir yollarının işinə də öz təsirini göstərib və yeni yaradılan iqtisadi qurumlar yük daşımalarının miqyasında əsaslı dəyişikliklər yaradıb. Bu mürəkkəbliyinin içində Azərbaycan dəmir yolunun yükdaşıma istiqamətləri genişlənibmi?

- Qədim İpək yolunun keçdiyi Azərbaycanın ərazisi tarixən dövlətləri birləşdirən nəqliyyat dəhlizlərin kəsişdiyi bir məkan olub. Müasir dövrdə də iqtisadi-ticari yolların əhəmiyyəti öz vacibliyini qoruyub saxlayır. Qloballaşan dünyada ölkəmizin bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir. Təbii ki, dəmir yolunun inkişafı ölkənin həmin strateji rolunu möhkəmləndirən və artıran mühüm amillərdən biridir. Ölkələri və qitələri birləşdirən dəmiryolu nəqliyyatı sözün əsl mənasında qlobal xarakter daşıyır. Bu reallıqlar nəzərə alınmaqla Azərbaycanda dəmiryolu sisteminin inkişaf etdirilməsi son illərin prioritet məsələlərindən biridir. Dövlət Başçısının 2015-ci il 18 sentyabr tarixli Azərbaycan Dəmir Yollarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncamı əsasında Azərbaycan Dəmir Yollarının daha operativ və çevik fəaliyyət göstərməsi təmin edilmişdir. Bu mürəkkəb vəzifənin öhdəsindən gəlinməsi üçün "Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də əhəmiyyətli addımlar atılıb.

"ADY” QSC olaraq yükdaşımalar sahəsində məqsədimiz Xəzər dənizi, Qara dəniz, Avropa, İran körfəzi, Mərkəzi Asiya və Uzaq Şərq regionlarının bütün sənaye sahələri üçün geniş həcmdə dəmir yolu daşımaları həyata keçirmək və logistika sahəsində əlverişli şəraitin yaradılmasına nail olmaqdır. Şirkətin başlıca hədəfi dəmir yolu daşımaları sahəsində iqtisadi cəhətdən səmərəli və etibarlı logistika həll variantları təqdim etməklə, tarixi İpək yolunun dirçəlişini təmin edərək Asiya ilə Avropa arasında, eyni zamanda Fars körfəzi ilə Rusiya və Avropa ölkələri arasında tranzit yük daşımalarının həcmini artırmaqdır. Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, onların çoxşaxəli olması və marşrutlarda iştirakçı dövlətlərin sayının hər il artması, ADY-nin yükdaşıma coğrafiyasını genişləndirir. Artıq ADY-nin iştirakı ilə yüklər Uzaq Şərqi Asiya ölkələrindən Avropaya və əks istiqamətində, Hind Okeanı və Fars körfəzi sahili ölkələrindən Rusiyaya, Şimali Avropa ölkələrinə nəql edilir. Ancaq bununla bizim yükdaşıma istiqamətlərimiz bitmir. Bu yaxınlarda ADY ""Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası” Beynəlxalq Assosiasiyası”nın üzvü seçilib. Bununla da ADY, uzaq Sibirdən yükləri Türkiyəyə, Aralıq dənizi sahili ölkələri və digər istiqamətdə yüklərin nəqlinə başlanılacaq.

Bir sözlə, son dövrlərdə ADY tərəfindən ölkənin mühüm tranzit və logistika mərkəzinə çevilməsini təmin edəcək iri miqyaslı işlər həyata keçirilməkdədir.

Əlverişli coğrafi mövqe, dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi, həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməklə yükdaşıma istiqamətlərinin genişləndirilməsinə geniş imkan yaradır.

Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən dəhlizlərin fəaliyyətinin təkmilləşdirilməsi dəmir yolu nəqliyyatı üçün uzunmüddətli etibarlı bazarın formalaşmasında, ticarət əlaqələrinin genişləndirilməsində, yük daşımaları ilə bağlı infrastruktur sahələrinin inkişafında faydalı olacaq. Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə, həmçinin gələcəkdə bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artması ilə nəticələnəcək.

- Reallığa söykənsək, hazırda Şimaldan Cənuba, Şərqdən Qərbə yük daşımalarının miqyası xeyli artıb. Beynəlxalq nəqliyyat qurumlarında təmsil olunan Azərbaycan dəmir yolunun gələcəyinə böyük ümidlər yaradan hansı işlərdən danışmaq olar?

- Ölkəmizdə nəqliyyat sahəsində görülən işlər Azərbaycanın tranzit və logistika sahəsində gələcəkdə aparıcı ölkələrdən birinə çevrilməsinə şərait yaradır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dəstəyi ilə Azərbaycan dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunması istiqamətində müvafiq infrastrukturun yaradılması işinin icrası da həyata keçirilir. Artıq bir sıra iri nəqliyyat infrastruktur layihələri reallaşdırılıb və reallaşdırılır. 30 oktyabr 2017-ci il tarixində Bakı-Tbilisi-Qars dəmir yolu artıq istismara verilib. Bu dəmir yolu Avropa ilə Asiyanı birləşdirən ən qısa marşrut hesab edilir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskarı olduğu Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihə olmaqla, dövlətlərarası münasbətlərin və ticarətin inkişafı baxımından çox vacib layihə sayılır, təkcə daşımalar sistemində yox, eləcə də Avrasiya qitəsində sənaye və kənd təsərrüfatının, eləcə də gəmiçiliyin, dəmir yolu sənayesi və maşınqayırmanın yüksəlişi üçün, biznes və məşğulluq sahəsinə də xüsusi təsirə malikdir.

Bakı-Tbilisi-Qars xətti və yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı çoxsahəli tranzit-logistika qovşağı kimi fəaliyyət göstərərək Çin, Hindistan, İran, Rusiya və Mərkəzi Avrasiya regionu ilə Türkiyə və Qərb dövlətləri arasında ticarətin inkişafında və daha da sürətləndirilməsində böyük rol oynayır. Artıq layihəyə bir çox ölkələr maraq göstərir və bu yoldan istifadə edir. Hazırda bu yolla bir sıra yüklər Türkiyə və digər ölkələrə daşınmaqdadır. Bundan əlavə Şərq Qərb dəhlizini inkişaf etdirmək məqsədilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM) Beynəlxalq Assosiasiyasının "Hüquqi Şəxslər Birliyi” fəaliyyətə başlamışdır. "Azərbaycan Dəmir Yolları” QSC bu marşruta yük axınlarının cəlb edilməsi məqsədilə rəqabətqabiliyyətli vahid və çevik tarif siyasəti həyata keçirir. TMTM üzrə 2018-ci ildə 3, 2019-cu ilin 8 ayı ərzində isə 4 iclas Bakı şəhərində keçirilmişdir. Cari ilin 13-14 sentyabr tarixlərində Bakıda bu marşrut üzrə işçi qrupunun növbəti iclası keçirilmişdir.

Ölkə Başçısı Cənab İlham Əliyevin 2015-cı il 7 dekabr tarixli "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında sərəncamından sonra Azərbaycan və İran dəmir yolları xəttlərinin birləşdirilməsinə dair işlərə başlanılmışdır. Azərbaycan ərazisində 2016-cı il aprelin 20-də başlayan tikinti işləri qısa müddət ərzində başa çatdırılıb. Görülən işlər nəticəsində, artıq 09 fevral 2018-ci il tarixində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xətti istismara verilmişdir. 27 mart 2018-ci il tarixində Astara (İran) stansiyası ərazisində quru yük terminalının birinci fazası tamamlanmış və taxıl terminalının inşasına başlanılmışdır. Bundan əlavə, Azərbaycan-İran sərhədindən başlayaraq dəmir yolu xətti, konteyner meydançası və 1,8 km uzunluğunda terminaldaxili dəmir yolu xətti inşa edilmişdir. Tikinti işlərinin davam etdirilməsinə baxmayaraq artıq mövcud infrastruktur yüklərin nəql edilməsinə şərait yaradılıb. Qeyd edək ki, İran ərazisində tikilən yük terminalının operatorluğu, "ADY” QSC-nin törəmə şirkəti olan "ADY Express” MMC tərəfindən həyata keçirilir. Əlavə olaraq bildiririk ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi və yeni yük axınlarının cəlb edilməsi məqsədilə Azərbaycan, İran, Rusiya, Belorusiya dəmir yolları arasında müntəzəm görüşlər keçirilir və tariflərə yenidən baxılır.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yeni bir qolu kimi, Cənub-Qərb Nəqliyyat marşrutunun inkişafı üçün iştirakçı ölkələrlə, İran-Azərbaycan-Qara dəniz-Avropa və əks istiqamətdə yüklərin daşınmasının təhlükəsiz, sürətli və vahid qiymət siyasəti tətbiq edilməklə nəql edilməsi üçün davamlı iş aparılır. Cənub-Qərb Beynəlxalq Nəqliyyat Marşrutu 2017-ci ildən fəaliyyət göstərir. Marşrut İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsi ilə Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınmasına hesablanıb. Cənub-Qərb Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycan, İran, Gürcüstan, Ukrayna və Polşa dəmir yollarını birləşdirir. Dəhlizin rentabelliyinin və daşınan yüklərin həcminin artırılması istiqamətində meydana gələn məsələlərin həlli məqsədilə iştirakçı ölkələrdə mütəmadi olaraq Cənub-Qərb Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair Əlaqələndirmə Komitəsinin yığıncağı keçirilir. Görüşlərdə Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutunun inkişafı, tranzit potensialının artırılması və əlavə yüklərin cəlb edilməsi, həmçinin güzəştli tariflərin tətbiqi məsələsi diqqət mərkəzində olub.

2018-ci ilin may ayında "Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "ADY Konteyner” MMC tərəfindən Cənub-Qərb Beynəlxalq Nəqliyyat Marşrutu ilə test daşıma uğurla həyata keçirilib. Polşanın Slavkov stansiyasından yola salınan konteyner Astara (İran) stansiyasına çatdırılmış və əks istiqamətdə hərəkəti təşkil edilmişdir. Əlavə olaraq qeyd etmək istərdik ki, Hindistanın Mumbai limanından Slavkuvdan Avropa Birliyi ölkələrinə İran İslan Respublikası, Azərbaycan, Gürcüstan və Ukraynadan tranzit keçməklə konteyner daşımalarına güzəştli tariflər verilib.

Məlumat üçün bildirmək istərdik ki, İrana tətbiq edilən sanksiyalar səbəbindən yükdaşımaların həyata keçirilməsində müəyyən ləngimələr yaranıb.

Bu günlərdə Polşanın Krakov şəhərində keçirilən III Dəmir Yolu İqtisadi Forumu çərçivəsində keçirilən görüşlərdə Cənub-Qərb marşrutu ilə yükdaşımanın potensialının artırılması məsələsi yenidən gündəmdə olub.

Yuxarıda qeyd olunanları nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, yaxın gələcəkdə sözügedən dəhlizlər üzrə yüklərin daşınması ötən illərlə müqayisədə artacaqdır.

- Dəmir yolunun intensiv və operativ fəaliyyəti ilk növbədə, burada keyfiyyətli texniki bazanın yaradılmasından asılıdır. Son illərdə aparılan əsaslı islahatlar, yolun bütün sahələrini əhatə edən yeniləşmələr göstərir ki, Azərbaycan dəmir yolları hazırki durumu ilə daha böyük işlərə ünvan ola bilər. Beynəlxalq daşımaların artım imkanlarını necə görürsünüz?

- Müasir dövrdə dəmiryolu sistemində güclü mövqelərə sahib olmaq üçün "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən əsaslı islahatlar, genişmiqyaslı infrastruktur quruculuğu, lokomotiv və vaqon parkının yenilənməsi işləri ilə yanaşı innovativ texnologiyaların tətbiqi işləri də həyata keçirilir. Bir sözlə ölkəmizin dəmir yollarının inkişafı məqsədi ilə onun yenilənməsi prosesi sürətlə həyata keçirilir.

 

Burada, Bakı-Böyük Kəsik dəmir yolu xəttinin yenilənməsi, elektrik, rabitə sisteminin müasirləşdirilməsi, yeni yük vaqonlarının, lokomotivlərin alınması və terminalların tikintisini qeyd etmək olar. Bütün bunlar dəmiryol sisteminin çevikliyinin artırılması ilə yanaşı, həm Azərbaycanın tranzit potensialının həm də, iqtisadi və siyasi rolunun artırılmasına xidmət edir.

Eyni zamanda, yük qatarlarının effektiv dartı mexanizmlərinin tətbiqinə start verilib. Yük daşımaları üçün "Alstom” şirkəti tərəfindən lokomotivin idarə edilməsində və təhlükəsizliyində innovativ sistemlərlə təchiz edilmiş müasir 40 ədəd elektrovoz istehsal edilmişdir. Həmçin tərəfimizdən "General Elektrik” şirkətinin istehsalı olan 10 ədəd, müasir GPS təhlükəsizlik sistemli və yanacağın sərfiyyatına nəzarət sistemləri ilə təchiz edilmiş magistral teplovoz alınmışdır. Alınan müasir lokomotivlər xeyli enerjinin qənaət olunması ilə yanaşı, dartı gücünün artırılmasına xidmət edir. Eyni zamanda Alstom lokomotivləri, qatarların sürətinin və çəkisinin artırılması, hərəkət vaxtının azalmasına, təhlükəsizlik məsələlərin həlli, istismar xərclərinin azalmasına, təmir və xidmət, qatarların hərəkətlərinin təşkili və daşımaların idarəedilməsi proseslərinin optimallaşdırılmasına şərait yaradaraq göstərilən xidmətlərin sayının və keyfiyyətinin artırılması ilə nəticələnir. Yenilənmiş lokomotiv parkına texniki xidmətlərin həyata keçirilməsi üçün isə Biləcəri və Gəncə stansiyalarında müasir lokomotiv depolarının inşasına başlanmışdır. Həmin depolarda bir sıra ən müasir texnologiyalar əsasında işləyən avadanlıqlar quraşdıralacaqdır.

Azərbaycan dəmir yolları dünyada tətbiq edilən aparıcı elmi-texniki nailiyyətlərdən maksimal dərəcədə istifadə etməyə çalışır. ADY-nin İnnovasiya siyasətinin istiqamətlərindən biri enerji effektivliyinin artırılması və enerji qənaətinə hesablanıb. Bunun nəticəsində, təsərrüfat proseslərində enerjinin istifadəsinin azaldılması və eyni zamanda effektivliyinin artırılmasına nail olunub. Enerji effektivliyinin artırılması çərçivəsində ADY yeni müasir enerji təchizat sisteminin yaradılması layihəsini həyata keçirib.

Yükdaşımalar sahəsində onlayn sifarişlər sistemini yaratmağa müvəffəq olmuşuq. Bu sistem vasitəsilə yükdaşımaların optimallaşdırılmasını, sifarişçilərin rahatlığını, yük sahiblərinin vaxt itkisinin azaldılmasını təmin etmişik və qapıdan-qapıya servis yaratmışıq.

Beləliklə, bütün sahələrdə tətbiq etdiyimiz yeniliklərlə Azərbaycan dəmir yolları effektiv fəaliyyətini təmin edərək beynəlxalq daşımalarda, xüsusən də tranzit daşımalarda irəlləyişə nail olur.

- Cari ilin əvvəlindən Azərbaycan dəmir yolunda nə qədər yük daşınıb və bu daşımalarda tranzit yüklərin artımı hiss olunurmu? Ötən ilin müvafiq dövrü ilə müqayisədə, yük daşımalarında artım müşahidə olunurmu?

- Cari ilin əvvəlindən avqust ayının sonunadək Azərbaycan dəmir yollarında ümumilikdə 9,6 mln. ton yük daşınmışdır. 2019-cu ilin ilk 8 ayının göstəricisini 2018-ci ilin analoji dövrü ilə müqayisə etsək 4,9 faiz artım olduğunu müşahidə etmiş olarıq. Misal üçün qeyd etmək istərdik ki, 2019-cu ilin ilk 8 ayında ümumilikdə tranzit yüklərin həcmi 2018-ci ilin analoji dövrü ilə müqayisədə 17,2 faiz artmışdır. Tranzit yüklərində artım əsasən qeyri-neft məhsullarında hiss olunur.

"Azərbaycan Dəmir Yolları” QSC yük həcminin arıtırılması üçün müvafiq təşviqat və reklam işlərini uğurla həyata keçirir və zərurət yarandığı təqdirdə də güzəştli tariflər tətbiq edir.

www.ann.az

Mənbə: ann.az