“Əhali taksi azlığına görə maşın almalı olacaq”

“Əhali taksi azlığına görə maşın almalı olacaq”

Xeyli müddətdir ki, haqqında danışılan taksi fəaliyyəti ilə bağlı qaydalar iyul ayının 1-dən qüvvəyə mindi. Qaydaların yaradacağı gözlənilən effekt isə özünü elə bu gündən göstərməyə başladı.

Artıq bir müddət əvvəldən başlayaraq taksilərdə gedişhaqqı artıb. Həmçinin istifadəçilərin taksi tapmaqda çətinlik çəkdikləri də məlumdur.

Məsələnin digər tərəfi isə taksi fəaliyyəti ilə bağlı qaydaların avtomobil bazarına təsiridir. Söhbət ondan gedir ki, taksi fəaliyyətində istismar olunan avtomobillərin buraxılışla bağlı tələb ölkənin taksi parkının əhəmiyyətli şəkildə dəyişməsini nəzərdə tutur.

Təsadüfi deyil ki, taksi ilə bağlı qaydaların elan olunduğu vaxtdan etibarən bu sahədə istifadəyə yararlı olmayan avtomobillərin kəskin ucuzlaşacağı deyilir. Avtomobil satışı ilə məşğul olan şəxslər “Qafqazinfo”ya bildiriblər ki, taksiyə yararlı olmayan maşınların qiymətləri onların texniki vəziyyətindən asılı olaraq dəyişir. Bu baxımdan müəyyən avtomobillərin bazar dəyərindən aşağı qiymətə satışa çıxarılmasına səbəb onların taksiyə yararsızlığı yox, texniki vəziyyətinin yaxşı olmamasıdır. Hazırda ölkənin regionlarında belə avtomobillərə maraq daha böyükdür.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə hesab edir ki, taksi fəaliyyəti ilə bağlı qaydaların tətbiqinin avtomobil bazarına ciddi təsiri yoxdur. Onun sözlərinə görə, avtomobil bazarında taksi fəaliyyətinə yararsız avtomobillərin qiymətləri 5-10 faiz arasında enib: “Məsələ burasındadır ki, bu maşınlar taksi kimi dövriyyədən çıxarılırsa, insanlar fərdi qaydada həmin avtomobilləri alıb istifadə edəcəklər. Artıq iyul ayının 1-dən etibarən taksi ilə bağlı qadağalar qüvvəyə minib. Bu zaman bəllidir ki, taksi çatışmazlığı yaranacaq. Bu halda vətəndaşlar kütləvi halda üz tutacaqlar maşın bazarlarına və köhnə nəqliyyat vasitələrini almağa başlayacaqlar. Ona görə də burada bir balans yaranacaq. Əslində taksi sayını azaltmaqla Bakı şəhərində nəqliyyat vasitələrinin sıxlığını azalmaq əks-effekt də verə bilər. Belə ki, avtomobillərin sayının daha da artması mümkündür”.

Bununla belə, ölkəyə gətirilən minik avtomobillərinin sayında azalma var. Dövlət Gömrük Komitəsinin məlumatına görə, taksi ilə bağlı qaydaların elan olunduğu dövrdən sonra – 2024-cü ilin mart-may aylarında ölkəyə 19 931 ədəd minik avtomobili gətirilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz azdır. Ötən ilin mart-may aylarında ölkəyə 24 443 ədəd maşın idxal olunmuşdu.

Ümumilikdə isə ölkəyə minik avtomobil idxalında azalma 2024-cü ilin əvvəlindən başlayıb. Belə ki, yanvar-fevral aylarında ölkəyə 12 023 ədəd maşın gətirilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 7,2 faiz azdır. 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycana 12 951 ədəd avtomobil gətirilmişdi.

Lakin ölkəyə gətirilən minik avtomobillərinin qiymətində artım var. Belə ki, 2024-cü ilin yanvar-may aylarında idxal olunan bir minik avtomobilinin orta qiyməti 17 763 ABŞ dolları təşkil edib. 2023-cü ilin eyni dövründə bu göstərici 14 685 ABŞ dolları olmuşdu. Bu, ölkəyə gətirilən minik maşınlarının orta qiymətinin 21 faiz artması deməkdir.

Bahalaşma taksiyə yararlı olan avtomobillərin qiymətlərini də əhatə edir. Maşın ticarəti ilə məşğul olan şəxslərin sözlərinə görə, artım 2-3 min manat səviyyəsindədir. Ümumilikdə isə taksiyə yararlı avtomobillərin qiymətləri 20 min manatdan başlayır. Bu qiymətə buraxılış ili 2016-cı il olan taksi fəaliyyəti üçün tələblərə uyğun avtomobil almaq mümkündür.

Odur ki, iyul ayının 1-dən taksi fəaliyyəti ilə bağlı qaydaların qüvvəyə minməsi minik avtomobillərinin ucuzlaşacağı demək deyil. Üstəlik, bu tarixdən etibarən ölkədə yanacağın qiymətindəki artımın ekonom sinifdən olan avtomobillərə tələbatı artıracağı şübhəsizdir. Bu da qiymətlərin artmasını şərtləndirir.

Mənbə: qafqazinfo.az