Cocuq Mərcanlıda inkubator məntəqəsinin açılışı olub

Cocuq Mərcanlıda inkubator məntəqəsinin açılışı olub

Bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində quşçuluqla məşğul olan fermerlərin ehtiyaclarını qarşılayacaq inkubator məntəqəsinin açılışı olub.

ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, açılış mərasimində İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyasının direktor əvəzi Maykl Henninq iştirak ediblər.

Bildirilib ki, bu layihə USAID tərəfindən maliyyələşən və İqtisadiyyat nazirliyinin dəstəyi ilə həyata keçirilən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində tamamlanıb.

Yeni inkubator məntəqəsi əsas gəlir mənbəyi kimi quşçuluqla məşğul olan Cocuq Mərcanlı və qonşu üç kənddə 800-ə yaxın ailədə ev quşlarının sayının artmasına kömək edəcək. İnkubator temperaturu nəzarət olunan mühit təmin edərək uğurla yumurtadan çıxmış quş balalarının sayını artıracaq. Həmin ailələr cücələri artıq başqa məntəqələrdən almalı olmayacaqlar və bununla da vaxt və pula qənaət edərək gəlirlərini artıracaqlar.

Cocuq Mərcanlı sakinləri ilk icma layihəsini – yem emalı və toxum təmizləmə məntəqəsini – USAID və İqtisadiyyat nazirliyinin dəstəyi ilə 2017-ci ildə həyata keçiriblər. Həmin məntəqə Cocuq Mərcanlı və ətraf kəndlərin sakinlərinə özlərinin maq-qarası və ev quşları üçün yem hazırlamağa imkan yaradıb.

Maykl Henninq açılış mərasimində bildirib ki, bu USAID layihələri Amerika xalqı tərəfindən maliyyələşir: “Bunlar Cocuq Mərcanlı sakinləri, Azərbaycan xalqı və Amerika xalqı arasında tərəfdaşlıq və dostluq rəmzidir. Biz sizin tərəfdaşınız və dostunuzuq”.

Qeyd olunub ki, USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsi Şərq-Qərb İdarəçilik İnstitutu tərəfindən İqtisadiyyat nazirliyi ilə əməkdaşlıq şəklində icra edilir. 2011-ci ildən SEDA icmaları 160-dan çox layihə icra ediblər ki, bunların sırasında yerli iqtisadiyyati dəstəkləyən, tibb məntəqələri, yollar, su və suvarma sistemləri, habelə yerli məktəb təmiri layihələri var. Bu layihələrdən 120-dən çox icmada 300 000 insan faydalana bilir.

Mənbə: apa.az